İyirmi ilin iki yüz illik hikməti

post-img

İlham Əliyev dövrünün qürur və fəxarət salnaməsi ilə bağlı düşüncələr

Klassik fransız ictimai fikrinin nümayəndələrindən və tanınmış dövlət xadimlərindən olan Maksimilian Robespyer deyirdi ki, liderin iki vacib xüsusiyyəti var: birincisi, o, özü irəliyə gedir, ikincisi, getdiyi yerə xalqını da aparır. Böyük Britaniyanın qırxıncı baş naziri Benjamin Dizrayeli isə belə fikirdə idi ki, insanlıq ətrafa nəzər salınmasını zəruriləşdirən dövrə çatıb və bu dövrdə liderlər xalqın arxasınca gedirlər. 

Əlbəttə, həm Robespyerin, həm də Dizrayelinin ya­şadığı mühitin özəlliklərinə diqqət yetirsək, deyə bilə­rik ki, liderin irəliyə gedərkən, xalqını da öz arxasınca aparması ilə, xalqa qoşulub hərəkət etməsi mahiyyətcə ikincinin böyüklüyünün, eyni zamanda böyüklüyün for­malaşdırdığı cəmiyyətin maraq və mənafelərinin nəzərə alınmasıdır. Yəni, hər bir halda, lider-xalq, xalq-lider bir­liyi önəmlidir. Hər lider öz xalqına, xalq isə liderinə layiq­dir. Çünki lideri yetişdirən xalqın təpəri, xalqı formalaşdı­ran isə liderin həmin təpərdən irəli gələn keyfiyyətləridir. Bu yerdə istər-istəməz musiqisi Kamala, sözləri Baba Vəziroğluya məxsus “Heydər Xalqım deyəcək, Xalq Heydər söyləyəcək” mahnısı və Ağadadaş Ağayevin ifası yada düşür. Bəli, qətiyyətlə deyə bilərik ki, bu gün Azərbaycana Prezident seçilməsinin iyirmi illiyi tamam olan cənab İlham Əliyev Heydər Əliyevin əzəmət dün­yasının davamçısıdır. Bu varisliyin nəticəsidir ki, artıq düşüncələrimizdə Xalq-İlham, İlham-Xalq formulu var. 

Bəli, Prezident İlham Əliyev xalqı öz arxasınca apar­manın örnəyidir. O, eyni zamanda, xalqın iç dünyası­na, onun duyğu və yaşantılarına dərindən bələdçiliyin nümunəsidir. İlham Əliyev üçün xalq və dövlət bir-biri­ni tamamlayan vahid anlayışlardır. Bu anlayışlar onun fəaliyyət sferasının əhatə dairəsini, real mahiyyətini və əsas istiqamətlərini müəyyənləşdirir. Mövcud anlamda İlham Əliyevin liderliyi həm də xalqın arxasınca getmək, insanların tələb və ehtiyaclarını düzgün dəyərləndir­mək, arzularını gerçəyə çevirmək bacarığı ilə ölçülən faktordur. Ötən iyirmi il bu bacarıq səhnələri ilə zəngin tarixi mərhələdir. Elə bir mərhələ ki, özündə dövlətin inkişafını, qüdrətini və hədəflərinə doğru dönmədən, usanmadan irəliləmənin salnaməsini birləşdirir. Xalq-İlham, İlham-Xalq fomulu da elə budur. 

İlham Əliyev liderliyi cəmiyyətin sosial rifah hadisəsi­dir. Bu rifahda Azərbaycan insanının yeni gün uğrunda mübarizə əzmi, daha yaxşı yaşamaq istəyi var. Bu rifah üçün ailə dəyərləri ilə dövlətçilik dəyərləri, bir növ, çul­ğalaşmış durumdadır. Birinci dəyər ikinci üçün səfərbər olmuş vəziyyətdədir. Mövcud ictimai ab-havada daha yaxşı yaşamaq və yaşayaraq cəmiyyətə fayda ver­mək əzmi, bir növ, ehkamlaşmış struktura malikdir. Bu strukturda ehkamçılıq ənənələrə sadiqlik ruhu ilə mü­hafizəkarlıq mahiyyətini də qoruyur, yeni ənənələr də formalaşdırır. Söhbət yeni yaşam ənənələrindən gedir. O ənənələrdən ki, Azərbaycan insanını dünyada tanıdır, ona hörmət və ehtiram qazandırır. İlham Əliyev şəxsiy­yəti bu qazancın yaradıcısıdır, xalqla həmahəngdir. O, dünyada söz sahibi olduqca, Azərbaycan insanı da eyni təbiət özəlliyini və xarakterini əxz edir. Ötən iyirmi il bu əxzetmənin çoxsaylı nümunələri ilə zənginlik tarixidir.

