Ulu öndərin ömür yolu akademik nəşrdə

post-img

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynovun “İkinci olmayacaq” adlı kitabı “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb.

Müəllifin Ulu öndər Heydər Əliyevin gerçəkləşən arzusuna – Qarabağ savaşında Azərbaycanın Zəfərinə ithaf etdiyi bu kitabda ölkəmizin hakimiyyət tarixinin ən müstəsna şəxsiyyətlərindən olan Heydər Əliyevin uşaqlıq illərindən sovet zamanında Azərbaycan Respublikasına rəhbərlik etdiyi dövrün sonuna qədərki həyat və fəaliyyəti əks olunur. Kitabda bildirilir ki, Ulu öndər Heydər Əliyev ilk gənclik illərindən başlayaraq 80 illik ömrünün sonunadək 60 ilə yaxın müddətdə dövlət qulluğunda olub. Azərbaycan Respublikasını həm sovet dönəmində 14 il, həm də müstəqillik illərində 10 il idarə etmiş, 5 il isə sovet dövlətinin rəhbərlərindən biri olmuş  Heydər Əliyev öz xalqının və yurdunun tarixində silinməz izlər qoymuşdur. 

O, XX yüzilin 90-cı illərində Azərbaycanın Sovet İttifaqının tərkibində 70 illik mövcudluğundan sonra yenidən qazanılmış dövlət müstəqilliyinin qorunub-saxlanması, möhkəmləndirilməsi və inkişafındakı misilsiz əməklərinə, müasir milli dövlətin qurucusu olmasına görə sevgi ilə xalqın Ümummilli lideri adlandırılmış, yaddaşlarda əbədilik yaşamaq haqqı qazanmışdır. Əsərdə Heydər Əliyevlə birgə işləmiş, onunla təmasda olmuş insanların xatirələri ilə yanaşı, zəngin arxiv materialları və tarixi sənədlərdən istifadə edilmişdir. 

Kitabda Azərbaycan əksər dövlət arxivlərinin, elm qurumlarının və muzeylərinin fond materialları əsasında Heydər Əlievin ömür yolu və fəaliyyətinin ayrı-ayrı məqamları geniş şəkildə təsvir edilir. Eyni zamanda, kitabda bir çoxu ilk dəfə işıq üzü görən nadir fotoşəkillər də yer alıb.

Qabil YUSİFOĞLU 
XQ

 

Sosial həyat