Haradan gəlmişik və haraya gedirik?

post-img

“Erməni avantürizmi” dünəndən bu günə

Qarabağa erməni iddiaları yenicə baş qaldırmışdı. Cəmiyyətin bütün diqqəti bölgəyə yönəlmişdi. Hadisələr bu qədim diyarımızın bizdən tədricən ayrı salınması “ssenerasinin” var gücü ilə işə salındığını deməyə əsas verirdi. Qeyri-müəyyənlik və pərakəndəlik də bir tərəfdən əsəbləri tarıma çəkirdi. O zaman AZƏRTAC-da müxbir idim. Öz-özümə düşünür və sual edirdim: Yəni, Qarabağ bizim olmayacaq? Niyə? Nə səbəbə? İçimdə bu suallarla üsyan qaldıran fikirlər mənə rahatlıq, dinclik vermirdi. Elə bilirəm, o dövrün gənclərinin çoxunun düşüncəsinə belə narahatlıqlar hakim kəsilmişdi. Ancaq onlardan fərqli olaraq, mən dövlətin informasiya agentliyində idim. Bu, gerçəkliyi görmək üçün əlavə şans yaradırdı. Eyni zamanda, gerçəklikdən, müəyyən mənada, xəbərdar olub danışa bilməmək kimi bir durum da içimi yeyirdi. 

Diqqət edək: Qarabağa erməni iddiaları ümummilli lider Heydər Əliyevin 1987-ci ildə SSRİ rəhbərliyindən uzaqlaşdırılmasından dərhal sonra başlamışdı. Azərbaycan arxa-dayaqsız qalmışdı. Axı, Ulu öndər idi illərlə bu iddiaların vüsət almasına imkan verməyən. O idi bölgədə müxtəlif vaxtlarda baş qaldıran separatçı meyillərin qarşısına çıxıb onları neytrallaşdıran. Azərbaycanı da həmin meyilləri zərərsizləşdirərək tərəqqi yoluna çıxarmış, Sovetlər Birliyində yüksək inkişaf tempinə malik respublikaya çevirmişdi. Güclü olmağı prioritet seçmişdi ki, xalqımıza ziyan gəlməsin. Ancaq...

***

Bəli, Qarabağda erməni avantürizmi hər zaman olub. Bu avantürizm, ümumən, Azərbaycana qarşı ərazi iddiası formasında özünü göstərib. Yəni, hədəf yalnız Qarabağ deyildi. Sadə bir misal çəkək: Birinci Qarabağ müharibəsi dövründə azərbaycanlıları Kür çayınadək qovmaq “niyyətləri” ortaya atılmışdı... Hələ torpaqlarımız işğal olunmamışdı. Dediyim kimi, düşüncələr burulğanı yaşanır, sanki ətrafa nifaq toxumları səpilir və kimlərsə onların cücərməsini gözləyirdi. O zaman hadisə və proseslərə diqqət yetirərkən, Heydər Əliyev şəxsiyyətinin böyüklüyü üzərində dayanırdım. Axı, avantürizmə qarşı təkbaşına mübarizə aparmışdı. Görəsən, necə bacarmışdı?.. 

O zaman “Miatsum” ideoloqlarından sayılan və SSRİ rəhbəri Mixail Qorbaçovun müşaviri vəzifəsində işləyən Abel Aqanbekyanın 1987-ci ildə Parisdə etdiyi çıxışı da xatırlayırdım. Qarabağın Ermənistana verilməsinin məqsədəuyğunluğu barədə Fransanın "Humanite" (L'Humanité) qəzetinə müsahibəsini də oxumuşdum. Fransa erməni institutunun və Erməni veteranlar assosiasiyasının təşkil etdiyi tədbirdəki çıxışında isə "mən bir iqtisadçı kimi hesab edirəm ki, Qarabağ iqtisadi cəhətdən daha çox Ermənistana bağlıdır, nəinki Azərbaycana", – dediyindən də xəbərdar idim. 

