Hələlik “5+?” mərhələsində olan bloka qoşulmağa tərəddüd edən Ermənistandır
Regional əməkdaşlıq üçün ən optimal variant sayılan “3+3” platforması öz aktuallığını qoruyub saxlayır. Bögədə qonşu dövlətlərin birgə əməkdaşlığını nəzərdə tutan bu format (Türkiyə, İran, Rusiya, Azərbaycan, Gürcüstan, Ermənistan) barədə müsbət fikirlərini Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iki dəfə səsləndirib. Azərbaycan Prezidenti İlham Əliyev də “Qafqaz evi” ideyasını irəli sürüb. Bir-birini tamamlayan bu iki layihə Cənubi Qafqaz bölgəsində gərginliyin azaldılması, sülhün və sabitliyin bərqərar olması və əməkdaşlığın inkişafı nöqteyi-nəzərindən bütün tərəflərə səmərəli perspektiv vəd edir.
Amma çox təssüf ki, bu bloka dəvət edilən iki aktor – Gürcüstan və Ermənistan Tbilisinin göstərdiyi səbəb bu idi ki, Gürcüstanın Rusiya ilə diplomatik münasibətləri yoxdur. Buna görə onun Moskva ilə eyni platformada iştirakı çətin görünür. Amma son vaxtlar Gürcüstan hökumətinin mövqeyində yumşalma hiss edilməkdədir. Burada Ankaranın Tbilisini dialoqa inandıra biləcəyinə ümidlər daha çoxdur. Prezident İlham Əliyev bu yaxınlarda Gürcüstana səfərində bu ölkənin Ermənistan–Azərbaycan sülh dialoqunda vasitəçi olması, hətta Gürcüstan Baş nazirinin sülh danışıqlarının Tbilisidə aparılması təklifini dəstəklədiyini açıqlayıb. İki qonşunun üçüncü qonşunun evində əyləşib məsələləri öz aralarında çözə bilməsi daha real deyilmi? Bu suala rəsmi İrəvanın nə cavab verəcəyi maraqlıdır.
İrəvanın həm “Qafqaz evi” ideyasına, həm də Tbilisinin vasitəçilik təklifinə münasibəti tam aydın deyil.
* * *
Bu formatın pozitivliyi həm də ondadır ki, ətraf dövlətlərin də maraqları nəzərə alınır. Bölgədə sülh, əmin-amanlıq hökm sürür, regional layihələrə start verilir. Əgər yaxın aylarda Ermənistan və Azərbaycan arasında sülh sazişi imzalansa, həm “3+3”, həm də “Qafqaz evi”nin formalaşması və fəaliyyəti sürətlənə bilər.
Müstəqilliyi işğalçılıq siyasəti ilə yaşıd olan Ermənistan üç on ildən çoxdur ki, regionda gerçəkləşdirilən nəhəng layihələrində iştirakdan və deməli, qazancdan məhrum olub. Gəlirdən məhrum olması bir yana, özünütəcrid siyasəti Hayastanı dalana dirənmiş vəziyyətə salıb.
44 günlük Vətən müharibəsindən dərhal sonra Azərbaycanın Naxçıvana dəhliz vermək, eləcə də bütün kommunikasiyaların qarşılıqlı açılması ilə bağlı təkliflərini ən müxtəlif bəhanələrlə qulaqardına vuran İrəvan hələ də “fikirləşir”. Bakının isə gözləməyə vaxtı yoxdur və o, Mehriyə qədər yolun öz ərazisindən keçən hissəsinin inşasını sürətlə davam etdirir.
Paşinyanın Zəngəzurla bağlı tərəddüdlərinin aradan qalxmasına imkan verməyən, onu həm də Moskvaya qarşı qızışdıran Fransa başda olmaqla Qərbin Cənubi Qafqazda öz maraqlarını güdən güclərin bu dəhlizin Türkdilli dövlətləri birləşdirəcək “Turan yolu”na çevrilməsindən əndişəsi də var.
