Sammitin əsas mövzusu “Orta dəhliz” olub
Almaniya və Orta Asiyanın beş müstəqil dövlətinin liderlərinin iki gün əvvəl Berlində keçirilən görüşü çoxları üçün gözlənilməz olub. Adətən, belə mühüm tədbirlər qlobal medianın diqqətində olur. Bu dəfə isə tədbir barədə geniş ictimaiyyətə əvvəlcədən məlumat verilməyib.
Bu məqam, təbii ki, Berlin sammitinin əhəmiyyətini heç də azaltmır. Diqqətçəkən cəhətlərdən biri də odur ki, “Orta dəhliz”lə bağlı siyasi səhnəyə digər aktorlarla bərabər, indi Almaniya da çıxır. Görünür, Berlin, bu iri kommunikasiya layihəsinin əhəmiyyətini yaxşı başa düşür və kənarda qalmaq istəmir.
Almaniya Kansleri Olaf Şoltsun təşəbbüsü ilə Berlində baş tutan tədbirdən sonra mediaya verilən açıqlamada qeyd olunur ki, Orta Asiya dövlətləri və Almaniya öz aralarında tarixdə ilk dəfə keçirilən sammitdən sonra Asiya ilə Avropanı birləşdirəcək “Orta dəhliz” marşrutunun yaradılması barədə razılığa gəliblər.
Almaniya mətbuatı onu da yazır ki, kansler tədbirdə ölkəsinin Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan liderləri ilə iqtisadiyyat, enerji və təbii ehtiyatlar sahələrində sıx əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu vurğulayıb. Jurnalistlərin sözlərinə görə, Berlində müzakirələr, həqiqətən, məhsuldar və səmərəli olubdur.
Almaniya iqtisadi gücünə görə, Avropada birinci, dünyada dördüncüdür. Bu ölkə ilə hərtərəfli iqtisadi əlaqələr qurmaq Orta Asiya dövlərinin milli və strateji maraqlarına tamamilə uyğundur. Onlar öz ixrac marşrutlarını şaxələndirməyə çalışırlar.
Kansler, öz növbəsində, alman iş adamlarının region ölkələrinin iqtisadiyyatına iri sərmayələr yatırmaqda maraqlı olduğunu vurğulayıb. Almaniya ümid edir ki, bu ölkədə istehsal olunan mallar Orta Asiya dövlətlərinin böyük istehlak bazarında özünə layiqli yer tutacaq. Eyni zamanda, region zəngin xammal ehtiyatlarına malikdir.
Bu arada Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) “Orta dəhliz”in əsas seqmentlərindən olan “Mərkəzi Transxəzər Şəbəkəsi”ni dayanıqlı nəqliyyat şəbəkəsi kimi təsnif edən yekun hesabatı təqdir edib. Orta Asiya dövlətlərinin prezidentləri bu məqamı yüksək dəyərləndiriblər. Bu fakt həm də ona dəlalət edir ki, Almaniya “Orta dəhliz”in maliyyələşdirilməsi üçün söz sahibi olduğu AYİB-nin maliyyə dəstəyini təmin etmək əzmindədir.
Liderlər layihə çərçivəsində gələcəkdə enerji təhlükəsizliyini gücləndirmək, alternativ enerji təchizatı marşrutlarını inkişaf etdirmək, nəqliyyat və tranzit əlaqələrini yaxşılaşdırmaq, iqlim və ətraf mühitə uyğun iqtisadiyyata doğru irəliləmək məqsədlərini də dilə gətiriblər.
Sammitdə Almaniya Kansleri Olaf Şoltsla bərabər, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti Emomali Rahmon, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov iştirak ediblər.