Elə bu məqamları düşünərək, daha doğrusu, düşünüb pozitiv fikirlər eşitmək məqsədilə respublika rəhbərliyində təmsil olunan şəxslərə üz tuturdum. Yalnız mən yox, mənim kimi gənc müxbirlərin hamısı belə edirdi. Ancaq qənaətbəxş, ağlabatan cavablar eşitmirdik. Nəhayət, günlərin birində söhbətləşdiyimiz bir vəzifəli şəxs konkret dedi: Qarabağ problemi, təkcə Azərbaycan xalqına yox, bütün Türk dünyasının birliyinə çalınan çox böyük pazdır. Elə beləcə də dedi. Fikrinə heç bir bəzək-düzək vermədən. Həmin şəxs buna qarşı çıxmağın başqa itkiləri də doğuracağını bildirdi. Bu sözlərdən sonra nə yazasan? Nə deyəsən? İçimdəki barışmazlıq hissi gənclik emossionallığı ilə çulğalaşırdı. Əlbəttə, təmkinli olmağı düşünürdüm. Hay-küy qaldırmağın nə mənası var idi ki? Onsuz da ətraf mənasız qara-qışqırıq salanlarla, insanı bir qaşıq suda boğmağa hazır xainlərlə dolu idi. Bəli, “ssenari” son dərəcə incə şəkildə işlənmişdi. 

Zamanla, belə demək mümkünsə, erməni avantürizmi özünü doğrultdu. İşğal başladı. Özü də təkcə Qarabağın işğalı yox. Sanki, bu xalqı tamamilə sındırmağa girişmişdilər. Heydər Əliyevin dönəmindəki illərdəki dirənişin qisasını alırdılar. Ulu öndərin Azərbaycanda, ümumən SSRİ rəhbərliyində olması ilə özlərinin itirdikləri illərin qisasını. Bunu amansızcasına, qəddarlıqla edirdilər. Beləcə, otuz illik işğal dövrü başlandı. Ancaq daha pis də ola bilərdi... 

Müəyyən müddətdən sonra ulu öndər təkrar siyasi hakimiyyətə gəldi. Azərbaycan xilas oldu. Ölkəmizdə böyük quruculuq işlərinə start verildi. Elə bir beynəlxalq tribuna qalmadı ki, Prezident Heydər Əliyev oradakı çıxışı zamanı Qarabağ həqiqətlərindən, üzləşdiyimiz işğal faktından, bir milyondan çox vətəndaşımızın didərgin həyatı məhrumiyyətlərindən söz açmasın. Ən əsası Ümummilli lider xalqda inam yaratdı. İmkan vermədi ki, Qarabağ yarası qaysaq bağlasın. 

Prezident İlham Əliyev Ulu öndərin həyata keçirdiyi kursu daha da zənginləşdirdi, onu müasir dövrün tələblərinə uyğunlaşdıraraq inkişaf etdirdi. Qarabağ hədəfi daha sistemli və ardıcıl məzmun qazandı. Hər keçən il bu hədəf uğrunda  mübarizə daha sistemli şəkil aldı. Ermənistanın danışıqlar prosesindən yayınması, münaqişəni donduraraq, Qarabağı Azərbaycan insanının düşüncəsindən silmək cəhdləri hədəfimizin güc amilini işə saldı. Bunu ilk dəfə 2016-cı ilin Aprel müharibəsində gördük. Neçə-neçə şəhid qanı hesabına işğaldan azad etdiyimiz Lələtəpə yüksəkliyi Qarabağ dirənişimizin simvoluna çevrildi. Lələtəpə bizim üçün təkcə Cəbrayıl yox, Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan və Füzuliyə açılan yol oldu. İllərlə unutmaq istədiyim və mənə sözün əsl mənasında, yer eləmiş “paz” məntiqini tamamilə beynimdən sildim. Sildim və inanmağa başladım. İçimdə Şuşalı, Laçınlı, Kəlbəcərli... günləri görəcəyimə böyük əminlik yarandı. 

***

O günləri gördük də. Dualarda, mahnılarda, şeirlərdə yaşatdığımız Qarabağımıza qovuşduq. 44 günlük Vətən müharibəsində şərəfli Qələbə qazandıq. Şəhidlərimiz oldu. Üç mindən çox can verdik. Müqəddəs Zəfərimizdən ötən müddətdə də torpaqlarımız şəhid qanı ilə suvarıldı. Nəhayət, 23 saat 43 dəqiqə davam etmiş lokal antiterror tədbirləri ilə işğalda olan torpaqlarımızı azad etmənin, Qarabağı geri qaytarmanın sevincinə suverenliyimizin bərpası qürurunu da əlavə etdik. 