Rəsmi İrəvan faktiki olaraq məhz xaricdən təzyiqləri səngiməyən lobbi və diaspor təşkilatlarının, eləcə də üzdə “ermənipərəst”, astarında isə “mənsəbpərəst” güclərin diktəsi ilə hərəkət etməyə məcburdur. Amma Nikol Paşinyan, yəqin ki, bölgədə geosiyasi durumun, qüvvələr nisbətinin, həmçinin onların konfiqurasiyanın dəyişdiyinin fərqindədir. O, indiki məqamda çox gözəl anlayır ki, əgər Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirən yol İran ərazisindən keçərsə, bu halda Ermənistan daha bir transmilli layihədən, eyni zamanda, böyük gəlirdən məhrum olacaq. Bunun nəticəsində isə Hayastanın ətraf aləmə çıxışı qarşıdakı onillər boyu ilin sadəcə iki ayında keçiləsi mümkün sayılan Lars marşrutunun ümidinə qalacaq. Özünü “Qafqaz evi”ndə görmək istəməyən İrəvan üçün yaranacaq vəziyyətin ən acınacaqlı tərəfi Zəngəzur dəhlizinə razılığını verməməklə Ankaranın da sərhədi hayların üzünə açmasını əngəlləyəcək. Beləliklə, Ermənistanın ətraf aləmə Türkiyə vasitəsilə çıxış imkanı da qapanacaq.
* * *
Əgər belə davam edərsə, itirən yenə Ermənistan olacaq. Hiss olunur ki, Nikol Paşinyan dəhliz məsələsində zamanın Ermənistanın əleyhinə işlədiyini anlayır. Burada gizli heç nə yoxdur: Zəngəzur dəhlizinin açılması uzanacağı təqdirdə Azərbaycanla Türkiyəni birləşdirən yol İran üzərindən keçəcək. Beləliklə, Ermənistan yenə də “oyundankənar vəziyyətdə” qalacaq.
İki gün əvvəl Nikol Paşinyan Brüsseldə Avropa Parlamentində çıxışı zamanı Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirən Mehri yolunu açmağa, “tranzit üçün sadələşdirilmiş prosedurlar tətbiq etməyə” hazır olduğunu dedi.
Deyəsən, daşnak-şovinist-revanşistlərin “buzlaqları” əriməyə başlayıb. Dörd gün bundan əvvəl Ermənistan nazirlər kabineti Türkiyə ilə sərhədi açmaq üçün Ankaraya təkliflər zərfi göndərdiyini, növbəti addımın Türkiyədən gözlədiklərini açıqlamışdı. Bəli, İrəvan çoxdan atmalı olduğu addımları atır.
Yeri gəlmişkən, Azərbaycanın Cənubi Qafqazda davamlı sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində atdığı addımlar, eləcə də nəqliyyat və enerji sektorlarında həyata keçirdiyi layihələr, bütövlükdə, bölgənin inkişafına xidmət edir. Bu barədə Azərbaycanın Energetika naziri Pərviz Şahbazov Çində keçirilən 3-cü “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumunda çıxışında bildirib. Onun sözlərinə görə, bütün bunlar, eləcə də Azərbaycanın 6 neft-qaz kəməri kimi qitələri, dənizləri birləşdirən enerji bağlantıları Çinin meqa-layihəsinin milli təşəbbüslərimizlə birləşməsinin real örnəkləridir. 2030-cu ilədək 7 QVt “yaşıl enerji” güclərinin yaradılması və bunun 5 QVt-nın Xəzər–Avropa İttifaqı və Azərbaycan–Türkiyə–Avropa dəhlizləri ilə ixracı, həmçinin elektrik enerjisinin Mərkəzi Asiyadan ölkəmizə, buradan Avropaya ötürülməsi planları “Bir kəmər, bir yol”u “yaşıl” bağlantılarla zənginləşdirəcək.
İndi növbə İrəvanındır. Sözdə kommunikasiyaların qarşılıqlı açılmasının bütün bölgə üçün faydalı olduğunu söyləyən Paşinyan sanki “Qafqaz evi”nə qoşulmaqdan çəkinir. Guya, daha çox Qərbə inteqrasiya olunmağa çalışır. Amma bu zaman anlamaq istəmir ki, Amerika və Fransa gəlib bölgənin problemlərini həll edə bilməzlər. Birincisi, onlar coğrafi baxımdan uzaqdadırlar. İkincisi, bölgənin aparıcı dövlətləri buna heç cür imkan verməyəcəklər. Azərbaycan da bu variantın əliehinədir. Açıq-aşkar ermənipərəst mövqedən çıxış edən Paris bu bölgənin hansı problemini həll etməyə qadirdir? Bəli, Cənubi Qafqaz ölkələri vacib məsələləri öz aralarında həll etməlidirlər. Bu halda onların kənar vasitəçilərə ehtiyacı qalmayacaq. Burada Hayastan baş nazirinin narahatlığına səbəb olacaq amil Zəngəzur dəhlizinin açılmasıdır. Fəqət, o, məsələnin həllini uzatdıqca, həmin avtomobil və dəmir yollarının İrandan keçəcəyi ehtimalı daha da artır.
