Rusiya səfiri Ermənistanın ilk prezidentinə möhkəm vurulub

post-img

Kopırkin niyə Ter-Petrosyanla görüşlərə ara vermir?

Deyəsən, Rusiyanın İrəvandakı səfiri Segey Kopırkin Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanla görüşləri ənənə halına salıb. Xatırladığımız qədərilə o, diplomatik fəaliyyətə başladığı andan eks dövlət başçısından, loru dildə desək, əl çəkmir. Niyə əl çəkmir, bu əsas məqam barədə söz açacağıq.

Yada salaq ki, S.Kopırkinin L.Ter-Petrosyanla ilk görüşü 2022-ci ilin aprelində reallaşıb. Ermənistanla Rusiya arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü münasibətilə keçirilmiş görüşdə İrəvan-Moskva münasibətlərinin gələcəyi müzakirə edilib...

Tərəflərin 2023-cü ilin okyabrındakı təması da təxminən bir saat yarım davam edib və söhbət zamanı regionun sabitləşməsi perspektivlərinə, həmçinin, Qarabağdan Ermənistana gələnlərin humanitar ehtiyaclarının tam qarşılanması məsələlərinə toxunulub.

S.Kopırkinlə L.Ter-Petrosyan növbəti dəfə 2025-ci ilin fevralında bir araya gəliblər. Yenə saat yarımdan çox sürmüş görüşdə Ermənistan-Rusiya münasibətləri, birincinin daxili durumu və regional təhlükəsizlik məsələləri müzakirə olunub. Deməli, senytabrın 9-da keçirilmiş görüş həm sayca bu ilki ikinci təmasdır, həm də tərəflərin ümumilikdə 4-cü dəfə bir araya gəlmələdiridir. Hələ ola bilər, təfərrüatları ictimaiyyətə açıqlanmayan başqa görüşlər də olub...

Əlqərəz, bir saatdan artıq davam etmiş söhbət zamanı, xüsusən, Ermənistan–Rusiya münasibətlərinin mövcud vəziyyəti, habelə Cənubi Qafqaz regionunda uzunmüddətli sülh və sabitliyin təmin olunması zərurəti müzakirə olunub. Bu barədə məlumatı L.Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresinin üzvü Arman Musinyan yayıb və görüşdən foto paylaşıb.

Vacib məqamlardan biri odur ki, A.Munisyan birinci prezidentin vacib hesab etdiyi və görüşdə vurğulanmış aşağıdakı iki məqamı diqqətə çatdırıb: Rusiyanın Cənubi Qafqazda mövcudluğu tarix nöqteyi-nəzərdən təsdiqlənmiş həyati zərurət və reallıqdır. Ermənistanın səmimi və etibarlı dostları Rusiya, İran, Gürcüstan, Fransa, Yunanıstan, eləcə də yaxın perspektivdə Çin və Hindistandır.

Deməli, Rusiya səfiri Ermənistan müxalifətini təmsil edən şəxslə, indiki halda ölkənin birinci prezidenti ilə görüşür, təmas zamanı Cənubi Qafqazda uzunmüddətli sülhün vacibliyi vurğulanır, bu zaman Ermənistanın ilk dövlət başçısı mesaj verir və həmin mesajların heç birində ölkəsinin Azərbaycanla mövcud sülh gündəliyi nəzərə alınmır. Yəni, belə çıxır ki, hazırkı sülh gündəliyi uzunmüddətli barış üçün yararsızdır, tamam başqa motivli barışa ehtiyac var. Daha bir nəticə isə budur: Rusiyanın Cənubi Qafqazda mövcudluğu tarix nöqteyi-nəzərdən təsdiqlənmiş həyati zərurət və reallıqdırsa, sülh mühiti də Moskvanın ortaya qoyduğu şərtlər çərçivəsində qərarlaşmalıdır.

Digər tərəfdən, Ermənistanın səmimi və etibarlı dostları Rusiya ilə yanaşı, İran, Gürcüstan, Fransa və Yunanıstandırsa, bunlar əslində, rəsmi Moskvanın İrəvan üçün müəyyənləşdirdiyi köhnə sistemdir. Çin və Hindistanın səmimi dostluğu ona görə yaxın perspektivə daxil edilir ki, adları çəkilən ölkələrin Moskva ilə münasibətləri əsasdır. Yəni, Rusiya müəyyənləşdirsə ki, Ermənistan Çin və Hindistanla əlaqələrini dərinləşdirə bilər, o zaman heç bir problem yoxdur. Əks halda, olmaz.

Ölkəmizə gəldikdə, belə çıxır ki, Kopırkinin missionerliyi ilə Ermənistanın Ter-Petrosyan siyasi vizyonunda Azərbaycan adlı məmləkət, ümumiyyətlə, yoxdur. Əlbəttə, gözləmirik ki, Ermənistanda hansısa qüvvə Azərbaycanı dost saysın. O hesaba qalsa, indiki baş nazir Nikol Paşinyan iqtidarının da belə bir niyyəti yoxdur. Heç Azərbaycanda da Ermənistanla dostluğu düşünənlərə rast gəlinmir. Əsas odur ki, düşmənçilik olmasın, daha doğrusu, aradan qalxsın, normal dövlətlərarası münasibətlər qurulsun, regional miqyasda əməkdaşlıq yaransın, hər iki xalq rifah içində ömür sürsün. Xalqlar yaşanmış acıları unudub bir vaxtlardakı kimi, yaxın olarlar, ya olmazlar, bu, böyük ölçüdə, gələcəyin işidir. Ancaq Kopırkinin L.Ter-Petrosyanla görüşü birbaşa ötən zamanın ixtilaflarının yada salınması təsiri bağışlamaqdadır. Hərçənd, tərəflər, öz aləmlərində, ehtiyatlıdırlar, Azərbaycanın adını çəkmirlər.

