22 yaşlı şəhidin 25-ci payızı

post-img

Azərbaycan Hərb Tarixi Muzeyin­də Əmək və Sosial Münasibətlər Aka­demiyası ilə birgə Vətən müharibəsi şəhidi əsgər Aqşin Şahin oğlu Novru­zovun anadan olmasının 25-ci ildönü­mü ilə bağlı “Vətən müharibəmizin qəhrəman şəhidi” adlı anım mərasimi keçirilib.

Toplantıda şəhidin ailə üzvləri, qazilər, hərbçilər, tələbə və şagirdlər, Aqşinin məzu­nu olduğu Azərbaycan Əmək və Sosial Mü­nasibətlər Akademiyasının təmsilçiləri iştirak ediblər.

Muzeyin rəisi Əzizağa Qənizadə bildirib ki, şəhidlik bütün yüksəkliklərdən ucada da­yanan bir zirvədir. Bu zirvəyə qalxmaq hər kəsə nəsib olmur. Yalnız müqəddəs amallar uğrunda çarpışan, qorxu nə olduğunu bil­məyən, Vətən və xalq yolunda canını fəda etməkdən çəkinməyən cəsarətli, ləyaqətli insanlar bu zirvəyə yüksələ bilərlər. Vətəni­mizin azadlığı uğrunda canını qurban verən əziz şəhidlərimizi xalqımız heç zaman unut­mayacaq. 

Əzizağa Qənizadə Vətən müharibəsi şə­hidi Aqşin Novruzovun yaşadığı qısa, lakin şərəfli ömrün bugünkü və gələcək nəsillər üçün bir örnək, nümunə olduğunu bildirib. Qeyd edib ki, Aqşin Novruzov Vətən mü­haribəsində böyük igidliklər göstərib. Mü­haribədə ayağından yaralansa da, müalicə olunduqdan sonra yenidən ön cəbhəyə yolla­nıb. O, 2020-ci il oktyabrın 13-də Kəlbəcər istiqamətində gedən döyüşlərdə qəhrəmanca­sına həlak olub.

Şəhidin ailə üzvləri, döyüş yoldaşları çıxış edərək ürək sözlərini deyib, xatirələrini bölüşüblər.

Bildirilib ki, Aqşin Novruzov ölümündən sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib. 

Anım mərasimində şəhidə həsr olunmuş “Vətən haqqı” adlı sənədli film nümayiş et­dirilib. 

Mərasim bədii hissə ilə davam etdirilib, hərbi vətənpərvərlik musiqiləri səsləndirilib.

Aqşin Novruzov yaşasaydı, bu il 25 ya­şını qeyd edəcəkdi. İllər, qərinələr ötsə də, şəhidlər heç vaxt unudulmur, həmişə min­nətdarlıq duyğuları ilə yada salınır, xatirələ­rinə dərin ehtiram bəslənilir. Vətən uğrunda qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü naminə canlarını fəda etmiş zabit və əsgərlərimizin xatirəsi xalqımızın yadda­şında həmişə yaşayacaq. 

L.QURBANOVA
XQ

Sosial həyat