Bəxtiyar Vahabzadədən iki dəfə irad eşitmişəm

post-img

İkinci irada görə, hətta, mükafatlandırılmışam

Biz tələbə olanda... çox şey indiki kimi deyildi. Elə bir istirahət günü olmurdu ki (təbii ki, yay ayları istisna olmaqla), hansısa ədəbi-bədii və ya elmi-kütləvi tədbirdə iştirak etməyək. Mən hələ institutun 1-ci kursunda oxuyanda Bəxtiyar Vahabzadə ilə Müəllimlər evində keçirilən görüşə getmişdim. Çıxışlardan sonra aparıcı soruşdu ki, kimin sualı var? Dedim mənim sualım yox, xahişim var. Hamıya maraqlı gəldi. 

Xahişim çox sadə idi. Hələ orta mək­təbdə oxuyanda ədəbiyyat müəllimimiz Adilə xanımdan eşitdiyim “Mən “Gülüs­tan” poemasını Bəxtiyar müəllimin öz səsində eşitmişəm” deməsini həmişə böyük həsədlə xatırlayırdım. İndi elə bil­dim ki, həmin fürsət əlimə düşüb. Ona görə də xahiş etdim ki, şair “Gülüstan” poemasından bir parçanı öz səsi ilə oxusun. Elə bildim, hamı alqışlayacaq. Ancaq tədbirin aparıcısı da etiraz etdi, şairin özü də. Sonra Bəxtiyar müəllim ayağa qalxaraq dedi ki, məlum faktları nə üçün yada salırsınız? Yeni şeir istə­yin, oxuyum. Yeni şeirlərini oxudu. 

Aradan iki, ya da üç il keçəndən son­ra – yanılmıramsa, 1978-ci il idi – Ba­yılda, Neftçilərin mədəniyyət sarayında Bəxtiyar Vahabzadənin “Yazıçı” nəşriy­yatında yenicə çapdan çıxmış “Sadəlik­də böyüklük” kitabının müzakirəsinə top­laşmışdıq. Tədbiri aparmalı olan adamın ciddi problemi çıxdığına görə həmin mə­suliyyətli işi mənə etibar etdilər. Üstəlik, elan olundu ki, İttifaq Bəxtiyar müəllimin dərs demədiyi ali məktəbin tələbələrin­dəndir. Böyük etimad idi və deyəsən, elə ona görə də “çox göydən getdim”: “ Əziz dostlar, “Müşfiq bulağı” Ədəbi Birliyinin görkəmli yaradıcı ziyalılarla görüşmək ənənəsi davam edir. Bu gün biz sizinlə böyük şairimiz Bəxtiyar Vahabzadənin “Sadəlikdə böyüklük” kitabını müzakirə edəcəyik”. 

Şair arı sancmış adam kimi sək­səndi: “Dayan!” Dayandım. Əlavə etdi: “Bəxtiyara böyük şair deyirsənsə, Fü­zuli, Sabir, Səməd Vurğun haqqında danışanda nə deyəcəksən? Böyük şair ifadəsi sizə o qədər də sadə gəlmə­sin. Füzulini, Sabiri tam oxumasan da, məlum məsələdir ki, Səməd Vurğunun əsərlərini başdan-ayağa oxumayan tələ­bə yoxdur. Sən Səməd Vurğunun misra­larında böyük şair məfhumunun siqlətini görmədinmi?”

Doğrusu, çox pərt olmuşdum. Amma vəziyyətdən çıxmaq lazım idi. Həmin çıxış xəttini də Bəxtiyar müəllimin özü istiqamətləndirdi: “Sən Bəxtiyar haqqın­da danışanda “alim-şair”, “sətirlərində lirika ilə fəlsəfə yanaşı addımlayan şair” deyə bilərsən. Yoxsa, başlamısan”böyük şair”... 

“Bəli” – deyərək, səsimi bir az da ucaltdım və sanki, şüar səsləndirirmiş kimi fikrimi davam etdirdim: 

Bizim sənət dünyamızın qırıq telli sazıyam, 

Bircə ondan razıyam ki, özümdən narazıyam!

– deyən təvazökar şairimizn ya­radıcılığı barədə eşitmək və ya onun haqqında danışmaq istəyən ədəbiyyat­sevərlərə eşq olsun!

Həmin anda ağuşuna düşdüyüm xoşbəxtliyin qürurunu bu gün də eyni şə­kildə yaşayıram. Bəxtiyar Vahabzadə əl çalmağa başladı və zaldakıların hamısı ona qoşuldu. 

... Üç gün sonra eşitdim ki, mədəniy­yət sarayının rəhbərliyi mənə 30 manat mükafat yazıb. Bədii rəhbər zarafatla dedi ki, bu 30 manat “böyük şair”in qar­şısında pərt olmağın mükafatıdır. 

İ.QAÇAYEV
XQ

Mədəniyyət