Bir ölərik, min dirilərik...

post-img

Cənab Ərdoğan bunun ardınca demişdi ki, “tarixdən ibrət alsaq, tarix təkrar olunmaz” 

Bu sətirləri qələmə almaq üçün təxmini mündəricə barədə düşünəndə ölməz şairimiz Xəlil Rza Ulutürkün ötən əsrin 70-ci illərində Baltikyanı ölkələrə səfərdən sonra yazdığı olduqca kiçik, qeyri-ənənəvi şəkildə lakonik olan bir şeiri yadıma düşdü. Şair şeirdən əvvəl qeyd edirdi ki, Vilnüsdə əsrin əvvəllərində işğalçılara qarşı mübarizələrdə həlak olmuş litvalı qəhrəmanın abidəsini gördüm. Pyedestaldakı yazı bu şeirin stimulu oldu:

“Qalacaqsan dünyada, bir litvalı qalınca!” 

Belə söz eşidəndə adam dönür qılınca.

Bəli, biz torpağımız uğrunda sonuncu azərbaycanlı qalana qədər olsa da, döyüşmə­liydik. Çünki bu işğal tarix boyu üzləşdiyimiz çoxsaylı haqsızlıqların ən dəhşətlilərindən biri idi. Həm Ulu öndər Heydər Əliyev, həm də Prezident İlham Əliyev dəfələrlə demiş­dilər ki, biz bu problemin həllini gələcək nə­sillərin – günahsız övladlarımızın, nəvə-nəti­cələrimizin öhdəsinə buraxa bilmərik. 

Belə də oldu. Problem, məhz ulu öndərin siyasi kursunun icrası nəticəsində, “Heydər Əliyev ili”ndə, Prezident İlham Əliyevin ölkədə siyasi hakimiyyətə gəlməsinin 20 illi­yi ərəfəsində, Azərbaycan xalqının öz iqtidarı ətrafında monolit birlik yaratmasından, ordu­muzun inkişafının “dəmir yumruğ”a çevril­məsindən sonra həll edildi. Ancaq, çox təəs­süf ki, xeyli itkimiz oldu. Bu barədə danışan ağsaqqal ziyalılarımızdan biri dedi ki, min illər boyu yaşadığımız tarixdə Azərbaycanın şəhid vermədiyi il olubmu? Bu suala özü ca­vab verdi ki, olmayıb. Amma xalqımız, döv­lətimiz yaşayır. Unutmayın, xalqı da, dövləti də yaşadan məhz həmin itkilərimizin qanı, ruhu, əməli, fədakarlığı, rəşadəti və ləyaqəti olub. 

Mənim çoxsaylı şəhidlərimizin olduğuna görə təəssüf etdiyimi eşidən ağsaqqal əlavə etdi ki, türkdilli ölkələrdə bir ildə ölənlərlə dünyaya gələnlərin sayında daim fərq olur. Doğulanlar daha çoxdur: “Ancaq mən ölən­lər haqqında danışmaq istəyirəm. Dövlət Statistika Komitəsinin statistik göstəricilə­rinə baxın. Tutaq ki, 1990-cı ildə vəfat edən, dünyasını dəyişən minlərlə soydaşımızdan öz valideynləriniz və ya əzizlərinizdən başqa kimi tanıyırsınız? Təbii ki, heç kəsi. Ancaq 20 Yanvar şəhidlərinin az qala hamısının tərcümeyi-halını bilirsiniz. Eləcə də, azadlıq və ya ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda gedən döyüşlərdə şəhid olmuş di­gər soydaşlarımız da özlərındən və ya bizim düşüncəmizdən asılı olmayaraq, 50 milyon­luq xalqımızın əzizinə çevriliblər. 44 günlük İkinci Qarabağ müharibəsində və bu il sent­yabrın 19-da başlanan lokal antiterror əmə­liyyatları zamanı şəhid olan övladlarımız, bacı-qardaşlarımız da xalqın min illər boyu yazdığı tarixin növbəti şərəfli səhifələrinə düşürlər.”

Ağsaqqalın fikirlərini eşidəndə, yaşımın bu çağında da “qılınca dönmək” istədim. 

Bəs biz daha mütəşəkkil, daha güclü ol­duğumuz halda nə üçün xeyli itki vermişik? Bu sualın cavabını tanınmış hərbi ekspert Ədalət Verdiyevin sosial şəbəkədə paylaşdı­ğı arqumentlərdə tapdım. Ekspert yazır ki, hücumda olan ordu müdafiədə olan orduya nisbətən daha çox itki verir. Ancaq 44 gün­lük müharibədə müdafiədə olan Ermənistan ordusu bizə nisbətən iki dəfədən çox hərbçi itirib, bütün texnikası məhv edilib, Azərbay­canın Qələbəsinin hərb tarixinə “Möhtəşəm Qələbə” kimi düşməsi danılmaz faktdır.

Ekspertin fikrincə, 2023-cü il sentyabrın 20-də həyata keçirilmiş lokal xarakterli anti­terror tədbirləri də bir neçə erməni qulduru­na qarşı deyil, müasir texnika, silah- sursata malik, şəxsi heyəti minlərlə ölçülən, döyüş təcrübəsi olan Ermənistan silahlı qüvvələ­rinin birləşmələrinə qarşı həyata keçirilirdi. Üstəlik, onlar uzun illərdir əlverişli müdafiə xətti qurmuşdular və yüksəkliklərdə yer­ləşərək üstün mövqelərə malik idilər. Məhz ona görə Azərbaycanın itkiləri bizim arzula­dığımız kimi, minimum olmadı. Amma yenə də tədbirlərin miqyası və mahiyyəti etibarilə verilən itkilər çox deyil.

Ekspertlərin fikrincə, itkilərin sayı haqqında danışarkən, əldə edilmiş uğurun miqyasını da xatırlatmaq lazımdır. Məsələn, biz 90-cı illərdə 30 min qurban vermişdik, torpaqlarımız da əldən getmişdi, ləyaqətimiz, milli mənliyimiz də tapdalanmışdı. Hər dəfə ermənilərin bizim əsgərlərə necə işgəncə ver­məsi kadrlarını görəndə, qız-gəlinlərimizin erməni əsirliyində qalması və hansı faciələr yaşaması barədə oxuyanda sadəcə yaşadı­ğımıza görə utanırdıq. Hətta, bəzən millət kimi yox olmağa, bütün sərvətimizi verməyə hazır idik ki, işğal altında olan ərazilərimizi, Qarabağı, Xocalını, Xocavəndi, Xankəndini qaytaraq. Bu bizim bir millət kimi mövcud­luğumuz məsələsi idi.

Biz bunu bacardıq. Məhz həmin “itki” dediyimiz – şəhidlik adlı ali mənəvi rütbəyə ucalmış oğullarımızın və sağlamlıqlarını itir­miş qazilərimizin hesabına müqəddəs torpaq­larımızı özümüzə qaytardıq. 

Üstəlik, 2016-cı ilin aprelində, 2020-ci ilin və 2022-ci ilin sentyabr aylarındakı dö­yüşlərdə, eləcə də 2023-cü ilin sentyabrında­kı lokal antiterror əməliyyatlarda şəhid olmuş soydaşlarımız da müqəddəslik mərtəbəsinə ucaldılar. Dinimiz “şəhidlər ölmürlər, onlar cənnətlikdir” – buyurur. Biz bu gün işğaldan azad edilmiş ərazilərimizi məhz şəhidlərimi­zin adına layiq cənnətə çevirərkən də onlara olan ehtiramımızı nümayiş etdiririk. 

İttifaq MİRZƏBƏYLİ
XQ



Siyasət