Yenə igid Vətən övladlarını qurban verdik. Əlbəttə, o sualı vermək istəmirik ki, can itkisi olmadan qazanılmış qələbə varmı? Hardasa, kimsə görübmü ki, qanla gedən torpaq dinc yolla qayıtsın? Yəni, bunları deyib bilavasitə son günlər bəzilərinin qələbəmizi kiçiltmək üçün gətirdikləri “arqumentləri” cavablandırmaq niyyətindən uzağıq. Hərə öz fikrində və düşüncəsində qalsın. Ancaq istərdim ki, fikir hər kəsin özünə aid olsun. Amma görünən budur ki, ortaya, belə demək mümkünsə, “fikir və düşüncə istehsalçıları” düşüblər. Belələri və onların təbliğatına uyanların unutduqları isə tarixdir. O tarix ki, yazımda onun müəyyən hissəsinə diqqət yetirərək,  dünya gücləri tərəfindən müdafiə olunan erməni avantürizminin böyüklüyünü göstərməyə çalışdım. 

***

Erməni amili heç də adi məsələ deyil. Onun tarixinin, haqqında bəhs etdiyim mərhələdən də əvvələ aidliyi məlumdur. 1830-cu ildən başlayaraq ermənilərin Azərbaycan torpaqlarına köçürülməsindən tutmuş, onların hazırkı Türkiyənin şərq torpaqlarında çıxardıqları “oyunlara, çeşidli təxribat” əməllərinədək, bir çox məqamları vurğulamaq mümkündür. Tarixdə saxta “erməni soyqırımı” iddiası da, Azərbaycan torpaqlarında Ermənistan dövlətinin yaradılması da həmin əsas niyyətin ayrı-ayrı elemenentləridir. 

Ola bilər, bəziləri keçmiş SSRİ dövründə paytaxtımız Bakının mərkəzindəki bütün yaxşı evlərin ermənilərə məxsusluğunu unudub. Bir çoxları bəlkə heç bilmir ki, Heydər Əliyev hakimiyyətə gələnədək Bakı əhalisinin təxminən yetmiş faizə qədəri qeyri-millətlərin təmsilçiləri olub. Hətta, kimlərinsə Ulu öndərin bu geriliyi aradan qaldırmaq üçün respublikanın iqtisadi inkişafına, fabrik və zavodların tikintisinə üstünlük verdiyini və rayonlarımızdakı əhalini paytaxta cəlb etmək üçün gördüyü digər işləri unutması da mümkündür. Halbuki, heç nəyi unutmaq olmaz. Qətiyyən olmaz...

***

Türk dünyasını ayırmaq üçün düşünülmüş “erməni pazı”nın Qarabağda dalana dirəndiyinin şahidləriyik. Axı, on il əvvələdək belə bir durum yox idi. Amma bu gün də o pazın Azərbaycandan çıxmasını istəməyənlər var. 44 günlük müharibədən sonra haqq davamızın əsəb səngərində olmuşuq. Baxın, son bir ildə üç dəfədir erməni məsələsi BMT tribunasına çıxarılır. Həqiqətən, dəhşətli durum var. Heç bir hüquqi əsası olmayan iddialar kontekstində hansısa “tutacaq” yerləri axtarılır, meydana okampolar, makronlar, menendezlər, komlər... çıxarılır. Hansısa haqlar uydurulur. Azərbaycana böhtanlar atılır. Elə bilirsiniz, bütün bunlar son üç, otuz, yetmiş ilin nəticəsidir. Xeyr, məsələnin kökü, az qalır ki, iki yüz ilə çatsın. 

Necə ki, sovet dövründə heç bir əsası olmadan Zəngəzur Ermənistana verilmişdisə, yenə də eyni əsassızlıqla Qarabağın erməni varlığına “məxsusluğu” önə çəkilir. Sanki, dünya erməniliyi vaxtilə etdiyi “xidmətlərə” güvənir. Demək istəyir, minnət qoyur, hətta üsyan qaldırır. Təxminən belə: Sizin planlarınızın həyata keçməsi üçün çalışmışıq, can qoymuşuq, bizi ata bilməzsiniz! Və sanki kimlərsə  bu xəstəlik daşıyıcılarına onlar üçün iş görüldüyü mənzərəsini yaradır. Belələrinin sırasında Fransa kimi “erməni məsələsinin davamına sərmayə yatıranlar tapılır. Paris digərlərini də “hərəkətə gətirir”. Amma onların sıralarının seyrəldiyini görürük. Bu seyrəlməni biz etmişik, bacarmışıq. Buna düşünülmüş, məntiqi siyasət yürüdərək nail olmuşuq. 