* * *
Doğrudanmı Hayastanın başbilənləri elə düşünürlər ki, onun qonşuları ilə problemlərini “qoca qitə”dən, yaxud okeanın o tayından gələnlər yoluna qoyacaq? Xeyr, onlar bunun belə olmadığını yaxşı bilirlər. Sadəcə araqarışdıranlar onu qonşuları ilə bir araya gəlib, üz-üzə oturub danışmaqdan, əl-ələ verib əməkdaşlıq etməkdən çəkindirməyə çalışırlar. Bu isə İrəvanın deyil, guya, həmin bədxahların özlərinin mənafeyinə faydalı olacaqmış. Olmayacaq! Ulularımızın sözünü azacıq improvizə edək: yetimə uzaqdan gəl-gəl deyən çox, çörək verən isə qonşu olar.
Fərid ŞƏFİYEV,
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri, politoloq
Əvvəlcə onu qeyd etməliyik ki, hələlik “3+3” formatında Gürcüstan iştirak eləmir. Bu, birinci problemdir. İkincisi Ermənistanla bağlıdır. İrəvan artıq başa düşməyə başlayıb ki, bölgədə təcrid olunmağa başlayıb və Azərbaycan İranla avtomobil yolunun çəkilməsi ilə bağlı razılığa gələndən sonra mövqeyi dəyişir. Nikol Paşinyan məhz bu səbəbdən Avropa Parlamentindəki çıxışında ölkələrarası kommunikasiyaların açılmasına hazır olduqlarını bildirdi. Söhbət elə “3+3” formatından gedir. Bu günə qədər İrəvan bu barədə susurdu, amma indi guya adıçəkilən regional layihədə iştirak etmək istəyir. Açığını desəm, Ermənistanın bu istiqamətdə, deyilən formatda tutarlı addım atacağını gözləmirəm. Hər halda vaxt göstərəcək, yaxın gələcəkdə məlum olacaq. Amma qarşıdakı iki-üç ayda dediyimiz formatda irəliyə doğru ciddi addımın atılacağını söyləmək olmaz. Yəni, həm Gürcüstanın, həm də Ermənistanın bu formata münasibətdə müəyyən tərəddüd və problemləri var. Onların mövqeyində müsbət dəyişikliklər olmalıdır. Əslində, biz də bir qədər gözləməliyik. Şəxsi qənaətimə görə, “3+3” formatı növbəti mərhələdə işə düşməlidir. O mənada kı, İrəvan əvvəlcə bizimlə sülh müqaviləsini imzalasın, ərazi bütövlüyümüzü sənədlə təsdiqləsin və yalnız bundan sonra bu istiqamətdə əməkdaşlıqdan danışmaq olar.
Yeganə HACIYEVA,
siyasi şərhçi
Müharibədən sonra Cənubi Qafqazda yaranmış mövcud reallığın sabitliyə və iqtisadi inkişafa xidmət etməsi üçün yeni kommunikasiya şəbəkələrini formalaşdırmaq təşəbbüsləri üçtərəfli Bəyanatda da öz əksini tapıb. Nəticə etibarı ilə bir neçə format əmələ gəldi və onların arasında hamının maraqlarını təmin edən və ən faydalısı “3+3” formatıdır. Əslində, Cənubi Qafqaz üçün “üçlər” formatı daha maraqlıdır. Amma “altılıq” modeli hamını bir çətir altına yığmaq cəhdidir. Əgər Ermənistan, həqiqətən, müstəqil olsaydı, bu layihəyə məmnuniyyətlə “hə” deyərdi. Çünki bu proses İrəvanı mövcud coğrafiyada bataqlıqdan çıxartmaqla, iqtisadi cəhətdən yüksəlişinə səbəb olardı. Bu isə hətta revanşist meyilləri qalsa belə, sonrakı mərhələdə iqtisadi sabitliyini formalaşmağa zəmin yaradardı. Ermənistan hakimiyyətinin müstəqil qərarlar vermək iqtidarında olmadığı heç kəsə sirr deyil. Daxildə Rusiya amili, kənardan erməni lobbiçilərin əli ilə İrəvana göstərilən təzyiq onu küncə sıxışdırır.
Gürcüstan isə məlum formatı bölgədə Rusiyanın güclənməsi kimi qəbul etmişdi. Amma iki il əvvəllə müqayisədə Moskva ilə mal dövriyyəsi artan Tbilisinin o vaxt məsələyə qeyri-səmimi yanaşması qənaəti vardı. İndi bu yanaşma dəyişib. Gürcüstan bölgədə baş verəcək böyük proseslərdən kənarda qalmaq niyyətində deyil. Hazırda “3+3” formatının yenidən canlanması üçün heç bir maneə görünmür.
İmran BƏDİRXANLI
XQ