Qurumun İrəvan ofisinin rəy sorğuları siyasi maraqlara xidmət edir
Ermənistanda vaxtaşırı müxtəlif siyasi qüvvələrin və sosial qrupların maraqlarına xidmət edən, ictimai rəyi düzgün əks etdirməyən, nəticələri ciddi şübhə doğuran sosioloji sorğular keçirilir. Bu tip sorğuların, əslində, cəmiyyətin real mövqeyini üzə çıxarmaqdan daha çox müəyyən siyasi dairələrin sifarişini yerinə yetirdiyi təəssüratı yaranır. Əhalinin əksər hissəsinin narazılığına baxmayaraq, nəticələr saxtalaşdırılaraq müxalifətin maraqlarına uyğun təqdim edilir. Belə saxta ictimai rəy sorğuları həm daxili auditoriyanı çaşdırmaq, həm də beynəlxalq aləmdə Ermənistanın mövqeyini gücləndirmək üçün istifadə olunur. Nəticədə sorğu mərkəzlərinə inam getdikcə azalır, ictimaiyyət onları ciddi tədqiqat institut kimi deyil, siyasi texnologiya vasitəsi kimi qəbul etməyə başlayır. Belə sorğu mərkəzlərinin önündə mərkəzi ofisi Vaşinqtonda yerləşən ABŞ-ın “GALLUP International Association” analitika və məsləhət şirkətinin Ermənistan nümayəndəliyi dayanır.
Nümayəndəliyin rəhbəri Aram Navasardyan bugünlərdə keçirdiyi mətbuat konfransında sorğunun nəticələrini açıqlayıb. O, sorğunun avqustun 25-30-da keçirildiyini, iştirakçıların ümumi sayının 1.101 nəfər olduğunu bildirib. Əlbəttə, bizim üçün daha önəmli məsələ Ermənistan konstitusiyasının dəyişdirilməsi ilə bağlı ölkə əhalisinin mövqeyidir. Navasardyan bildirib ki, rəyi soruşulanların 58 faizi konstitusiyanın dəyişdirilməsinin Ermənistanın daxili işi olduğunu və heç bir ölkənin, o cümlədən Azərbaycanın bu prosesə təsir etmək hüququnun olmadığını ifadə edib. Azərbaycanın Ermənistan konstitusiyasına dəyişiklik edilməsini yekun sülh sazişinin imzalanması üçün şərt adlandırması barədə məlumatlara reaksiya verən respondentlərin 25,1 faizi bunun “növbəti siyasi tələ” olduğunu və bu məsələnin həllindən asılı olmayaraq, Bakının müqaviləni imzalamayacağını bildirib. Bununla belə, 12,2 faiz rəyi soruşulan Azərbaycanla real və uzunmüddətli sülh gətirəcəyi təqdirdə, Ermənistan konstitusiyasına dəyişikliklərin lehinə səs verməyə razı olduğunu vurğulayıb.
Sorğuda bizim üçün önəmli olan digər məsələ Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu (TRIPP – Zəngəzur dəhlizi) adlanan nəqliyyat marşrutuna Ermənistan vətəndaşlarının necə münasibət bəsləməsidir. Məlum olub ki, guya, respondentlərin təxminən 60 faizi Sünik (Zəngəzur) vilayəti ərazisindən Azərbaycana nəqliyyat marşrutunun verilməsinin əleyhinədir.
Sorğuda iştirak edənlərin 47,6 faizi tamamilə bu qərara qarşı çıxıb, digər 11,3 faizi isə kifayət qədər neqativ münasibət bəslədiyini bildirib. Digər tərəfdən, respondentlərin 18,1 faizi ideyaya kifayət qədər müsbət, 17,4 faizi isə tamamilə müsbət yanaşdığını vurğulayıb. Rəyi soruşulanların 5,6 faizi suala cavab verməkdə çətinlik çəkib.
