Rusiya XİN: Kommunikasiyaların açılması sülhə təkan verəcək

post-img

“Kommunikasiyaların açılması, o cümlədən, Azərbaycan və Ermənistan arasında sülh sazişinin hazırlanması, sərhədlərin delimitasiyası, eləcə də, ictimai xadimlər və parlamentarilər arasında dialoqun başlanması ilə bağlıdır”.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “trend”ə açıqlamasında deyib. O, Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılmasını Azərbaycan – Ermənistan münasibətlərinin normallaşması istiqamətində əsas element olduğunu diqqətə çatdırıb. XİN rəsmisi onu da bildirib ki, bölgədə nəqliyyat kommunikasiyalarının açılması 2020-2022-ci
illərdə yüksək səviyyədə üçtərəfli razılaşmalar kompleksi əsasında qurulan ikitərəfli münasibətlərin normallaşmasına xidmət edəcək: “Bu məsələ ilə məşğul olmaq Rusiya, Azərbaycan və Ermənistanın baş nazir müavinlərinin həmsədrliyi altında fəaliyyət göstərən Üçtərəfli İşçi Qrupa (ÜİQ) həvalə edilib. Bu günədək ÜİQ-nin 12 iclası keçirilib (sonuncu 2023-cü il iyunun 2-də baş tutub – red.). Həmin görüşdə  perspektiv dəmir yolu və avtomobil marşrutları paketi hərtərəfli nəzərdən keçirilib”.

M.Zaxarova ÜİQ-nin 12-ci iclasının yekunlarına əsasən, Azərbaycanla Ermənistan arasında nəqliyyat kommunikasiyalarının açılmasının modallıqlarının razılaşdırılmasında hissediləcək irəliləyişin qeydə alındığını xatırladıb.

“Arazdəyən–Culfa–Mehri–Horadiz marşrutu üzrə dəmir yolu əlaqəsinin bərpası və təşkili üzrə konkret addımların atılmasına dair ümumi razılıq əldə olunub. Hökumətlərarası üçtərəfli fəaliyyətimizdə qarşılıqlı anlaşma və hər iki ölkənin suverenliyinə və daxili qanunvericiliyinə hörmət prinsiplərinə riayət etməyi əsas götürürük”, – deyə Mariya Zaxarova əlavə edib.

M.Zaxarova iki ölkə arasında kommunikasiyaların açılması yolunda uğurun üçtərəfli fəaliyyətin digər istiqamətlərinə də əlavə təkan verəcəyini bildirib. 

Oxuculara xatırladaq ki, Azərbaycanın təklif etdiyi Zəngəzur dəhlizi layihəsi Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında Ermənistan ərazisi vasitəsilə nəqliyyat əlaqəsinin yaradılmasını nəzərdə tutur. Həmin layihə Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatda öz əksini tapmış qarşılıqlı razılaşmalar nəticəsində ərsəyə gəlib. Müvafiq razılaşma bəyanatın axırıncı – 9-cu bəndində qeyd olunub. Bəyanatın həmin bəndi Ermənistanın hər iki istiqamətdə insanların, nəqliyyat vasitələrinin və malların sərbəst hərəkətini asanlaşdırmaqla Naxçıvanla nəqliyyat əlaqəsinin təhlükəsizliyinin təmin olunmasına sadiqliyini nəzərdə tutur.

Rusiya XİN-in rəsmisi bu marşrutun (Zəngəzur dəhlizi nəzərdə tutulur – red.) böyük potensiala malik olmaqla yanaşı, “Bir kəmər, bir yol” layihəsinin davamı, eləcə də, Şimal–Cənub dəhlizinin bir hissəsi ola biləcəyini bildirib. 

 

İ.HƏSƏNQALA 
XQ

 

Siyasət