“Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Dövlət Bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli Dövlət Bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır...” Prezident İlham Əliyevin 13 il bundan əvvəl – Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimdə əminliklə söylədiyi həmin fikirlər bu gün müasir Azərbaycan reallıqlarının zirvəsində yer alır. Bizim bayrağımız həqiqətən işğaldan azad etdiyimiz bütün şəhər və kəndlərdə dalğalanır. Bu faktın əks-sədasını haralardan eşitmədik, ilahi!? Bundan şərəfli fakta, hadisəyə şahidlik etmək olardımı?!
Burada, istər-istəməz 1992-ci ilin fevral ayının dəhşətli hadisələri yada düşür. Bəli, 31 il əvvəl Azərbaycan üçün mühüm strateji əhəmiyyət kəsb edən Xocalı şəhərinin sakinləri soyqırımına məruz qalıb, özü yağmalanaraq viranəyə çevriləndə ağdamlı şair dostumuz Zakir Fəxri hüzünlü bir şeir yazmışdı: “Qalmaz belə, qalmaz dünya!” O zaman mərhum atam “Oxx!”- deyə göz yaşını saxlaya bilməmişdi (İnanıram ki, o, dünyanın belə qalmadığını görəndə də eyni hala düşərdi). Həmin sözlərə yazılmış həzin mahnını görkəmli sənətkarımız Zeynəb Xanlarova başda olmaqla, onlarca müğənnimiz ifa etmiş və bizi inandırmışdı ki, dünya belə qalmayacaq.
Bəli, dünya elə qalmadı, Zakir müəllim. Azərbaycan Prezidenti üç il əvvəl başımızın tacı olan Dövlət Bayrağımızı “Sizin Ağdamda” qaldırararkən demişdi ki, biz bu yerləri cənnətə döndərəcəyik. Döndəririk. İndi Ağdama gələnlər cəmi üç ildə görülmüş işlərə heyran olurlar.
Amma o zaman – Ağdamın silahla deyil, diplomatiya ilə işğaldan azad edildiyi günlərdə kimlərsə güman edirdi ki, bizim qələbəmiz hələ tam başa çatmayıb. Çünki o vaxt Azərbaycan Bayrağı hələ Xocalıya və Xankəndiyə qayıtmamışdı. O yerlərdəki Azərbaycan Bayrağının yerində hələ də sarsaq adamların bayraq dediyi murdar əsgi asılmışdı. Yəni “Qalmaz belə, qalmaz dünya” inamı, ümidi, nikbinliyi hələ qüvvədə idi. Gözünüz aydın olsun ki, dünya da elə qalmadı, Azərbaycanın Qələbəsi də tamamlandı, şanlı bayrağımız işğaldan azad edilmiş bütün şəhər və kəndlərimizə də qayıtdı. Mən bilərəkdən “qaytarıldı” demirəm. Çünki gözümdə Azərbaycan Bayrağı da möhtəşəm bir canlıdır. Sanki o Bayraq Şuşada, Xocalıda, Xankəndidə cənab Prezidentlə nə isə danışırdı. Danışmasaydı, dünyanın ən qətiyyətli, iradəli və nüfuzlu siyasətçilərindən olan İlham Əliyev nə üçün onu öpərkən baş əyir, təzim edirdi?
...Bəli, Azərbaycan Prezidenti “Heydər Əliyev İli”nin başa çatmasına iki ay yarım qalmış, özünün dövlət başçısı kimi fəaliyyətə başlamasının iyirminci ildönümü günündə, möhtəşəm Zəfərimizin üçüncü ildönümü, eləcə də, 18 Oktyabr –
Dövlət Müstəqilliyimizin Bərpası Günü ərəfəsində xalqımıza heç zaman unudulmayacaq hədiyyələr bəxş etdi. Belə ki, ölkəmizin Qarabağ iqtisadi rayonunda kök salmış separatşı və terrorçu ünsürlərə qarşı aparılmış lokal antiterror əməliyyatlarından bir ay keçməmiş Ali Baş Komandan Azərbaycan Bayrağının bütün yaşayış məntəqələrimizdə ucaldılmasına nail oldu. Həm də bu uğura cənab Prezidentin özü, şəxsən imza atdı. Ağdərə, Əsgəran, Xocalı, Suqovuşan, Xocavənd və Xankəndidə müqəddəs bayrağımızı öz əli ilə ucaltdı.
