Mingəçevir küçələrində zamanın səsi...

post-img

Bu, Kürüstü şəhərdə ucalan möhtəşəm quruculuq simfoniyasıdır

Fəxr edilməli məqamdır. Ölkənin hansı şəhərinə, rayonuna gediriksə, mükəmməl bir ictimai-siyasi fəallıqla üzləşir, hər yanda ölkənin ümumi inkişafına layiq yenilik və tərəqqiyə şahidlik edirik. Hansı fəsil olur-olsun, insanlar istidən, soyuqdan, küləkdən, yağmurdan çəkinməyərək qarşıda duran vəzifələrin öhdəsindən layiqincə gəlirlər.

Havanı, istini-soyuğu yada salmağımız təsadüfi deyil. Çünki indi haqqında söz açmaq istədiyimiz şəhər Kürün sahilində, Bozdağın ətəyində olsa da, builki yay orada da öz gücünü maksimum həddə göstərdi. Nur şəhərinin yayı sakinləri bu il çox ciddi şəkildə sınağa çəkdi. Ancaq mingəçevirlilər indiyədək çox sınaqlardan uğurla çıxıblar. Elə ona görə də istiyə təslim olmadılar. Qarşıda duran bütün vəzifələr uğurla, asanlıqla yerinə yetirildi.

Burda zaman nədən danışır?

Zaman bu şəhərin rəhbərliyini və ictimaiyyətini çağırır ki, tikinti-quruculuq, təmir-bərpa, abadlıq, yaşıllaşdırma və yenidənqurma işləri ölkənin ümumi inkişaf səviyyəsində aparılsın. Bu sahədəki uğurlar barədə dəfələrlə yazmışıq. Bu sətirlərdə də xüsusi olaraq toxunacağıq.

Zaman mingəçevirliləri çağırır ki, bu gözəl şəhərin tarixi adındakı “ölkənin sənaye mərkəzlərindən biri” ifadəsi ilə yanaşı “ölkənin elm, təhsil, mədəniyyət, idman mərkəzlərindən biri” deyimi də özünə yer tutsun. Qətiyyətlə deyə bilərik ki, mingəçevirlilər buna tam nail olublar.

Çoxsaylı turistlərin gəlməsini, beynəlxalq tədbirlərin keçirilməsini nəzərə alan zaman çağırır ki, şəhərin xidmət sahələri beynəlxalq təcrübələrə cavab verən şəkildə yeniləşdirilsin. Turist və qonaqlar gündən-günə dəyişən Mingəçeviri gəzməkdən doymurlar. Etiraf edirlər ki, həmin istək artıq günün reallığıdır.

8 Noyabr zəfərinin addım səsləri

Son iki-üç əsrdəki ən möhtəşəm hərbi-siyasi uğurumuz olan Böyük Zəfərdən sonra noyabrın 8-i Azərbaycanın bayramları və əlamətdar günləri sırasında ən mübarək yerlərdən birini tutdu. Bakıda ən geniş prospektlərdən birinə və metropolitenin yeni stansiyasına “8 Noyabr” adı verildi. Digər şəhərlərimizdə və rayonlarımızda da həmin tarix ucalara qaldırıldı. Nur şəhəri Mingəçevirdə isə... bu ad yenə də nurla bağlandı.

Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev bu il iyunun 24-də Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimində iştirak edib. Prezident Mingəçevirdə xatırlatdı ki, bu gün ölkəmizin energetika sahəsində əlamətdar bir gündür: “8 Noyabr” Elektrik Stansiyasının açılışı çox gözəl hadisədir. Ümumilikdə ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək bu stansiyanın yaradılması və qısa müddət ərzində bütün işlərin başa çatması ölkəmizin gücünü, potensialını, energetiklərimizin təcrübəsini, peşəkarlığını göstərir. Bu gün “8 Noyabr” Elektrik Stansiyası ölkəmizin ən böyük elektrik stansiyasıdır”.

Dövlət başçımızın fikrincə, bu stansiya, Mingəçevirin nəinki Azərbaycanın, bütövlükdə Cənubi Qafqazın energetika mərkəzi olan statusunu daha da gücləndirəcək. Hazırda bizim elektrik enerjisinin 40 faizindən çoxu Mingəçevirdə istehsal olunur və əlbəttə ki, görülmüş bütün bu işlər bir daha Azərbaycanın doğru yolda olduğunu göstərir.

