Nyu-Yorkda “C5+1” platforması çərçivəsində görüş

post-img

Rəsmi Vaşinqton artıq nəzərlərini Orta Asiya dövlətlərinə də yetirməyi qərara alıb. Ağ evdə başa düşüblər ki, zəngin təbii ehtiyatları və insan resursları olan bu regionu gözardı etmək olmaz. Ən azı ona görə ki, ABŞ-ın əsas rəqibi hesab olunan Çin artıq bölgədə xeyli güclənib. 

Bir müddət əvvəl qlobal mediada belə bir məlumat yayıldı ki, Prezident Co Bay­den BMT Baş Assambleyasının növbəti 78-ci sessiyasında iştirak edən Orta Asi­ya dövlətlərinin liderləri ilə Nyu-Yorkda görüşməyi planlaşdırır. Bu, kifayət qədər diqqətçəkən bir xəbər idi, çünki bu vaxta qədər belə bir formatda görüş keçirilmə­mişdi. 

Nəhayət, sentyabrın 20-də ABŞ-nin dövlət katibi Entoni Blinkenin də iştirak etdiyi tədbirdə Prezident Co Bayden Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Türkmənistanın dövlət baş­çılarını salamlayıb bildirdi ki, bu, tarixi görüşdür, onun ölkəsi bu əməkdaşlığa böyük önəm verir. Dövlət başçısının söz­lərinə görə, qarşılıqlı etimada söykənən sıx əməkdaşlıq bütün tərəflərə fayda gə­tirə bilər. 

Həqiqətən, “C5+1” platforması Birləş­miş Ştatlar ilə Orta Asiya dövlətləri ara­sında hərtərəfli əlaqələrin genişlənməsi üçün yeni imkanlar açır. Ağ ev, ilk növ­bədə, region ölkələri ilə beynəlxalq ter­rorizmə qarşı mübarizədə sıx əməkdaş­lıq etmək niyyətindədir. Bundan başqa, amerikalı iş adamları üçün Orta Asiyanın özəl sektoru kifayət qədər cəlbedicidir. 

Rusiya ilə Çinin əhatəsində yerləşən Orta Asiya dövlətləri adları çəkilən hər iki böyük ölkə ilə geniş əlaqələrə malikdirlər. Düzdür, region dövlətlərinin Rusiya ilə münasibətlərinin tarixi iki yüz ilə yaxın bir müddəti əhatə edirsə, Çinlə sıx birbaşa əlaqələr yalnız son bir neçə onillər ərzin­də başlayıb və yüksələn xətlə inkişaf edir. 

Yeri gəlmişkən, Çinin regionda “çə­kisi”nin artması Vaşinqtonu çox narahat edir. Amma Pekini bölgədən sıxışdırıb çıxarmaq o qədər də asan deyil. Ona görə ki, Qədim İpək Yolunun üzərində yerləşən Orta Asiya ölkələri Orta Dəhliz vasitəsilə həm Çin, həm də Avropa ilə ticarət əlaqələrini genişləndirməkdə ma­raqlıdırlar. 

Eyni zamanda region dövlətləri üçün ABŞ-la hərtərəfli əməkdaşlıq yeni für­sətlər yaradır. Bir tərəfdən onlar özlərini daha təhlükəsiz bir “çətir” altında hiss edəcəklər, o biri tərəfdən də bölgə iqtisa­diyyatının ABŞ sərmayəsinə böyük ehti­yacı var. 

Maraqlıdır ki, görüşdə iştirak edən dövlət başçılarının heç biri tədbir başa çatandan sonra mətbuata hər hansı bir açıqlama verməyib. Görünür, təcrübəli dövlət başçıları nə Moskvanı, nə də Pe­kini qıcıqlandırmaq istəməyiblər. 

ABŞ-dakı nüfuzlu Pitsburq Universi­tetinin professoru Cenifer Brik Murtazaş­vili “C5+1” platformasında əməkdaşlığa start verilməsini uğurlu addım hesab edir. O, jurnalistlərə bu məsələ ilə bağlı bildirib ki, hələ bu vaxta qədər Birləşmiş Ştatla­rın heç bir prezidenti Orta Asiya dövlətlə­rinə bir dəfə də olsun səfər etməyib. Yəni Vaşintqon bu regionun əhəmiyyətini la­yiqincə dəyərləndirməyib. Bəlkə, bundan sonra dəyərləndirdi.

