“Konstitusiya və Suverenlik İli” dövlətçilik tariximizin yeni mərhələsidir

post-img

Prezident İlham Əliyevin 2025-ci ili ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan etməsi Azərbaycanın müasir tarixində həm rəmzi, həm də strateji baxımdan mühüm önəm daşıyan siyasi qərarlardan biridir. Bu təşəbbüs bir tərəfdən, dövlətçiliyimizin hüquqi əsası olan Azərbaycan Respublikası Konstitusiyasının qəbulunun 30 illiyi ilə bağlıdırsa, digər tərəfdən ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün tam bərpası ilə üst–üstə düşməsi baxımından xüsusi tarixi məna kəsb edir.

Azərbaycan xalqı on illərlə davam edən işğal, ədalətsizlik və təcavüzlə üz–üzə qaldı. 2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Zəfər, ardınca 2023-cü ilin sentyabrında ölkə suverenliyinin tam bərpası təkcə hərbi–siyasi qələbə deyildi. Bu, milli iradənin, xalq birliyinin və güclü liderliyin təntənəsi idi. Bu tarixi qələbələr Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirdi, ölkəmizin gələcək inkişaf yolunda yeni mərhələnin əsasını təşkil etdi.

Yeri gəlmişkən, preambulasında Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması başlıca niyyətlərdən biri kimi təsbit olunan Konstitusiya 44 günlük Vətən müharibəsində özünün həyatiliyi və gücünü bir daha nümayiş etdirdi. Torpaqlarımız işğaldan azad olunduqdan sonra bu ali hüquqi sənədin qüvvəsi bütün ərazilərimizdə gerçəkləşdirildi. Beləliklə, dövlətimizin ərazi bütövlüyü və suverenliyi hüquqi–siyasi reallığa çevrildi.

2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi də məhz bu tarixi reallığın davamına və təsdiqinə çevrildi. Bu, xalqımız tərəfindən həm keçmişə hörmət, həm də gələcəyə inam mesajı kimi yüksək dəyərləndirildi. Dövlət başçısının siyasi iradəsi, xalqın milli həmrəyliyi və qətiyyəti nəticəsində əldə edilən bu mərhələ Azərbaycan tarixində yeni bir səhifənin başlanğıcı oldu.

Xatırladım ki, 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilən Azərbaycan Respublikası Konstitusiyası müstəqil dövlətimizin hüquqi əsaslarını müəyyənləşdirdi. Bu sənəd, eyni zamanda, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun təməl daşı oldu. Konstitusiyanın qəbul edildiyi dövr ölkəmizin ən mürəkkəb və təhlükəli bir mərhələsinə təsadüf edirdi. Belə ki, XX əsrin sonlarında müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan separatizm, anarxiya və vətəndaş qarşıdurması ilə üz-üzə qalmışdı. Bu vəziyyətdən çıxış yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə reallaşdı. Dahi şəxsiyyətin qətiyyətli və uzaqgörən siyasəti ölkəni parçalanma təhlükəsindən xilas etdi, müstəqilliyi qorudu və sabit inkişaf yoluna çıxardı.

O dövrü yaşayan hər bir kəs 1990-cı illərin əvvəllərində Azərbaycanın müstəqilliyini yenidən bərpa etmiş bir dövlət kimi mürəkkəb tarixi şəraitdə yaşadığını yaxşı xatırlayır. Sovet İttifaqından miras qalmış hüquq sistemi və qanunvericilik bazası müstəqil dövlətin tələblərinə cavab vermirdi. Qanunun aliliyinin təminatı zəif idi, insan hüquq və azadlıqları müdafiəsiz qalır, siyasi idarəetmədə xaos hökm sürürdü. Belə bir dövrdə hüquqi dövlət quruculuğu yalnız yeni, müasir və müstəqil bir Konstitusiyanın qəbulunu tələb edirdi.

Bu məsuliyyətli tarixi vəzifəni yerinə yetirmək isə yalnız ümummilli lider Heydər Əliyevin siyasi iradəsi və dövlətçilik bacarığı ilə mümkün oldu. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev qısa müddətdə ölkədə siyasi sabitliyi təmin etdi, dövlət idarəçiliyində nizam-intizam yaratdı və ən mühüm addımlardan biri kimi yeni Konstitusiya layihəsinin hazırlanmasına başladı.

Siyasi strategiyasında hüquqi dövlət quruculuğu xüsusi yer tutan ulu öndər Heydər Əliyevin Milli Konstitusiyanın hazırlanması və qəbulunu diqqətdə saxlaması, bununla da gələcək nəsillər üçün möhkəm hüquqi bazanı yaratması xalqımızın yaddaşında əbədi yaşayır. Bu gün 30 illiyini qeyd etdiyimiz Konstitusiya Azərbaycan cəmiyyətinin siyasi, sosial–iqtisadi inkişafında həlledici rol oynayan taleyüklü tarixi sənəddir.

Qeyd edim ki, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul olunan Konstitusiya Azərbaycan tarixində ilk milli əsas qanun kimi mühüm tarixi mərhələ açdı. 1995-ci il noyabrın 27-dən isə qüvvəyə minən bu sənəd dövlətçiliyimizin hüquqi bünövrəsini möhkəmləndirdi, xalqımızın gələcək inkişaf yolunu müəyyənləşdirdi.

Müasir Azərbaycan dövlətçiliyinin ən mühüm dayaqlarından biri olan milli Konstitusiyanın qəbulundan artıq 30 ilə yaxın bir müddət ötür. Referendum yolu ilə qəbul edilmiş bu sənəd ümummilli lider Heydər Əliyevin siyasi iradəsinin və müdrik dövlətçilik təfəkkürünün şah əsəri kimi tariximizə yazıldı. Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda, insan hüquq və azadlıqlarının təminində mühüm rol oynayan Konstitusiya dövlətimizin hüquqi sisteminin əsasını təşkil edir.