Prezidentin bu fikirlərini “Xalq qəzeti”nin səhifələrində oxuyanda köhnə dostlarımızdan birinin hələ aprel, ya da may ayında mənə dediyi sözləri xatırladım. Dostum demişdi ki, hər yazıda Mingəçeviri “Nur şəhəri” adlandırırsan: “İndi elektrik enerjisi istehsal edilməyən hansı şəhərimiz, rayonumuz var ki? Bir tərəfdən də bərpaolunan enerji stansiyaları çoxalır. Ona görə də sən “Nur şəhəri” epitetindən əl çəkməli olacaqsan. Dövlət başçımızın həmin çıxışını eşidən kimi mənə irad tutan dostuma zəng edib qəzetdəki bir cümləni ucadan oxudum: “Hazırda bizim elektrik enerjisinin 40 faizindən çoxu Mingəçevirdə istehsal olunur...”

“Ay mənim, ana Kürüm...”

Əslən Qazaxdan olan tələbə yoldaşlarımızdan biri dönə-dönə deyirdi ki, Kür çayı Azərbaycanın ərazisinə Qazax rayonunda daxil olur və Salyanda ərazilərimizi tərk edir. Ona görə də Qazaxda və Salyanda Kürə sevgi elə həmin çayın suyu qədərdir. İsmayıl Şıxlının “Dəli Kür”ünü, Aşıq Pənah, Əliağa Kürçaylı və Əlisəmid Kürün şeirlərini yada salırdı. Guya digər rayonlarımızda Kürün adı çəkilmirdi.

Həmin dostumdan bu fikirləri bir də eşidəndə ona öz miqyasımda tutarlı cavab verdim: “Əzizim, hələ 1964-cü ildə Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman Mərkəzi yaradılmışdı. Sovet dönəmində orada SSRİ-nin hər yerindən və dünyanın müxtəlif ölkələrindən gələn gənclər arasında onlarca avarçəkmə təlim və yarışları keçirilmiş, müstəqillik dövründə isə Prezident İlham Əliyevin təşəbbüsü və dəstəyi ilə ən müasir avarçəkmə mərkəzi yaradılmışdır. 2007-ci ildən etibarən bazanın yardımçı hissəsində avarçəkmə üzrə beynəlxalq “Prezident Kuboku” reqatası keçirilib. 2015-ci ildə orada Birinci Avropa Oyunlarına daxil olan idman növlərinin yarışı təşkil edilib. Üstəlik, oradakı saysız qədər təlim-məşq oyunlarını demirəm.

İndi həmin baza III MDB İdman Oyunları üçün mükəmməl şəkildə hazırlanıb. Biz də “Xalq qəzeti” olaraq həmin tədbirlərdə iştirak edəcəyik. Şəhər icra hakimiyyəti bu hazırlıqların ölkə rəhbərliyinin tələb etdiyi şəkildə başa çatdırılması üçün lazım olan bütün addımları atıb və atır. Görürsünüzmü, Kürün adı beynəlxalq aləmdə daha çox Mingəçevirlə məşhurlaşır...

Sözün məqamı...

Kütləvi informasiya vasitələri yazırlar ki, gələn il – 2026-cı il oktyabrın 1-dən 15-dək Nur şəhərində ənənəvi “Mingəçevir Reqatası” adlı beynəlxalq turnir keçiriləcək. Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasından bildiriblər ki, həmin yarışlarda müxtəlif ölkələrin idmançıları iştirak edəcək və Mingəçevir su anbarında maraqlı qarşılaşmalar baş tutacaq. Reqata Azərbaycanın su idmanı ənənələrinin möhkəmlənməsinə mühüm töhfə verəcək. Turnir Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə həyata keçiriləcək.

Diqqət yetirin, “müxtəlif ölkələrin idmançıları” “Kür”də yarışacaq və Nur şəhərindən dünyanın bir çox ölkələrinə telereportajlar göndəriləcək, canlı yayımlar təşkil olunacaq.