Ağ evin Milli Təhlükəsizlik Şurasının keçmiş əməkdaşı Erik Qrin isə “Ame­rikanın səsi”nin Özbəkistan xidmətinin müxbirinə bildirib ki, Rusiyanın Ukray­naya hücumu bir çox ölkələri, eləcə də Orta Asiya dövlətlərini öz xarici siyasət prioritetlərinə yenidən baxmağa sövq edib. Onun fikrincə, Nyu-Yorkdakı görüş iki mühüm amildən qaynaqlanır. Birincisi, Rusiyanın Ukraynaya hərbi təcavüzün­dən sonra MDB məkanında yeni geo­siyasi reallıqlar yaranıb. Bu, Orta Asiya liderlərini də ehtiyatlandırır. 

İkincisi, regionun özündə ciddi inteq­rasiya prosesləri gedir. Burada dövlətlə­rin rəsmiləri arasında tez-tez görüşlər ke­çirilir. Liderlər başa düşürlər ki, qarşılıqlı əməkdaşlıq regionda sabitlik və inkişaf üçün də meydan yaradır. 

Ağ ev regiona təkcə sabitlik de­yil, həm də sərmayə gətirə bilər. Bunu Türkmənistanın 41 yaşlı Prezidenti Sər­dar Berdiməhəmmədov da dərk edir. O, üç gün əvvəl BMT tribunasından çıxış edərkən deyib ki, Orta Asiya respublika­ları üçün ABŞ-la hərtərəfli əlaqələr qur­mağın vaxtı çoxdan çatmışdır. 

Siyasi təhlilçilər belə bir məqama da diqqət yetirirlər ki, C.Bayden görüşdə in­san haqları və demokratiya məsələrinə toxunmayıb. Halbuki əvvəllər Vaşinqton həftə səkkiz, mən doqquz bu məsələdə region ölkələrini qınayırdı. Buna baxma­yaraq, Orta Asiya dövlətləri Əfqanıstanla müharibə zamanı ABŞ-ı birmənalı olaraq dəstəkləyiblər. 

C.Bayden sonda tədbirin səmimi və məhsuldar keçdiyini vurğulayıb və növ­bəti görüşün məhz Orta Asiya dövlətlə­rinin birində keçirilə biləcəyinə eyham vurub. Qeyd edib ki, həmkarları ilə yeni­dən görüşüb müzakirələr aparmaq arzu­sundadır. 

Şahbaz ŞAMIOĞLU,
Slavyan Universitetininprofessoru, siyasi şərhçi:

– Ağ evin hazırkı sahibinin Nyu-Yorkda 5 Orta Asiya dövlətinin prezidentləri ilə görüşüb müzakirələr aparması faktı son vaxtlar dünyada gedən geosiyasi proseslər müstəvi­sindən nəzərdən keçirilməlidir. Yeni dünya düzəni formalaşır və böyük güclər qüvvələr nisbətini öz xeyirlərinə formalaşdırmağa çalışırlar. 

Çinin dünyanın bir çox regionla­rında, eləcə də Orta Asiyada siyasi, iqtisadi, hətta hərbi təsirinin artması Vaşinqtonun nəzərindən qaçmayıb. Eyni zamanda, vurğulamaq lazımdır ki, ABŞ dövləti bu istiqamətdə artıq xeyli vaxt itirib və tələsik həmin boşlu­ğu doldurmağa çalışır. 

Fikrimcə, Prezident Co Baydenin Orta Asiya dövlətlərinin liderlərinə xü­susu diqqəti məhz bu amillərdən qay­naqlanır. 

Yeri gəlmişkən, Nyu-Yorkda “C5+1” paltformasında keçirilən görüş təkcə Orta Asiya respublikaları üçün deyil, Cənubi Qafqaz regionu, eləcə də Azərbaycan üçün böyük önəm da­şıyır. Belə ki, ölkəmiz ilə həmin dövlət­lərin böyük siyasi, iqtisadi və mədəni əlaqələri var. Rəsmi Bakı regionda sa­bitliyin qorunub möhkəmlənməsində maraqlı tərəflərdən biridir. 

Təsadüfi deyil ki, Azərbaycan Pre­zidenti cənab İlham Əliyev bir neçə gün bundan əvvəl Mərkəzi Asiya Döv­lət Başçılarının Düşənbədə keçirilən 5-ci məşvərət görüşündə iştirak edib. Bu fakt bir daha sübut edir ki, Orta Asiya respublikaları sürətlə inkişaf və tərəqqi edən Azərbaycanı özlərindən ayrı təsəvvür etmirlər.

Məsaim ABDULLAYEV
XQ



Siyasət