“Ermənistanda anti-Rusiya ritorikası güclənməkdədir. Baş verən hadisələrin xronoloji ardıcıllığına diqqət yetirsək, görərik ki, Nikol Paşinyan hökuməti Rusiya ilə münasibətlərin gərginləşməsinə doğru konkret addımlar atır. Ermənistan bu addımını müstqəil siyasət yürütmək cəhdi kimi göstərməyə çalışır. Hadisələrin gedişatına nəzər yetirdikdə isə görürük ki, həmişəki kimi, Ermənistan başqa güclərin diktəsi ilə hərəkətə keçir. Burada Fransa amili xüsusi fərqləndirilməlidir”.
Bu fikirləri XQ-yə açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov bildirib.
O qeyd edib ki, Ermənistan İkinci Qarabağ müharibəsindəki məğlubiyyətindən sonra uğursuzluğunu Rusiya ilə bağladı: “Rusiya əlehinə açıq ittihamlar, kütləvi aksiyalar məsələnin görünən tərəfləri idi. ABŞ-ın Nümayəndələr Palatası sədrinin Ermənistana səfəri zamanı Rusiya Prezidentinin plakatlarının cırılması, Rusiya əleyhinə şüarların səsləndirilməsi daha bir növbəti təxribat idi”.
Politoloq hesab edir ki, Ermənistan siyasəti Qərb istiqamətində küləkləyir, hər vəchlə Rusiyanın çətiri altından qurtulmağa yollar axtarılır: “Biz bunu son dönəmlər erməni rəsmilərinin Qərb liderləri ilə görüşü zamanı Rusiya əlehinə səsləndirilən fikirlərdə daha aydın görürük. Ermənistanın ABŞ ilə münasibətlərinin yaxşılaşdırılması, birgə hərbi təlimlərin keçirilməsi də Rusiyaya qarşı etirazın bir formasıdır. Roma Statutunun qəbul edilməsi isə Ermənistanın Rusiyaya qarşı çıxmasının ən açıq forması idi. Bu, sıradan bir hadisə deyil, Vladimir Putini həbs etməyə hazırlığın nümayişidir”.
Rizvan FİKRƏTOĞLU
XQ