İlham Əliyev liderliyi böyük siya­si şəxsiyyətlərin politoloji ədəbiyyat­lardakı təsvir düzəninə uyğun, eyni zamanda, uyğun gəlməyən məxsusi obrazdır. Uyğundur, ona görə ki, hə­min təsvirlərdəki kimi davranır, hərəkət edir, rasionaldır, praqmatikdir və sair. Uyğun deyil, ona görə ki, yuxarıda sa­dalanan prinsiplər heç də hər topluma və xalqa bütövlükdə şamil edilə bilməz. İlham Əliyev liderliyi üçün toplumu du­yan hərəkət özəlliyi var. Bu duyumda prinsipləri formalaşdıran səmimiyyət­dir. Axı, əksər siyasi ədəbiyyatlar sə­mimiyyət faktoruna o qədər də önəm vermir. İlham Əliyevin gücü bu faktora məxsusi ahəngdarlıq və dinamizm qa­zandırmasındadır. Əlbəttə, bu xarakter səmimiyyətə zor tətbiqini, ondan sui-is­tifadəni heç cür qəbul etmir. Müvafiq olaraq, meydana çıxan kompromis­sizlik xalqın da daxili dünyasının, ta­leyüklü məsələlərə münasibət tərzinin formalaşmasına təsirini göstərir. 

Qətiyyətlə söyləyə bilərik ki, yola saldığımız iyirmi il xalqımızın dünyaya səmimiyyət axınını gücləndirdiyi mər­hələdir. Dünya İlham Əliyev liderliyin­dəki səmimiyyətə nəzərən xalqımızı da eyni keyfiyyətdə gördü və tanıdı. Xalq imkan tapdı ki, səmimiyyəti ilə ci­lalanmış mədəniyyətini, incəsənətini, söz-sənət, musiqi xəzinəsini dünyanın ayrılmaz parçası etsin. Bu baxımdan tariximizin heç bir dönəmində bey­nəlxalq aləmə indiki qədər yaxın ol­mamışdıq. Yaxınlığımız ötən iyirmi ilin müstəsna olayı, misilsiz yaşantısıdır. 

Əlbəttə, səmimiyyət, dediyimiz kimi, güzəştsiz təbiətə malikdir. Həm güzəştsiz, həm də barışmaz təbiətə. İlham Əliyevin Prezidentliyinin 20 ili xalqımızın barışmazlıq mübarizəsinin və əzmkarlığının tarixidir. Biz əzmkarlıq olduqca səmimiyyətimizdən sui-istifa­də edənlərin də meydana atıldıqlarını gördük. Bəzən üzərimizdə üstünlük qa­zanmış kimi oldular. Məhz belə anlar­da xalqın gözünü dikdiyi liderdir İlham Əliyev. Bəlkə heç kəs bilmədi ki, o, vəziyyətdən çıxmaq üçün nə edəcək, amma hamı əmin oldu ki, o, mütləq nə isə edəcək. Etdi də. Ötən 20 il İlham Əliyev şəxsiyyətinin xalqı üçün etdiklə­rinin, ölçüyə, müqayisəyə gəlməz xid­mətlərinin tarixidir. 

İlham Əliyev şəxsiyyəti Azərbaycan dövlətinin qlobal çətinliklərə sinə gər­mək, ciddi müqavimət immunitetidir. Azərbaycan dövlətçiliyi tarixin heç bir dönəmində bu qədər çətinliklə üzləş­məmişdi və bu qədər çətinlik qarşısın­da duruş gətirmək əzminə malik olma­mışdı. Bütün bunlar isə heç şübhəsiz, dövtlətçiliyimizin əbədilik formulu üçün müstəsna təminatdır. Necə deyərlər, çəkişməsən bərkişməzsən. Tam əmin­liklə vurğulaya bilərik ki, İlham Əliyevin prezidentliyinin ötən iyirmi ili dövlətçili­yimizin əbədiyyət təminatıdır. 