“Konstitusiya və Suverenlik İli”nin çağırışları

Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovla istənilən görüşümüzdə milli dövlətçiliyimizə xidmət, Prezidentin daxili siyasətinin icrasına sədaqət mövzusunda hansısa yeni bir ifadəni eşidirik. İlham müəllim son görüşümüzdə dedi ki, bəzi adamlar yanlış olaraq elə düşünürlər ki, guya, daxili siyasət deyəndə mütləq hansısa proses, siyasətçilərin qatıldığı məsələlər nəzərdə tutulur. Qətiyyən elə deyil. Daxili siyasət olduqca böyük və mühüm sahələri əhatə edir: “Uşaqlardan tutmuş qocalara, ahıllara qədər istənilən zümrənin problemlərini öyrənmək, hər bir fərdin yanında olmaq dövlət məmurunun vəzifələrindən biridir. Elə bizim “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirdiyimiz tədbirlər silsiləsi də həmin mühüm işlərin tərkib hissəsidir”.

Xatırladım ki, bir neçə gün əvvəl – sentyabrın 2-də Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı yanında Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiyanın cari il üçün iş planında nəzərdə tutulmuş, valideynlər arasında uşaqlara qarşı zorakılıq və şiddətlə bağlı Azərbaycan Respublikası Qanunlarında nəzərdə tutulan inzibati və cinayət məsuliyyəti barədə maarifləndirici seminarların təşkilinin davamı kimi “Azərbaycan İES” MMC-də 18 yaşına (yetkinlik yaşına) çatmayan övladı olan işçilərlə maarifləndirici görüş keçirilib. Tədbir iştirakçılarını maraqlandıran sualların cavablandırılması hamı tərəfindən məmnunluqla qarşılanıb. Onu da əlavə edək ki, şəhərdə bu qəbildən olan tədbirlərdən biri də avqust ayında Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında keçirilmişdi. Yəni bütün dünyada böyük narahatlıq yaradan uşaq hüquqlarının qorunması məsələsi ölkəmizin hər yerində olduğu kimi, Mingəçevirdə də ən aktual məsələlərdən biri kimi diqqət mərkəzindədir. Bu isə dövlət başçımızın tövsiyə və tapşırıqlarının uğurla icrası deməkdir.

Bu şəhərin də “abad məhəllə”ləri var

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyyələri sayəsində şəhərdə görülən abadlıq işləri Mingəçevirin regionun mədəniyyət mərkəzinə çevrilməsinin əsas amillərindən biri kimi öz təsdiqini tapır və vətəndaşlarda məmnunluq hissi yaradır.

Orada qeyd edilir ki, Şəhər icra hakimiyyətinin tədbirlər planına uyğun olaraq və eləcə də sakinlərin arzu və istəyi nəzərə alınaraq, şəhərin ayrı-ayrı küçə və məhəllələrində davamlı təmizlik, bərpa və yenidənqurma işləri aparılır. Abadlıq-quruculuq işləri genişlənir, yeniliklər əlavə edilir. Mingəçevir Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin kollektivi nəzərdə tutulan tədbirlər planına uyğun olaraq, şəhərin bir çox məhəllə və küçələrində yenidənqurma işlərini uğurla həyata keçirir.

Bu yaxınlarda “Samux” küçəsi ara döngələrində asfalt örtüyünün və bardürlərin təzələnməsi işləri həyata keçirilib. Nəsimi küçəsinin giriş-çıxış yolları daxil olmaqla yeni asfalt örtüyü salınır. Həmçinin Heydər Əliyev prospekti, Nəsimi, İxtiyar Qasımov, “Samux” küçələrində sel-su ötürücülərinin, kanalların təmizlənməsi işləri işləri həyata keçirilib”.

Görülən işlərin miqyası o qədər böyükdür ki, saymaqla qurtaran deyil. Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq ölkəmizin 4-cü şəhərində sosial-iqtisadi layihələr uğurla davam etdirilir. Elə bir sahə yoxdur ki, nəinki hər ay, hər gün bir yeniliklə qarşılaşmayasan.

