Paşinyanın Bibliyası

post-img

Vaşinqtondakı muzey niyə ehtiyatlı olmalıdır?

Ermənistanın baş naziri Nikol Paşinyan bu ilin fevralında ABŞ-da keçirilmiş Beynəlxalq Dini Azadlıq Sammitində çıxış edərkən, dini ehkamlara söykənmənin onun həbsxana həyatında mühüm yer tutduğunu və böyük mənəvi anlam daşıdığını vurğulamışdı. Ancaq ekspert dairələrinin diqqətini çəkən yalnız Nikolun çıxışı deyildi.

Birincisi, erməni hökumət rəhbəri Birləşmiş Ştatlara qəfil səfər reallaşdırmışdı və tam aydındır ki, o, yenicə fəaliyyətə başlamış Prezident Donald Tramp administrasiyası ilə hansısa təmasların axtarışında idi. Hərçənd, Paşinyanın cəhdlərinin uğurlu alınmadığını söyləyə bilərik.

İkincisi, belə rəy formalaşmışdı ki, Nikol Ermənistanın sırf xristian dininin daşıyıcı olan dövlət olduğunu vurğulamaq üçün ABŞ-a gedib. Nəzərə alaq ki, baş nazir çıxışında, eyni zamanda, ölkəsini xristianlığı ən tez qəbul edən məmləkət kimi xarakterizə etmiş, hətta nağıl da danışmışdı. Təxminən belə: Ermənistan kralı o vaxt dinə qarşı imiş, sonra görüb ki, xristianlıq yaxşı dindir...

Qeyd edək ki, Prezident İlham Əliyev bir müddət əvvəl Ermənistan rəhbərliyinin ABŞ-da ötən il keçirilmiş Prezident seçkilərindən gözləntilərinin olduğunu vurğulamışdı. Dövlətimizin başçısı bildirmişdi ki, rəsmi İrəvan D.Tampın deyil, ona müxalif qüvvələrin qalib gəlməsini istəyib. Lakin bu gerəkləşmədiyindən, Azərbaycanla sülh müqaviləsinin bütün şərtlərini qəbul etmək məcburiyyətində qalıb.

Məsələyə mövcud prizmadan da yanaşsaq, deyə bilərik ki, Paşinyan fevralda Beynəlxalq Dini Azadlıq Sammitində iştiraka yox, Birləşmiş Ştatlarda, belə demək mümkünsə, son güllələrini atmağa getmişdi. Getdi və bildirdiyimiz kimi, səfərdən əliboş qayıtdı. Sonra baş verənlər, o cümlədən, avqustun 8-də ABŞ-da Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin paraflanması, eləcə də Prezident Trampın şahidliyi ilə imzalanmış Birgə Bəyannamə hər kəsə yaxşı məlumdur. Söhbət Azərbaycan Prezidentinin Vaşinqtondakı diplomatik zəfərindən gedir.

Əlqərəz, indi baş nazir Paşinyan yenidən dini hislərə güc vermək qərarına gəlib. O, həbsxanada cəza çəkərkən özü ilə saxladığı Bibliyanı Vaşinqtondakı Bibliya Muzeyinə (Museum of the Bible) hədiyyə edib və bunu özünün sosial şəbəkə hesabında bölüşüb. Əlbəttə, Nikol hərəkətinin sırf mənəvi anlamını qabardıb. Biz də durumun məhz bu cür olduğuna inanmaq istərdik. Amma...

“Əmma” barədə söz açacağıq. Əvvəlcə isə Vaşinqtondakı Bibliyi Muzeyi barədə məlumat verərək deyək ki, 2017-ci ildə Donald Trampın birinci Prezidentliyi zamanında “Hobby Lobby” şirkətinin sahibləri – Birləşmiş Ştatların tanınmış Green ailəsinin təşəbbüsü ilə yaradılmış mədəniyyət qurumu ABŞ Konqresinin yaxınlığında yeləşir, paytaxtdakı ən yeni və böyük mədəni-dini muzeylərdən biri sayılır. Burada Bibliyanın tarixi, təsiri və məzmunu barədə çoxsaylı eksponatlar, ən qədim əlyazmaların surətləri, qədim yəhudi və xristian mətnləri, müxtəlif dillərdə nəşr olunmuş Bibliyalar var. Ziyarətçilər üçün interaktiv texnologiyalar, virtual reallıq vasitələri və multimedia təqdimatları ilə nümayiş imkanı da mövcuddur.