İlham Əliyevin Prezidentliyi bənzər­siz və təkrarsız varislik xəttidir. Dövlət idarəçiliyində varisliyin ən böyük nü­munəsidir İlham Əliyev. Onun varisliyi ənənəvi klişelərdən tam uzaqdır. Çün­ki, o, varisliyə qanunauyğunluq obra­zı biçmiş liderdir. Cənab İlham Əliyev əməli fəaliyyəti ilə sübut etdi ki, Heydər Əliyev dühasının dövlət idarəçiliyi baxı­mından irəli sürdüyü harmonik düzən məhz varislik prinsipi əsasında böyük uğurlar əldə etmək iqtidarındadır. Bu, müasir dünyamızda analoqu olmayan siyasi baxış trayektoriyasıdır. Geridə buraxdığımız iyirmi il mövcud baxışın təntənə səhnələri ilə zəngin mərhələ­dir. 

İlham Əliyev fenomenal şəxsiy­yətdir. Hərtərəfli hazırlığı, müstəqil si­yasət yürütməsi onu dünya liderlərinin ön cərgəsinə çıxarıb. Məhz Prezident İlham Əliyevin sayəsində həm ümumən beynəlxalq münasibətlərdə, həm də regional siyasətdə ölkəmiz əsas söz sahiblərindəndir. İlham Əliyevin feno­menallığı ümummilli mənafeləri digər xalqlar üçün də faydalı ola biləcək ümumi maraqlarla uzlaşdırmaq bacarı­ğındadır. Ötən iyirmi ildə onun liderliyi sayəsində uzlaşmış maraqların, baxış­ların, aradan qalxmış ziddiyyətlərin sa­yı-hesabı yoxdur. Ona görə də geridə qoyduğumuz müddət həm də Vətəni­mizi dünyada barış ünvanı kimi xarak­terizə etmək üçün əsaslar verməkdə, bəşəri ünvan kimi səciyyələndirməkdə­dir. İlham Əliyevin ən böyük uğurların­dan biri də elə budur. 

Əlbəttə, yuxarıda sadaladığımız xüsusiyyətlər və şəxsi keyfiyyətlər məcmusu, habelə ondan irəli gələn na­iliyyətlərdə bir hədəf, müqəddəs amal olub – QARABAĞ. Xalqımız üçün Fü­zuli, Ağdam, Kəlbəcər, Xocalı, Zəngi­lan, Qubadlı, Laçın, Əsgəran, Ağdərə, Xankəndi, Xocavənd və nəhayət Şuşa da Qarabağ idi. Biz bu yurdlarımızın iş­ğalda, düşmən tapdağı altında qalma­sının acısını Qarabağ dərdi kimi otuz ilə yaxın müddətdə içimizdə daşıdıq. İlham Əliyev hər birimizdən daha çox daşıdı bu dərdi. İlham Əliyev hər bir azərbaycanlıdan daha artıq düşündü Qarabağın qurtuluşunu. İlham Əliyev Qarabağ davasını sürdürmənin də müstəsna varislik örnəyidir. Ona görə də 2020-ci ilin noyabrın 8-də – Şuşa­nın düşmən tapdağından qurtulduğu gündə ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etdi. Bu ziyarət zi­yarətlərin bəşərisi və ülvisi idi. Bir övla­dın ata vəsiyyətinə əməl etməsinin ən böyük təntənə anı idi bu ziyarət. İlham Əliyevin prezidentlik fəaliyyətinə mö­hür vuran ən böyük an idi. 