“Orta dəhliz” fəaliyyətə başlasa, bu, böyük bir coğrafi məkanda dövlətlər və xalqlar üçün yeni fürsətlər yarada bilər. Azərbaycanın üç il əvvəl erməni işğalı altında olan torpaqlarını azad etməsi, son günlər isə ölkəmizin uğurla həyata keçirdiyi lokal antiterror addımlar Zəngəzur dəhlizinin tezliklə açılacağına ümidləri artırıb.
Xatırladaq ki, bir müddət əvvəl Almaniya Kansleri Çində rəsmi səfərdə olub və Çin Xalq Respublikasının Sədri Si Cinpinlə layihə ilə bağlı danışıqlar aparıb.
Bu yandan isə “Orta dəhliz”in rəqibi üzə çıxıb. Belə ki, “Böyük iyirmiliy”in Dehli sammitində Hindistanı Səudiyyə Ərəbistanı üzərindən İordaniya və İsraillə, oradan isə dəniz yolu ilə Yunanıstanı birləşdirən yeni nəqliyyat layihəsinin təqdimolunma mərasimi keçirilib. ABŞ, Fransa və bir çox Qərb dövlətləri məhz ikinci layihəni dəstəklədiklərini bəyan ediblər.
Berlin isə başqa fikirdədir. Görünür, Almaniya “Orta dəhliz”in daha sərfəli və səmərəli olduğuna əmindir və bu məsələdə praqmatik mövqe nümayiş etdirir.
Böyük siyasətdə fürsətləri vaxtında və düzgün dəyərləndirmək çox vacibdir. Zaman kimin haqlı olduğunu özü göstərəcək.
Mübariz MƏMMƏDLİ,
fəlsəfə doktoru, siyasi şərhçi
– Almaniyanın “Orta dəhliz”ə maraq göstərməsi, bütövlükdə, müsbət hadisədir və bizim ölkənin də milli maraqlarına uyğundur. Berlin maliyyə sahəsində layihəyə təsirli dəstək verə bilər. Almaniyanın maddi imkanları böyükdür.
Qeyd etmək lazımdır ki, son illər Mərkəzi və Orta Asiya regionunda yerləşən dövlətlərin Çin ilə sıx əlaqələri yaranmağa başlanıb və bu proses yüksələn xətlə inkişaf edir.
Çinin regionda nüfuzunun artması isə Vaşinqtonu narahat edir. Buna görə də, Ağ evin hazırkı sahibi beş Orta Asiya ölkəsi ilə hərtərəfli əlaqələrini genişləndirməyi qərara alıb. Prezident Co Baydenin Nyu-Yorkda həmin ölkələrin liderləri ilə görüşünün səbəbi də məhz bu idi.
Bununla bərabər, Pekini bölgədən sıxışdırıb çıxarmaq o qədər də asan deyil. Ən azı ona görə ki, Qədim İpək Yolunun üzərində yerləşən Orta Asiya ölkələri “Orta dəhliz” vasitəsilə həm Çin, həm də Avropa ilə ticarət əlaqələrini genişləndirməkdə maraqlıdırlar.
2022-ci ilin fevralında Rusiyanın Ukraynaya hücumundan sonra MDB məkanında yeni geosiyasi reallıqlar yaranıb. Bu, Orta Asiya liderlərini ehtiyatlandırır. Onlar bölgəyə yeni güclü, demolratik dəyərlərə üstünlük verən dövlətlərin gəlməsində maraqlı görünürlər.
Yaxşı haldır ki, Orta Asiya regionunun özündə də ciddi inteqrasiya prosesləri gedir. Bu dövlətlərin başçıları səviyyəsində tez-tez görüşlər keçirilir, qarşıya çıxan bir çox problemlər operativ həllini tapır.
Əlamətdar haldır ki, regionda Türkiyənin rolu və nüfuzu durmadan artır. Qardaş ölkə Orta Asiya xalqları üçün “yumşaq güc” mənbəyi sayılır. Bu regionda Türkiyənin mövcudluğu Qərbin də xeyrinədir.
Məsaim ABDULLAYEV
XQ