Dünən 6-cı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2023-cü il payız sessiyasının növbəti iclası keçirilib.
İclasda Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavininin müraciətinə baxılması; “Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Qanunda dəyişiklik edilməsi məsələlərinə baxılıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov gündəlikdə duran birinci məsələ ilə bağlı qeyd edib ki, Ali Məclis sədrinin birinci müavini Azər Zeynalov istefa ilə bağlı müraciət edib. Müzakirə olunan məsələ ilə əlaqədar qərar layihəsi oxunduqdan sonra səsə qoyularaq qəbul edilib.
İkinci məsələ ilə bağlı bildirilib ki, Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli Konstitusiya Qanunu ilə “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilib. Bununla əlaqədar Naxçıvan Muxtar Respublikasının müvafiq qanununda dəyişiklik layihəsi hazırlanıb. Layihə ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Hüquq siyasəti komitəsinin sədri İsmayıl Qəribli məlumat verib.
Deputatlardan Elman Cəfərli, Yeganə Məmmədova və Aidə Allahverdiyeva qanun layihəsinə edilən dəyişikliklərin Naxçıvan Muxtar Respublikasında həyata keçirilən islahatlara cavab verdiyini, insan hüquqlarının daha da etibarlı təminatına şərait yaradacağını, eləcə də dayanıqlı inkişafa xidmət edəcəyini bildirib, dəstək ifadə ediblər.
XQ