***

El misalında deyildiyi kimi, it hürər, karvan keçər. Ancaq, bəzi itlər var ki, elə hey hürürlər. İstəyirlər ki, səslərini hamı eşitsin. Məsələn, belələrinin bir qrupu ekspert və analitik qiyafəsinə bürünərək deyir ki, Cənubi Qafqazda erməni – azərbaycanlı davası heç zaman bitməyəcək, nə zamansa münaqişə yenidən alovlanacaq. Axı, belə görüblər. Axı, erməni xəstəliyinin simptomlarına yaxşı bələddirlər. Bilirlər ki, bu simtomları işə salmaq çox asandır. Heç şübhəsiz, onlar erməni xəstəliyini sanki soyuducunun buzluğunda saxlayıb, nə zamansa işə salmağı da nəzərdən qaçırmırlar. 

Başqa bir qrup da var. Belələri məhz şəhid məsələsi ilə manipulyasiya yolu tuturlar. İstəyirlər ki, Azərbaycan hakimiyyətini səriştəsizlikdə günahlandırsınlar. Çox cəhd göstərirlər ki, xalqımız danışdığımız tarixdə olanların ayrı-ayrı epizodlarını unutsun. İndi də başlayıblar ki, 23 saat 43 dəqiqəlik antiterror tədbirlərində çox şəhid vermişik və bu, guya, tədbirlərin uğursuzluğundan xəbər verir və sair ilaxır. 

Bir qrup da var ki, heç bir iddia-filan dilə gətirmədən görüntülərə güc verir. Şəhidlərlə vida mərasimindən, onların dəfnindən ürəkdağlayan videolar yaymaqla, insanlarda bədbin ovqat, ruhdüşkünlüyü formalaşdırmağa cəhd göstərir. Bilərəkdən, ya bilməyərəkdən bu təbliğata qatılanlar da tapılır. 

...Rusiya amilini qabardaraq bütün proseslərin Moskva tərəfindən idarə edildiyini vurğulayıb, Azərbaycan dövlətinin mövqeyini kiçiltmək yolu tutanlar da var. Belələrinin fikirləri ermənilərin və onların havadarlarının mövqeyi ilə üst-üstə düşür.  Təsəvvür edin, ABŞ Senatında Qarabağla bağlı dinləmələr keçirilir və bildirilir ki, Rusiyanın əli ilə Azərbaycanın Ermənistanı sıxışdırmasına yol vermək olmaz. Mövcud istiqamətdə “strateji xətt” hazırlayıb onu Birləşmiş Ştatların Administrasiyasına təqdim etmək “istəkləri” baş qaldırır. Meydana Qərbin klassik Şərq ekspansiyası üçün uydurduğu və erməni məsələsinin tərkib hissəsi kimi qiymətləndirilən saxta “erməni soyqırımı” iddiasının növbəti dalğasının Qarabağda reallaşacağını bildirənlər, hay-şivən qaldıranlar çıxırlar. Müvafiq olaraq, baxırıq ki, daxildəkilərimizdən bəziləri gah Rusiyanın Qarabağı Azərbaycana verməsinə dair sərsəm fikirlər səsləndirir, gah da pasifizmə güc verərək “sülh qaranquşları”na” çevrilirlər. 