Nəhayət, sorğuda bizim üçün maraq doğuran üçüncü məsələ avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistan Baş naziri Nikol Paşinyanın Vaşinqtonda keçirilmiş görüşünə dair imzalanmış Birgə Bəyannaməyə reaksiya ilə bağlıdır. “Sputnik Ermənistan” agentliyi sevincək olaraq sorğunun bu hissəsinin nəticəsini “Ermənistanda respondentlərin əksəriyyəti Vaşinqton bəyannaməsinə mənfi münasibət bəsləyir” sərlövhəsi ilə tirajlayıb. A.Navasardyan deyib ki, tədqiqatın nəticələrinə görə, respondentlərin 22,8 faizi bəyannaməni tamamilə müsbət, 19,3 faizi isə kifayət qədər müsbət qiymətləndirib. Eyni zamanda, 13,6 faizin münasibəti kifayət qədər mənfi, 34 faizin reaksiyası isə tamamilə mənfi olub. Daha 7 faizi cavab verməkdə çətinlik çəkib, 3 faizdən çoxu isə sənədin mövcudluğundan xəbərsiz olduğunu etiraf edib. “Sorğuda iştirak edənlərin, demək olar ki, yarısı – təxminən 47 faizi bəyannamənin imzalanmasını mənfi qiymətləndirib, lakin respondentlərin 40 faizi bunu kifayət qədər müsbət qəbul edib”, – deyə Navasardyan bildirib.
* * *
Qeyd etdiyimiz kimi, Ermənistanda ictimai rəyin öyrənilməsi adı altında keçirilən sosioloji sorğular artıq uzun müddətdir cəmiyyətin diqqət mərkəzindədir. Bu sorğuların təşkilində əsas məqsədin əhalinin real mövqeyini üzə çıxarmaq yox, müəyyən dairələrin maraqlarına xidmət etmək olduğu açıq-aşkar görünür. Xüsusilə də beynəlxalq imicə hesablanmış bu tip təşəbbüslər, əslində, Ermənistan cəmiyyətindəki narazılığı ört-basdır etmək və kənardan saxta sabitlik təəssüratı yaratmaq üçün istifadə olunur. GALLUP-un Ermənistan nümayəndəliyinin rəhbəri A.Navasardyanın açıqladığı nəticələr də bunun bariz nümunəsidir. Çox az sayda insanın rəyini əks etdirən bu sorğuda konstitusiya dəyişikliklərindən tutmuş Zəngəzur dəhlizinə, Vaşinqton görüşünə münasibətədək bir sıra məsələlər barədə rəqəmlər təqdim edilib. Amma sual yaranır: cəmiyyətin həqiqi mövqeyini tam əks etdirməyən, məhdud sayda iştirakçının rəyi əsasında təqdim olunan bu nəticələr nə dərəcədə etibarlıdır?
Konstitusiya dəyişiklik edilməsi məsələsində göstərilən faizlər xüsusilə diqqət çəkir. Guya, əhalinin 58 faizi bu prosesi Ermənistanın daxili işi kimi qiymətləndirib. Amma heç kəsə sirr deyil ki, İrəvanda küçə sorğusu aparılsa, vətəndaşların əksəriyyəti dövlətin əsas qanununda dəyişiklikləri prioritet saymaz. Onlar daha çox gündəlik güzərandan, sosial təminatdan, işsizlikdən danışar. Bu halda belə bir mövzunun geniş şəkildə müzakirəyə çıxarılması daha çox siyasi sifariş təsiri bağışlayır. Əhalinin maraqlarından çox, müxalifətin özünü doğrultmaq cəhdini xatırladır.
Azərbaycanla sülh məsələsinə gəlincə, burada da ziddiyyətli mənzərə göz önünə çıxır. Respondentlərin 25 faizinin Bakı heç bir halda müqavilə imzalamayacaq düşüncəsinə qapılması erməni cəmiyyətində kök salmış pessimizmin təzahürüdür. Halbuki, bu gün bölgədə əsas məsələ real və davamlı sülhün təmin edilməsidir. Maraqlıdır ki, sorğu iştirakçılarının az bir qismi – 12 faizdən bir qədər çoxu – Konstitusiya dəyişikliklərinin sülhə xidmət edəcəyi təqdirdə buna razı olduqlarını bildiriblər. Bu, Ermənistanda hələ də sağlam düşünən, gələcəyini barışıqda görən insanların varlığını göstərir. Amma onların səsi çox vaxt siyasi arenada eşidilmir, çünki quru statistika oyunları həmin rəyləri kölgədə qoyur.