Konstitusiya, ümumiyyətlə, təkcə normativ hüquqi sənəd deyil, həm də siyasi legitimliyin, hüquqi sabitliyin və milli suverenliyin ən möhkəm dayağıdır. Dövlətin idarə olunmasının prinsipləri, hakimiyyətin bölgüsü, vətəndaşların hüquq və azadlıqları, dövlətin daxili və xarici siyasətinin əsasları Konstitusiyada təsbit olunub. Bu baxımdan, Azərbaycan Konstitusiyası həm hüquqi, həm də siyasi sistemdə, belə demək mümkünsə, normativ nüvə rolunu oynayır. Dövlətin əsas orqanlarının fəaliyyəti, qanunvericilik prosesləri, vətəndaş cəmiyyətinin inkişafı məhz Konstitusiyanın müəyyənləşdirdiyi çərçivədə həyata keçirilir.

Ulu öndərin müəyyənləşdirdiyi kursun məntiqi davamı kimi Prezident İlham Əliyev dövlətçiliyin əsaslarını daha da möhkəmləndirdi. Onun rəhbərliyi ilə Azərbaycan yalnız regionda deyil, həm də beynəlxalq müstəvidə söz sahibi olan bir dövlətə çevrildi. Ərazi bütövlüyünün bərpası, ölkəmizin suverenliyinin təmin edilməsi və milli maraqların qlobal miqyasda qətiyyətlə müdafiə olunması xalqımız tərəfindən bu siyasətin parlaq nəticələri kimi dəyərləndirildi.

Azərbaycanın gücü yalnız hərbi və siyasi sahədə deyil, həm də milli həmrəyliyin möhkəmləndirilməsində özünü göstərdi. 2023-cü ilin sentyabrında ölkə daxilində separatizmin kökünün birdəfəlik kəsilməsi ilə dövlətin suverenliyi tam gerçəkləşdi. Bu, regionda sülhün və təhlükəsizliyin bərqərar olunmasına da mühüm töhfə verdi.

Vurğulamaq istərdim ki, 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması təkcə yubiley xarakteri daşımır. Bu qərar dövlətçilik prinsiplərinin möhkəmləndirilməsinə, milli həmrəyliyin gücləndirilməsinə və hüquqi dövlətin inkişafına xidmət edir. Bununla dövlət qurumlarının, ictimai təşkilatların və vətəndaş cəmiyyətinin üzərinə mühüm vəzifələr düşür. Suverenliyin qorunması, dövlətin inkişaf etdirilməsi və milli maraqların müdafiəsi hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur. Eyni zamanda, hazırda hüquqi dövlət prinsiplərinin daha da dərinləşdirilməsi, demokratik institutların inkişafı və insan hüquqlarının müdafiəsi istiqamətində fəaliyyətlərin gücləndirilməsi xüsusi önəm daşıyır. Konstitusiyanın 30 illiyi həm də yeni islahatlar üçün hüquqi–siyasi zəminin möhkəmləndirilməsi baxımından əlamətdardır.

Azərbaycan tarixinin bu yeni mərhələsi keçmişin dərsləri, eləcə də gələcəyin hədəfləri ilə zəngindir. “Konstitusiya və Suverenlik İli” dövlətçilik ənənələrinin möhkəmlənməsi, milli həmrəyliyin gücləndirilməsi və hüquqi dövlətin inkişafı istiqamətində strateji çağırışdır. Uzun illərin mübarizəsindən sonra öz tarixi hədəflərinə çatan xalqımızın bu gün qarşısında duran əsas vəzifə həmin qələbələri qorumaq, dövləti gücləndirmək və gələcək nəsillərə daha qüdrətli bir Azərbaycan miras qoymaqdır. Dövlət başçısının müvafiq Sərəncamına əsasən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması bu baxımdan böyük tarixi və siyasi əhəmiyyətə malikdir. Bu qərar, ilk növbədə, Azərbaycan dövlətçiliyinin əsaslarını daha dərindən öyrənmək, gələcək nəsillərə ötürmək, Konstitusiyanın mahiyyətini və dəyərlərini geniş ictimaiyyət arasında təbliğ etmək məqsədi daşıyır.

Eyni zamanda, bu il sadəcə, tarixi hadisələrin qeyd olunması ilə məhdudlaşmır. Azərbaycanın hüquqi və dövlətçilik inkişafının daha da gücləndirilməsi, vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi, qanunun aliliyinin tam təmin olunması üçün yeni bir imkan açır. Dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, insan hüquq və azadlıqlarının müdafiəsi, məhkəmə–hüquq islahatlarının dərinləşdirilməsi məhz bu dövrün mühüm prioritetlərindən biridir.

Azərbaycan Konstitusiyası 30 ilə yaxın bir müddətdə ölkəmizin müstəqilliyinin, hüquqi sabitliyinin və siyasi inkişafının əsas təminatçısı kimi fəaliyyət göstərib. Onun qəbulunu gerçəkləşdirən ümummilli lider Heydər Əliyevin dövlətçilik irsinin bu gün də uğurla davam etdirilməsi xalqımızın gələcəyə inamını daha da möhkəmləndirir. Bir sözlə, 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması, şübhəsiz ki, həm tarixi dəyərlərin qorunması, həm də hüquqi dövlət quruculuğunun yeni mərhələyə yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu il bir daha sübut edir ki, Konstitusiyamız təkcə hüquqi sənəd deyil, eyni zamanda, müasir, müstəqil Azərbaycanın dövlətçilik fəlsəfəsinin təcəssümüdür.

Rəşid MAHMUDOV,
Suraxanı rayon prokuroru

Siyasət