Bildirilir ki, Bibliya Muzeyi yalnız dini ibadət məkanı deyil, daha çox elmi, tarixi və mədəni mərkəz kimi fəaliyyət göstərir və məqsədi Müqəddəs Kitabın dünya mədəniyyətinə, incəsənətə, ədəbiyyata və insan həyatına təsirini göstərməkdir. 40 min kvadratmetr ərazidə yerləşən, 6 mərtəbədən ibarət muzeyi hər il yüz minlərlə insan ziyarət edir. Orada Bibliya tarixi üçün əvəzsiz mənbələr, yunan dilinə edilmiş ilk Bibliya tərcüməsinin fraqmentləri Gutenberq Bibliyası, Kral Ceyms Bibliyası, nadir Bibliya nüsxələri, həmçinin arxeoloji tapıntılar, Bibliya mövzusunda işlənmiş qədim və orta əsr rəsm əsərləri, Avropa incəsənətində Bibliya obrazlarını əks etdirən heykəllər və miniatürlər saxlanılır. Muzeydə Müqəddəs Kitabın ABŞ tarixində və dövlət quruculuğunda rolu diqqətə çatdırılır, virtual şəkildə Qüds gəzintisi təşkil olunur. Mədəni müəssisəni maraqlı edən tərəflərdən biri də klassik eksponatlar ilə müasir texnologiyaların sintezidir.

Bəli, Bibliya Muzeyi ABŞ-da kifayət qədər populyardır. Bir müddət əvvəl Prezident Trampın orada çıxış etməsi də bunun sübutudur. Ümumən, ABŞ Prezidentinin mühafizəkar təbiətində din amili xüsusi yer tutur. Görünür, elə buna görədir ki, ondan Bakı həbsxanalarında saxlanılan xristianların azadlığa buraxılmasına dəstək kimi cəfəng xahiş də edilmişdi. Sən demə, Qarabağdakı keçmiş separatçı rejimin rəhbərlərinin, eləcə də Azərbaycan ərazilərində cinayətlər törətmiş şəxslərin daşıdıqları din də var imiş.

Əlqərəz, bu sayaq manipulyasiyalara görədir ki, hazırda baş nazir Paşinyanın Bibliya Muzeyinə özünün həbsxanada yatarkən sığındığı Bibliyanı hədiyyə etməsi, istər-istəməz, sual doğurur. Görəsən, Nikolun məqsədi nədir? Vurğuladığımız kimi, İrəvan Bakı ilə sülh müqaviləsini paraflayıb. İndi Ermənistanın qarşısında duran əsas vəzifə ölkə konstitusiyasına dəyişiklik, sənədin Azərbaycana qarşı ərazi iddiasına köklənmiş İstiqlaliyyət Bəyannaməsinə istinadının aradan qalxmasıdır ki, mövcud istiqamətdə hansısa addımların atıldığını görmürük.

Sonda onu da bildirək ki, Vaşinqtondakı Bibliya Muzeyi bəzən müxtəlif mübahisələrin də mərkəzində dayanıb. İlk illərdə bəzi qədim əlyazmaların saxtalığı barədə xəbərlər yayılmışdı. Məsələn, muzey açılarkən böyük reklam edilən eksponatlardan biri “Ölü Dəniz Əlyazmaları” idi. Sonradan həmin əlyazmaların fraqmentlərinin saxtalığı üzə çıxdı.

Bundan başqa, muzeyin əsasını qoymuş Green ailəsi (“Hobby Lobby” şirkətinin sahibləri) 2010-cu illərdə Orta Şərqdən minlərlə qədim əlyazma və artefakt almışdı. ABŞ məhkəməsi müəyyən etdi ki, bu eksponatların çoxu İraq və Misirdən qanunsuz yollarla çıxarılıb. Nəticədə 2017-ci ildə “Hobby Lobby” 3 milyon dollar cərimə ödəməli oldu, habelə 5500-dən çox gil lövhə və digər qədim əşya İraqa qaytarıldı. 2021-ci ildə isə muzeydəki daha bir neçə qədim papirus və “Gənc Mesopotamiya lövhələri” Misirə qaytarıldı.

Onu da deyək ki, müəssisə rəhbərliyi muzeyi elm və tarix mərkəzi kimi təqdim etsə də, tənqidçilər fərqli düşünürlər. Onların qənaətincə, mədəni mərkəz xristian fundamentalizmini və konservativ dini baxışları təbliğ edir. Yəni, muzey dini təbliğat vasitəsi olmaqda ittiham edilir. Üstəlik, bəzi interaktiv təqdimatlarda Bibliyanın ABŞ-ın siyasi və mədəni kimliyindəki rolunun şişirdilməsi barədə narazılıqlar var. İndi Paşinyan həbsxanada olarkən əlindən yerə düşmədiyini bildirdiyi Bibliyanı hədiyyə edirsə, deməli, Bibliyi Muzeyinin rəhbərliyi keçmişdəki dərslərdən nəticə çıxarmalı və “Qafqazın Nelson Mandelasının” hədiyyəsinə həssas yanaşmalı, ciddi yoxlanış etməlidir ki, yeni qalmaqal yaşanmasın.

Ə.RÜSTƏMOV
XQ



Siyasət