***

Bəli, belə görüntü var ki, Azərbaycan xalqının öz sevincinə həqiqi mənada sevinməyinə, kədərinə sahib çıxmağına, kədərini və sevincini layiqli şəkildə yaşamasına imkan verməyən qüvvələr səfərbər olublar. Hər şeyi “erməni dəyimanına su tökmək” kimi qələmə vermək niyyətindən uzağam. Həm də ona görə ki, erməni varlığı özlüyündə heç nədir. İndi dövriyyəyə girənlər başımıza min bir oyunlar açanların varisləridir. Onlar haqqında söz açdığımız həmin “erməni pazı”nın aradan götürülməsinə yol verməməyə çalışanlardır. Çalışırlar ki, bu coğrafiya “erməni avatürizmi” kabusundan xilas olmasın. Daim bölgədə ziddiyyətlər, konfliktlər üçün “baza” saxlanılsın, separatçılıq həmişə diri qalsın. Belələri yalnız bizə qarşı çıxmır, eyni zamanda, sadə erməni xalqının dinc yaşayışına yol verməmək xətti yürüdürlər. Bir sözlə, nəyin bahasına olursa-olsun, Cənubi Qafqazda sülh mühitinin formalaşmasına əngəl yaradırlar. Bütün bunlara görə Azərbaycan Prezidenti İlham Əliyev xalqa 20 sentyabr 2023-cü il tarixli müraciətində bildirmişdi: “Mən ümid etmək istəyirəm ki, bizim atdığımız addımlar və antiterror tədbirlərinin nəticələri imkan verəcək ki, nəhayət sülh danışıqları üçün olan, Ermənistan tərəfindən qoyulan, verilən, təklif olunan, necə adlandırırsınız adlandırın, maneə aradan qalxa bilər. Bu, Cənubi Qafqazda yeni reallıq yaradacaq, uzunmüddətli sülh yaradacaq. Biz əmin olmalıyıq ki, qarşı tərəf revanşist fikirlərlə yaşamır və onlar da əmin olmalıdırlar ki, bizim onların torpağında gözümüz yoxdur. Biz onların ərazi bütövlüyünü tanıyırıq və bunu bəyan etmişik, bütün ölkələrin ərazi bütövlüyünü tanıyırıq. Biz, sadəcə olaraq, tələb edirdik həm onlardan, həm onların arxasında duran və onlar üçün dar məqamda onların yanında olmayan, uzaqda, Avropada yerləşən dırnaqarası erməni cəfakeşləri bilsinlər - nə qədər uzaq dursalar bizim bölgəmizdən, o qədər də bölgə rahat nəfəs alacaq və biz bunu təklif edirik. Biz təklif edirik ki, Cənubi Qafqaz ölkələrinin gələcəyi sülhə, əmin-amanlığa, inkişafa söykənsin. Biz təklif edirik ki, bölgəmizdən uzaqda yerləşən, ancaq öz siyasi gündəliyini güdən və erməni xalqından bir alət kimi istifadə edən, onları istismar edən və dar gündə onları, necə deyərlər, satan qüvvələr, saxtakarlar, korrupsiyalaşmış siyasətçilər əl çəksinlər bizdən. Dünyanın o başında oturub bizə qarşı əsassız ittihamlar irəli sürənlər əl çəksinlər bizdən, qoysunlar Cənubi Qafqaz rahat nəfəs alsın. Bu bölgə əsrlər boyu davalar, savaşlar, qanlı toqquşmalar məkanı olmuşdur. Yetər artıq! Biz bunu tələb edirik və bir daha demək istəyirəm, Ermənistan dövlətinin dünən və bu gün sərgilədiyi mövqe ümidlər verir. Ümidlər verir ki, o gün uzaqda deyil - Azərbaycan və Ermənistan öz aralarında olan məsələləri tənzimləyəcək, sülh müqaviləsi imzalayacaq və Cənubi Qafqaz ölkələri üçtərəfli formatda gələcək əməkdaşlıq haqqında işləməyə başlayacaqlar”. 

***

Bəli, Azərbaycan Prezidentinin xalqa müraciətində həm kifayət qədər əhatəli, həm də emossional ruhlu bu fikirləri əminlik yaradır ki, Cənubi Qafqaz dayanıqlı sülh məkanı olacaq. Dövlət başçımızın qətiyyəti və prinsipiallığı bunu istəməyənlərə qarşı dirəniş və iradədir. Kimlərin hansı fikirləri söyləməsindən, hansı “arqumentləri” irəli sürüb özünü ağıllı göstərməsindən asılı olmayaraq, “Azərbaycan” adlı qatar sürətlə irəliləyir. Bu inkişaf sülhə və tərəqqiyə, inkişaf və asayişə, əminamanlıq və firavanlığa doğru inamlı istiqamət götürüb. Bu gün Azərbaycan suvenerliyini bərpa etməklə, yalnız özünün maraq və mənafelərindən irəli gələn tədbiri gerçəkləşdirmir, eyni zamanda, bütövlükdə regionumuz naminə çalışma əzmi ortaya qoyur. Bu gün Azərbaycan əsgəri çəkməsi ilə keçdiyi torpaqlarda sülh toxumlarının səpilməsi üçün şumlama işi aparır. O torpaqlarda dünyanın  təhlükəsizliyinə nümunə olacaq sülh və əmin-amanlıq cücərəcək... Mütləq cücərəcək. 

Əflatun AMAŞOV,

baş redaktor

Siyasət