Bir təsadüfə baxın. Elə bu yazının üzərində işləyirdim ki, elektron poçtuma bir yazı daxil oldu. Açıb, baxdım. Mingəçevirdən idi. Həmkarım Esmira Hidayətova göndərmişdi: “Mingəçevirdə sakinlərlə açıq görüş keçirilib”. Söhbət şəhərin “Sağ sahil” yaşayış massivində, Təbriz küçəsi, 11 saylı binanın həyətində keçirilən görüşdən gedirdi.

Mən İlham İsmayılovun sakinlərlə keçirdiyi çox görüşlərdə olmuşam. O qədər səmimi, isti görüşlər keşirilir ki, uzun müddət yaddaşından silinmir. Sözü olan mikrofona yaxınlaşıb problemini deyir, arzusunu söyləyir. Elə məsələlər var ki, dərhal həllini tapır. Başçı digər görüləcək işlər barədə tapşırıqlar verir, sakinləri narahat edən problemlərin aradan qaldırılmasına xüsusi diqqət olacağını bildirir. Söz vermişəm ki, nə vaxtsa bu görüşlərin birindən reportaj yazacam. Necə var elə. Bəzəksiz, boyasız...

Şəhidlər bizə əbədiyyətdən baxırlar

Bu ifadəni Mingəçevirdə keçirilən tədbirlərdən birində eşitmişdim. Yanımda əyləşənlərdən biri sakitcə qulağıma pıçıldamışdı ki, həlak olmaq da ölmək deyilmi? Tədbirin aparıcısı sanki bu pıçıltını eşidirmiş kimi demişdi: “Torpaq, Vətən, xalq, azadlıq, ana-bacı qeyrəti, ulu əcdadların məzarlarının tapdağa çevrilməməsi uğrunda həlak olanlar ölmürlər, şəhid olurlar!”

Etiraf edim ki, Mingəçevir Şəhər İcra Hakimiyyətinin şəhid adına hörmət və ehtiramı məhz həmin tədbirdə eşitdiyimiz tezislə tamamilə üst-üstə düşür. Yaxşı yadıma düşdü. Elə bura əlavə edək. Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımov adına parkın yenidən qurulması işlərinə başlanılıb. Layihə ilə tanışam. Bildirilir ki, orada gözəl şərait yaradılacaq, yaşıllıq zolaqları genişlənəcək, yeni ağac tingləri və gül kolları əkiləcək, oturacaqlar qoyulacaq, fəvvarə quraşdırılacaq, Milli Qəhrəmanın xatirəsinə ehtiram əlaməti olaraq digər işlər də həyata keçiriləcək.

Onu da əlavə edək ki, bu il yanvarın 2-də Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun, şəhər rəsmilərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə qəhrəmanın ad günü münasibətilə yaşadığı “Naxçıvan” küçəsində barelyefi və xatirə bulağının açılış mərasimi keçirilib.

Məncə, sabaha inamla başladığımız bu sətirləri dünənə ehtiramla bitirməyimiz daha yaxşı oldu. Aqillər deyiblər ki, dünəni unudanların sabahı uğurlu olmaz. İnanırıq ki, Mingəçevirin sabahı daha uğurlu, daha firavan və daha işıqlı olacaq.

Mingəçevirdən salamlar

“Mingəçevirin adını hələ körpəlikdən eşidirəm”– desəm, yalan olmaz. Radioda unudulmaz müğənnimiz Lütfiyar İmanovun böyük ustalıqla oxuduğu “Mingəçevir” mahnısı elan ediləndə həmişə “Gəncə” sözünü eşidib sevinirdim. Elə bilirdim ki, mahnının sözlərinin müəllifi şair Novruz Gəncəli bizim Gəncədəndir, sən demə, o Bakıda doğulsa da, ünvan göstəricisi kimi bu təxəllüsü “şairlər babası” gəncəli Nizaminin şərəfinə götürübmüş. Süleyman Ələsgərovun həmin şeirə yazdığı musiqinin sözləri isə belə idi:

Kürün sinəsində tikilir saray
Uzanır hər yana qızıl telləri.
Səhərlər al Günəş, gecələrsə Ay
Burdan salamlayır bizim elləri.
Çıraqban olduqca Milim, Muğanım
Bürünür şəfəqə Azərbaycanım!

İlqar HƏSƏNOV,
XQ-nin bölgə müxbiri









Sosial həyat