Milli Dram səhnəsində yeni tamaşalar hazırlanır

post-img

Azərbaycan teatrı – 150

Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı 151-ci teatr mövsümünü ənənəvi olaraq Xalq yazıçısı İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında hazırlanmış “Qarabağnamə” tamaşası ilə acdı. Teatr ötən mövsümü də bu tamaşası ilə başa vurub. 

Artıq neçə illərdir ki, baş teatr mövsümün açılışını və bağlanışını bu tamaşa ilə edir. İlyas Əfəndiyevin “Hökmdar və qızı” əsəri əsasında ha­zırlanmış bu tamaşa ilk dəfə 1996-cı ildə nümayiş olunub. Pyes böyük müvəffəqiyyət qazanıb və 1997-ci il sentyabrın 20-də ümummilli lider Heydər Əliyev Akademik Milli Dram Teatrının səhnəsində tamaşanı ma­raqla izləyib. Yaradıcı heyətlə görüş­də Ulu öndər əsəri yüksək qiymət­ləndirib, onun təbliğinin vacibliyini bildirib. 

Tamaşa bu mövsüm regionlarda da oynanılacaq. Mədəniyyət Nazirliyi ümummilli lider Heydər Əliyevin 100, Azərbaycan peşəkar milli teatrının yaranmasının 150 illiyinə həsr edil­miş silsilə tədbirlər çərçivəsində re­gionlara teatrların qastrol səfərlərini bu mövsümdə də davam etdirir. La­yihə çərçivəsində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı sentyab­rın 26-da “Qarabağnamə” tamaşası ilə Şəki Dövlət Dram Teatrında çıxış edəcək.

Ötən mövsümdə Milli Dram Te­atrının repertuarına yeni tamaşalar da əlavə olundu. Ən son tamaşanın premyerası iyunun 30-da oldu. Yazı­çı Cavid Zeynallının “Şükriyyə” pyesi əsasında hazırlanan eyniadlı tama­şanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanov­dur. Rolları əməkdar artist Münəvvər Əliyeva (Şükriyyə), Xalq artisti Nurəd­din Mehdixanlı (Fyodor Alekseyeviç), Xalq artisti Əli Nur (Süleyman bəy), əməkdar artistlər Mehriban Xanlaro­va (Zöhrə), Vəfa Rzayeva (Mariya), aktyorlar Afət Məmmədova (Tamar), Rada Nəsibova (Lola), Ləman İma­nova (Suğra), Əməkdar artist Şəlalə Şahvələdqızı (Qadın müstəntiq), aktrisa Dilarə Nəzərova (Olqa), ak­tyor Rüstəm Rüstəmov (Nəzarətçi), aktrisalar Aylin Həşimova (Lali), Lalə Süleymanova (Nino), Nəzrin Abdul­layeva (Ayçiçək), aktyorlar Elsevər Rəhimov və Tural İbrahimov (Nə­zarətçilər) oynayırlar. 

Tamaşa Azərbaycanın istiqlal şairi Əhməd Cavadın həyat yoldaşı Şükriyyə Axundzadənin Qazaxıstan­dakı sürgün həyatı haqqındadır. O, 1937-ci il oktyabrın 14-də həbs olu­nub. Şükriyyə xanıma 8 il həbs cəza­sı verilib və “xalq düşməninin arvadı” kimi Şimali Qazaxıstanın Akmolinski vilayətinə – əmək koloniyasına gön­dərilib.

Ötən mövsüm Milli Dram Teat­rında daha bir əlamətdar hadisə baş verib. Teatr Mədəniyyət Nazirliyinin dəstəyi ilə Gürcüstanda keçirilən No­dar Dumbadze adına IV Beynəlxalq Teatr Festivalında iştirak edib. Te­atrın təqdimatında məşhur gürcü yazıçısı Qoderzi Çoxelinin eyniadlı hekayəsi əsasında səhnələşdirilən “Küknarlara məktub” tamaşası uğur­la qarşılanıb. Əsər festivalın bey­nəlxalq münsiflər heyəti tərəfindən yüksək dəyərləndirilib və “Gürcü nəsrinin ən yaxşı interpretasiyasına görə” mükafatına layiq görülüb. 

Tamaşanın quruluşçu rejisso­ru Nigar Güləhmədovadır. Rollarda əməkdar artistlər Elşən Rüstəmov, Almaz Amanova, Ayşad Məmmədov, aktyorlar Rüstəm Rüstəmov, Ramin Şıxəliyev, Dilarə Nəzərova, Elçin Əfəndi, Firuzə Balayeva, Lalə Süley­manova çıxış edirlər.

Bütün bu hesabatlar və yenilik­lər barədə açılışdan öncə teatrın bədii rəhbəri, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə ya­radıcı heyətlə görüş zamanı bəhs edib. Bədii rəhbər kollektivin gələ­cək planları, hazırlanacaq tamaşalar haqqında məlumat verib.

Teatrda yeni mövsümdə 3 tama­şa hazırlanacaq. Yeni yaradıcılıq iş­ləri Çingiz Aytmatovun “Əsrə bərabər gün”, Şıxəli Qurbanovun “Sənsiz” və Xalq yazıçısı Anarın “Dantenin yubi­leyi” əsərləri əsasında hazırlanacaq eyniadlı tamaşalardır.

R.QURBANLI
XQ

Mədəniyyət