Gürcü politoloq: Azərbaycan Prezidentinin “Qarabağ Azərbaycandır!” kəlamı əməli işdə də təsdiqini tapdı

post-img

Bu gün Azərbaycan xalqı öz şəhidlərinin xatirəsini anır. Biz də gürcü xalqının nümayəndələri kimi dost və qardaş Azərbaycan xalqının yanındayıq, onun kədərini bölüşürük. Şəhidlərə Allahdan rəhmət diləyirik.

Bu sözləri Gürcüstanın “Newsday.ge” portalının direktoru, siyasi şərhçi Aftandil Otinaşvili  açıqlamasında söyləyib.

“Azərbaycan Prezidenti İlham Əliyev bəyan edirdi ki, Qarabağ Azərbaycandır. Bu gün bu kəlamın əməldə də təsdiqini gördük. İkinci Qarabağ müharibəsində Azərbaycan torpaqlarını işğaldan azad etdi. Bir neçə gün bundan əvvəl isə qısa müddətdə antiterror tədbirləri nəticəsində konstitusion quruluşunu bərpa etdi. Torpaqlarını işğaldan azad edən Azərbaycan indi də həmin ərazilərdə bərpa və yenidənqurma işləri həyata keçirir. İnanırıq ki, tezliklə Qarabağ gözəlliyi və inkişafı ilə dünyanın diqqətini cəlb edəcək bölgəyə çevriləcək. Bütün bunlara şəhidlərin qanı-canı bahasına nail olunub. Şəhidlərin xatirəsi heç zaman unudulmamalıdır. Bu gün Azərbaycan xalqının öz şəhidlərini belə izdihamla anması bir nümunədir”, - deyə A.Otinaşvili bildirib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Siyasət