Azərbaycan Elm Fondu 4-cü Azərbaycan-Türkiyə birgə beynəlxalq qrant müsabiqəsini elan edib

post-img

Azərbaycan Elm Fondu və Türkiyə Elmi və Texnoloji Araşdırma Şurası (TÜBİTAK)  birgə beynəlxalq qrant müsabiqəsinə Azərbaycan və Türkiyə  alimlərini elmi istiqamətlər üzrə elmi-tədqiqat layihələrini təqdim etməyə dəvət edir.

Fonddan XQ-yə bildirilib ki, 4-cü Azərbaycan-Türkiyə (“AzTürk-4”) beynəlxalq qrant müsabiqəsinin məqsədi Azərbaycan və Türkiyədən olan alim və tədqiqatçıların təqdim etdiyi birgə elmi-tədqiqat layihələrinin Elm Fondu və TÜBİTAK-ın birgə qrantları vasitəsilə dəstəklənməsi, bu tədqiqatların iqtisadiyyatda tətbiqinə şərait yaradılması, yeni əməkdaşlıq imkanlarının açılması, elmi təcrübə və bacarıqların mübadiləsi, layihə üzrə qoyulmuş elmi problemlərin həllində onlardan istifadə edilməsidir.

Müsabiqə çərçivəsində fundamental, tətbiqi, eksperimental, akademik, empirik, innovativ, nəzəri xarakterli və 200 000 manatadək maliyyə həcmli layihələr maliyyələşdiriləcək.

Müsabiqədə iştirak etmək üçün layihələr 04 avqust 2025 – 04 noyabr 2025 il tarixləri arasında qəbul olunacaq. Müsabiqənin nəticələrinin 2026-ci ildə açıqlanması planlaşdırılır.

Layihələrin qəbulu üçün nəzərdə tutulmuş müddət ərzində qrant iddiaçılarına kömək və sualların cavablandırılması məqsədilə onlayn məsləhət seminarlarının keçirilməsi nəzərdə tutulub. Bu barədə əlavə məlumat Fondun internet səhifəsində  (http://aef.gov.az/az) dərc olunacaq. Müsabiqəyə təqdim olunduğu gündən etibarən, layihələrə baxılacaq və nəticələri barədə müsabiqə iştirakçılarına elektron qaydada məlumat veriləcəkdir.

Elm