Daha bir diqqətçəkən məqam ABŞ Prezidenti Donald Trampın təşəbbüsü kimi təqdim olunan nəqliyyat marşrutu ilə bağlıdır. Rəqəmlərə görə, ermənilərin əksəriyyəti bu marşrutun əleyhinədir. Amma təcrübə göstərir ki, Ermənistan cəmiyyəti illərlə informasiya təcridində saxlanılıb. İnsanlar region üçün həyati əhəmiyyət kəsb edən kommunikasiya xətlərinin açılmasının hansı iqtisadi faydalar gətirəcəyindən xəbərsizdir. Məhz bu səbəbdən sualı cavablandıranların çoxu ehtiyatlı, bəziləri isə radikal mövqedən çıxış edir. Halbuki, regionun gələcəyi məhz açıq sərhədlərdən, maneəsiz yük və sərnişin daşımalarından keçir. Bu gerçəklik nə qədər gizlədilsə də, zamanla hər kəsin gözündə aydınlaşacaq.
Vaşinqton görüşü ilə bağlı nəticələr də ziddiyyətlidir. Ermənistanda bəyanata mənfi münasibətin daha çox olduğu göstərilir. Amma təhlil edəndə görürsən ki, əslində, sorğu iştirakçılarının 40 faizə yaxını sənədi müsbət qarşılayıb. Bu isə cəmiyyətin az qala yarısının sülh və əməkdaşlıq perspektivinə ümidlə baxdığını ortaya qoyur. Burada diqqəti çəkən başqa bir məqam isə odur ki, 3 faiz insan ümumiyyətlə, sənədin mövcudluğundan xəbərsiz olub. Bu fakt Ermənistan mediasının informasiya siyasətini açıq şəkildə ifşa edir. Görünür, daxildə hələ də kütləvi şüurun formalaşmasına mane olan qüvvələr var. Onlar ictimai rəyi təhrif etməklə sülhün qarşısını almağa çalışırlar.
* * *
Maraqlıdır ki, bu cür sorğuların nəticələri daha çox ictimai rəyin ifadəsi kimi təqdim olunur. Halbuki, heç kimə sirr deyil ki, 3 milyonluq ölkədə cəmi min nəfərlə aparılan sorğu ümumi mənzərəni göstərə bilməz. Bu, sadəcə rəqəmlərdən ibarət bir mənzərə yaradaraq siyasi məqsədlər üçün istifadə edilir. Cəmiyyətin əksəriyyətinin səssizliyi isə heç bir statistikada nəzərə alınmır. Onlar bəlkə də nə Konstitusiya dəyişikliklərinə, nə də dəhliz məsələsinə münasibət bildirmək istəmir, sadəcə normal, təhlükəsiz və firavan həyat arzulayırlar.
Beləliklə, Ermənistanda aparılan bu tip sorğular reallığı əks etdirməkdən çox uzaqdır. Əksinə, onlar müxtəlif dairələrin maraqlarını təmin edən alət rolunu oynayır. Əhalinin real hiss və düşüncələri isə kənarda qalır. Sorğuların nəticələrinə şübhə ilə yanaşmaq üçün kifayət qədər əsaslar var. Çünki xalqın gündəlik həyatında hökm sürən çətinliklər bu rəqəmlərdə əksini tapmır. Əhalinin böyük qismi işsizlik, yoxsulluq, sosial təminat problemləri ilə üz-üzədir. Bu şəraitdə konstitusiya dəyişikliyi və ya Zəngəzur dəhlizi barədə mübahisələr onların həyatını dəyişmir. Amma bu məsələlər üzərində qurulan saxta rəqəmlər daxili auditoriyanı çaşdırmaq məqsədi daşıyır. Sorğular həm də Ermənistan cəmiyyətindəki ziddiyyətləri gizlətməyə xidmət edir. Amma statistika reallığı dəyişə bilməz. Ermənistanın gələcəyi açıq şəkildə sülhə, əməkdaşlığa və normal qonşuluq münasibətlərinə bağlıdır. Cəmiyyət bu həqiqəti nə qədər tez dərk etsə, ölkə böhrandan bir o qədər tez çıxacaq.
Səxavət HƏMİD
XQ