Oktyabrın 5-də bir sıra ölkələrin təşəbbüsü ilə ATƏT PA-nın növbədənkənar onlayn Büro iclası keçirilib.
Qeyd edilib ki, iclasın əsas mövzusu Cənubi Qafqazda baş verən son hadisələrin, xüsusilə Azərbaycanın Qarabağ bölgəsində həyata keçirilən lokal antiterror tədbirləri və bundan irəli gələn vəziyyətin müzakirəsi olub.
Müzakirələr zamanı Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, ATƏT PA-nın İqtisadiyyat, elm, texnologiya və ətraf mühit məsələləri Baş Komitəsinin sədri, büro üzvü Azay Quliyev sentyabrın 19-20-də həyata keçirilən lokal antiterror tədbirlərinin səbəbləri, məqsədi və nəticələri barədə ətraflı məlumat verib.
Diqqətə çatdırılıb ki, ermənilərin davamlı təxribatlarına cavab olaraq başladılan və çox dəqiqliklə aparılan antiterror tədbirləri zamanı yalnız legitim hərbi hədəflər zərərsizləşdirilib, mülki əhaliyə və mülki infrastruktura heç bir zərər dəyməyib. A. Quliyev nəticədə qanunsuz erməni silahlı qüvvələrinin təslim olduğunu və oyuncaq rejimin özünü buraxdığını vurğulayıb.
İclasda Ermənistan və digər nümayəndə heyətlərinin Azərbaycana qarşı müəyyən tədbirlərin görülməsi, Qarabağ erməniləri ilə əlaqədar işçi qrupunun yaradılması ilə bağlı cəhdlərinin qarşısı alınıb, bu cür pozucu təşəbbüslər Büro tərəfindən rədd edilib.
XQ

