İsveçrənin Lozanna şəhərində 11-ci Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Beynəlxalq Atletlər Forumu (IAF) keçirilib. Azərbaycan Atletlər Komissiyasının sədri, “Rio-2016” Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Rüstəm Orucovun da iştirak etdiyi forumda bütün ölkələri təmsil edən komissiya üzvləri ən vacib məsələləri müzakirə ediblər.
Forumun birinci günündə erməni idmançı isə beynəlxalq atletika diskussiyasını siyasi iddia meydanına çevirməyə cəhd edib. Ermənistan təmsilçisi Arsen Culfalakyan idman mövzusunu bir kənara qoyub, müharibə şəraitində olan ölkəsinin hazırda 125 min qaçqını olduğunu bildirib.
Azərbaycan Atletlər Komissiyasının sədri Rüstəm Orucov dərhal erməni idmançının yalan və böhtanını cavablandırıb: “30 il əvvəl müharibəni ermənilər başladı və torpaqlarımız işğal edildi. Biz heç kimin torpağına göz dikməmişik. Əgər hazırda sizdə qaçqın varsa, bu problem deyil, onlar Qarabağda qalıb, yaşaya bilərlər. Bu gün Qarabağı könüllü tərk edərək Ermənistana gedən erməni əsilli şəxslərin Azərbaycanın humanistliyi sayəsində Laçın sərhəd-buraxılış məntəqəsindən sərbəst keçidi üçün şərait yaradılır. Onlara qarşı heç bir zorakılıq edilmir”.
Soydaşımız bildirib ki, Azərbaycan Qarabağ ermənilərinin reinteqrasiyasına hərtərəfli şərait yaradıb, Qarabağdakı erməni sakinlərə ərzaq və tibbi yardım göstərir. Erməni separatçıları isə 1990-cı illərdə xalqımıza qarşı böyük vəhşiliklər törədiblər: “Əliyalın soydaşlarımız xüsusi amansızlıqla, işgəncələrə məruz qalaraq qətlə yetirilib, genosidə məruz qalıblar. Onlar öz vətənində məcburi köçkünə çevrilmişdilər”.
Rüstəm Orucov idmanı siyasətə qatmamağı və mübarizəni tatamidə aparmağın lazım olduğunu söyləyib.
Forumda komissiyanın son işlərinin icmalı və yenilənmiş strategiyası müzakirə edilib. Tədbirdə Rusiya və ya Belarus pasportu olan idmançıların beynəlxalq yarışlarda fərdi neytral idmançı kimi iştirakı ilə bağlı beynəlxalq federasiyalara və idman təşkilatçılarına BOK və onun nəzdində fəaliyyət göstərən Atletlər Komissiyasının təqdim etdiyi tövsiyələr də müzakirə edilib. Daha sonra idmançılara dəstək, Olimpiya Hərəkatının maliyyələşdirmə modeli və onları BOK vasitəsilə dəstəkləmək üçün mövcud proqramlar, o cümlədən Olimpiya Həmrəyliyi, “Athlete 365” və Ümumdünya Olimpiya Tərəfdaşlarının hazırladığı proqramlar barədə fikir mübadiləsi aparılıb.
L.QURBANOVA
XQ