Hər bir halda, sual yaranır: Bir dövlətin ali diplomatik təmsilçisi başqa dövlətin ilk prezidenti ilə niyə görüşsün? Tamam, hansısa tədbirdə qarşılaşıb ayaqüstü söhbətləşə, nədənsə danışa bilərlər, buna bir sözümüz yoxdur və ola bilməz. Amma səfir statusundakı şəxs hazırda müxalifətçi statusunda olan eks dövlət başçısı ilə təmasları ənənə halına gətirirsə, üstəlik, bu barədə cəmiyyətə informasiya verilirsə, loru dildə desək, torbada pişik var.

Əlbəttə, L.Ter-Petrosyan Rusiyanın Ermənistandakı klassik siyasi fiquru statusunda deyil. Bu baxımdan daha uyğun variant ikinci və üçüncü prezidentlər Robert Koçaryan və Serj Sarkisyan kimi canilərdir. O canilər ki, Qarabağ klanını təmsil edirdilər və bu klan məhz Ter-Pertosyanı hakimiyyətdən uzaqlaşdıraraq iqtidara yiyələnmişdi. Söhbət 1997-ci ildə Levonun istefasından və 1998-ci ildə R.Koçaryanın prezidentliyə yiyələnməsindən gedir.

Lakin o zaman R.Koçaryan mütləq hakim deyildi. Onun ölkəyə real rəhbərliyi 1999-cu ilin parlament terrorundan sonra gerçəkləşdi. O terror ki, onun nəticəsində Ermənistan parlamentinin skiperi Karen Dəmirçyan və ölkənin hökumət rəhbəri Vazgen Sarkisyan başda olmaqla, bütövlükdə 8 yüksək vəzifəli şəxs qətlə yetirildi. O şəxslər ki, Azərbaycana güzəştə gedilməsinin qaçılmazılığını, münasibətlərin normallaşmasının vacibliyini vurğulayırdılar. Yeri gəlmişkən, bunu L.Ter-Petrosyanın özü də dilə gətirmişdi. Çox güman, istefa verməsəydi, onu da aradan götürəcəkdilər.

L.Ter-Petrosyanın nə üçün istefaya getməsinin səbəbləri, eləcə də 1999-cu ilin parlament qətliamını kimlərin hansı məqsədlə sifariş etdikləri barədə söz açmağa ehtiyac yoxdur. Çünki görünən dağa bələdçi lazım deyil. Bir halda ki, gözlənilən güzəştlər olmadı və Qarabağ münaqişəsinin həlli dalana dirəndi, bu durumun, yəni Cənubi Qafqazda münaqişə məntiqinin hansı tərəf üçün sərfəliliyini görmək elə də çətinlik törətmir.

Bu gün Kopırkin L.Ter-Petrosyanla təmasları gücləndirirsə, deməli, keçmişə qayıtmaq kimi durum var. Çünki hazırda Rusiyaya bağlılıqları şübhə doğurmayan R.Koçaryan və S.Sarkisyan erməni ictimai rəyi üçün, faktiki olaraq, ölü durumdadırlar. Eləcə də onlara yaxınlığı ilə seçilən şəxslərin sıravi ermənilər arasında ikrahla qarşılandıqları şübhəsizdir. Ən başlıcası, onların ortada olmaları Rusiyaya qarşı da hiddət doğurur və erməni iqtidarı bu amildən öz xeyrinə yetərincə çox yararlanır.

Sonda belə nəticəyə gəlmək mümkündür ki, S.Kopırkinin L.Ter-Petrosyanla artan təmaslarının məğzində Rusiyanın ikincini yenidən erməni ictimai rəyinə qazandırmaq niyyətləri dayanır. Əslində, bu baxımdan birinci prezident o qədər də düzgün variant deyil, çünki siyasətçidir, Koçaryan və Sarkisyan kimi buyruq qulu deyil. Onun nə üçün istefa verməsinin səbəblərini də vurğuladıq. Ancaq Kremlin üzərinə siyasi sərmayə yatıraraq Ermənistandakı mövqelərini gücləndirmək üçün hansısa başqa adamı yoxdur. L.Ter-Petrosyan özü nə dərəcədə erməni ictimai rəyində qəbul edilir, bu, ayrı söhbətin mövzusudur. Hər halda, Koçaryan-Sarkisyan ikilisi və onlara yaxın adamlarla müqayisədə, xeyli müsbət reputasiyaya malikdir. 2026-cı ildə isə Ermənistanda parlament seçkiləri keçiriləcək. Yəqin həmin vaxtadək Kopırkin Ter-Petrosyanla daha bir neçə dəfə görüşər.

Ə.CAHANGİROĞLU
XQ

Siyasət