Bu, elə bir addım oldu ki, səsi dost və müttəfiqimiz olan ölkələrlə yanaşı, Cənubi Qafqazda hansısa maraqlarının təmin edilməsinə çalışan ölkələrdə də əks-səda verdi. Biri bu barədə sevinə-sevinə danışdı, o biri ah-nalə ilə.
“Amerikanın səsi” radiosusu isə özünün xəbər saytında yazdı ki, Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 15-də Qarabağ regionunun Xankəndi, Ağdərə, Xocalı şəhərlərində və Əsgəran qəsəbəsində səfərdə olub. Bu, ölkə liderləri tərəfindən son 35 ildə Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınan ərazisində öz nəzarətini bərpa etməsindən sonra Qarabağın bu bölgəsinə edilmiş ilk səfərdir.
Dövlət başçımızın Xankəndidə Azərbaycan Bayrağını ucaltması və çıxışı Rusiya media qurumlarının diqqət mərkəzində olub. Məsələn, Rusiya Dövlət Dumasının rəsmi nəşri olan “Parlamentskaya qazeta” xatırladır ki, Azərbaycan Ordusu sentyabrın 19-da antiterror tədbirləri keçirib və nəticədə sentyabrın 28-də qondarma “Dağlıq Qarabağ respublikası”nın buraxılması barədə sənəd imzalanıb. TASS agentliyi isə xatırladır ki, 20 il əvvəl məhz bu gün İlham Əliyev Azərbaycan Prezidenti seçilib. Dövlətimizin başçısının Xankəndidəki çıxışından fikirlərə yer ayıran agentlik qeyd edir ki, Prezident İlham Əliyev 20 il əvvəl xalqa müraciətində Azərbaycan xalqının və dövlətinin maraqlarını daim qoruyacağına söz vermişdi. “Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi”, – deyə dövlətimizin başçısının çıxışından iqtibas gətirilib.
Bu mövzuda yazan xəbər saytlarının hərəsinin məsələyə öz münasibəti var. Məsələn, “NTV” telekanalının əməkdaşları bu barədə tam özünəməxsus ifadə işlədiblər: “Azərbaycan Prezidenti İlham Əliyev respublikanın üçrəngli Bayrağını Qarabağın “paytaxtı”nda ucaldıb”.
Bəli, Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizi gəzərək, həm son 35 ilin möhtəşəm ilkinə imza atdı, həm də, rusiyalı həmkarlarımızın dediyi kimi, “Qarabağın paytaxtı”nda da Dövlət Bayrağımızın ucaldılmasına nail oldu. Onu da əlavə edək ki, həm cənab Prezident, həm də 15 Oktyabr uğurumuz haqqında danışan istənilən azərbaycanlı ilk növbədə şəhidlərimizin ruhuna ehtiramı dilə gətirirlər. Hamı etiraf edir ki, biz bu qələbələrə Prezidentin qətiyyəti, siyasi iradəsi və sərkərdə məharəti ilə yanaşı, həm də şəhid və qazilərimizin peşəkarlığı, mərdanəliyi sayəsində nail olmuşuq.
Allah şəhidlərimizə rəhmət eləsin! Qazilərimizə isə şəfa diləyirik!
Ramiz Qusarçaylının “Azərbaycan Bayrağı” şeirindən
Cəngidə cövlan yerim,
cövlanda can yerimsən,
Barışda gül çələngim,
savaşda qan yerimsən,
Sən mənim and yerimsən,
mənim iman yerimsən,
Dalğalı ləngərlərin
yelpiklənən yarpağı, –
Azərbaycan bayrağı!
Sənsən Azadlıq eşqim,
sənsən Hürr, – deyəcəyəm,
Ən son nəfəsimdə də
sənə şeir deyəcəyəm,
Şuşada sən qonduğun
daşa pir deyəcəyəm,
Çəkəcəyəm gözümə
kölgən düşən torpağı
Azərbaycan bayrağı!
Azərbaycan bayrağı!
İttifaq MİRZƏBƏYLİ
XQ