Bəli, o ziyarət üzərimizdəki ləkə­dən qurtulduğumuzun müjdəsi idi. Hər cür irəliləyişlərə, inkişafa və tərəqqiyə rəğmən, üzərimizdəki torpaq itirmək utancından xilasın qürur və fəxarət anı yaşandı 2020-ci ilin noyabrın 8-də. Əminik ki, yalnız Heydər Əliyevin de­yil, Fəxri xiyabanda uyuyan, torpağı Vətən, toplumu Xalq edən, bu yolda xidmətləri olan bütün şəxsiyyətləri­mizin ruhları şad idi həmin gün. Heç şübhəsiz, onların hər biri üçün Şuşa yalnız bir şəhər deyildi. Şuşa, eyni za­manda, böyük dünya, əzəmət və var­lıq simvolu, məbədi idi. Noyabrın 8-də varlığımız, ləyaqətimiz özümüzə qayıt­dı. Bu qayıdışın müzəffərlik simvoludur İlham Əliyev. 

İlham Əliyev Qarabağ uğrunda müqəddəs mübarizəni hərtərfli diri tu­tan, bu mübarizənin Zəfər nöqtəsinə yetişəcəyinə inamı ölməyə qoymayan mübarizlik rəmzidir. Hazırda Ermə­nistanın, dünya ermənipərəstliyinin, eləcə də xaricdəki anti-Azərbaycan qüvvələrin həyata keçirdikləri mən­fur fəaliyyətlərin, çeşidli manipulya­siyaların ayrı-ayrı detallarına diqqət yetirəndə görürsən ki, İlham Əliyev prezidentliyinin ötən iyirmi ilində han­sı çətinliklərə, hansı məhrumiyyətlərə qatlaşıb. Həqiqətən, təsvir etmək və təsəvvürə gətirmək olduqca çətin­dir. Onun ölkəmizə qarşı hansı məkrli oyunları pozduğunu, necə bir dirəniş göstərdiyini da hiss etmək çətin, çətin olduğu qədər də ağırdır. İlham Əliyev ağırlıqları çiyinlərində daşımış liderdir. 

Bəli, 44 günlük müharibə bizi özü­müzə qaytardı. Bu qayıdış yaxın iki yüz illik tariximizdə olmayan bir hadisədir. Biz artıq “torpaqdan pay olmaz” deyi­mini əməli fəaliyyəti ilə sübuta yetirmiş xalqıq. Kim nə deyirsə desin, hansı for­mada qələmə alırsa-alsın, yaşadığımız dünya güc amili ilə hesablaşır. İlham Əliyev gücdən səriştəli, səmərəli bəh­rələnmənin, gücü ilə hesablaşılması məcburi xarakter daşıyan siyasət ami­linə çevirmənin misilsiz örnəyidir. 

44 günlük müharibədə əldə etdiyi­miz müqəddəs Zəfər sayəsində əra­zi bütövlüyümüzün, bu il sentyabrın 19-da başladığımız və cəmi 23 saat 43 dəqiqə davam etmiş lokal xarakter­li uğurlu anti-terror tədbirləri ilə dövlət suverenliyimizin bərpası, heç şübhə­siz, Prezident İlham Əliyev şəxsiy­yətinin dünya siyasəti meydanındakı nəhənglik göstəricisidir. Bu, elə bir nəhənglikdir ki, ona tapınmaq, ona sı­ğınmaq Azərbaycan üçün yeni üfiqlər, yeni daha böyük başlanğıclar açır. Xalqımız əmindir ki, müstəqil, azad, suveren Azərbaycanımız İlham Əliyev müdrikliyinin sayəsində bundan sonra da yeni başlanğıcların gətirəcəyi mü­vəffəqiyyətlərə qovuşacaqdır. Ulu ön­dər Heydər Əliyevin təbirincə desək, dünyaya doğmuş Azərbaycan Günəşi Prezident İlham Əliyevin rəhbərliyi, ka­mil sərkərdəlik bacarığı ilə daha parlaq işıq saçacaqdır. 

“Xalq qəzeti”nin kollektivi olaraq Prezident İlham Əliyevi prezidentlik fəaliyyətinin iyirmi illiyi münasibətilə sə­mimi qəlbdən təbrik edir, ona Uca Tan­rıdan möhkəm cansağlığı, Vətənimiz Azərbaycanın maraq və mənafelərinin qorunması yolundakı dönməz fəaliyyə­tində yeni-yeni nailiyyətlər arzulayırıq. 

Əflatun AMAŞOV,
baş redaktor

Siyasət