Bu il sentyabrın 19-da Azərbaycanın Qarabağda Rusiya sülhməramlılarının müvəqəti nəzarətində olan ərazilərdə antiterror əməliyyatına başlaması xəbəri dərhal qlobal medianın əsas mövzularından birinə çevrilib. Bu hadisə, səbəblər və gözləntilər barədə dünyanın aparıcı informasiya agentlikləri, radio və televiziya kanalları operativ xəbərlər, geniş şərh və rəylər, analitik yazılar təqdim edirlər.
Qeyd etmək lazımdır ki, beynəlxalq KİV hadisələrin mahiyyətini müxtəlif rakurslardan işıqlandırmağa çalışır. Bu barədə yazılarda belə bir məqam xüsusi vurğulanır ki, Cənubi Qafqazda aparılan əməliyyatlar beynəlxalq hüquq normalarına uyğundur və müstəqil Azərbaycanın tamamilə öz ərazi bütövlüyü və suverenliyini təmin etmək hüququ vardır.
Türkiyə mətbuatı, xüsusilə, “Anadolu” agentliyi və TRT kanalı Qarabağda hadisələri diqqətlə izləyir, bu barədə oxucu və tamaşaçıları operativ qaydada məlumatlandırır. Qardaş ölkənin mediasında bu ölkənin ən yüksək ranqlı rəsmilərinin hadisələrə dair mövqelərini əks etdirən rəylər də geniş yer alır.
Prezident R.T.Ərdoğanın BMT-nin yüksək tribunasından Azərbaycanın haqq işini birmənalı olaraq dəstəkləməsi, bu ölkənin müdafiə naziri Yaşar Gülərin Türkiyənin hər zaman olduğu kimi, bu dəfə də ölkəmizin yanında olması barədə bəyanatı, eləcə də sadə türklərin “Can Azərbaycan”ı heç vaxt darda qoymayacaqları ilə bağlı ürək sözləri Azərbaycan və Türkiyə dövlətləri və xalqlarının bir-birilə nə qədər yaxın olduğunu bir daha nümayiş etdirir.
Qərb mediası “dünyanın ən həssas nöqtələrindən biri”nə çevrilən Qarabağdakı proseslərə biganə qalmır. “Amerikanın səsi” radiosu xəbər verir ki, Azərbaycan ordusu Qarabağda “lokal xarakterli antiterror tədbirləri”nə başlayıb: “Rəsmi Bakı hərbi əməliyyatları 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli Bəyanatın müddəalarının təmin olunması və Azərbaycan konstitusiya quruluşunun bərpa edilməsi məqsədi ilə əsaslandırıb”.
Məlumatda, həmçinin qeyd edilir ki, Azərbaycan mətbuatı Prezident Administrasiyasının Qarabağ ermənilərinin müraciətinə cavab olaraq rəsmi açıqlamasını yayıb. Sənəddə hakimiyyətin Qarabağ erməniləri ilə Yevlaxda görüşə hazır olduğu deyilir. Bununla bərabər, açıqlamada əlavə edilir ki, hərbi əməliyyatın dayandırılması üçün qanunsuz erməni silahlı dəstələri bütün silahları təhvil verməli və qanunsuz rejim özünü buraxmalıdır.
BBC informasiya agentliyi də Qarabağdakı hadisələrə operativ reaksiya verir. Agentliyin şərhçisi “Əməliyyatlar niyə başlandı?” adlı yazıda bildirir ki, döyüşlərin başlanması ərəfəsində altı azərbaycanlı həyatını itirmişdi. “Hadisə qanunsuz erməni silahlı birləşmələrinin əraziyə mina yerləşdirməsi nəticəsində baş vermişdir”. BBC-nin şərhində, həmçinin qeyd olunur ki, Qarabağda vəziyyət bir neçə ay idi ki, gərgin idi və Azərbaycanın belə bir əməliyyata başlayacağı gözlənilirdi.
Yeri gəlmişkən, sentyabrın 19-da Ermənistanın baş naziri Nikol Paşinyan təhlükəsizlik şurasının iclasını keçirib. Dünyanın əksər mətbu nəşrləri bu barədə məlumat yayıblar. Bildirilir ki, baş nazir Azərbaycanın Qarabağda keçirdiyi hərbi əməliyyatlarla bağlı ABŞ dövlət katibi Antoni Blinken və Fransa Prezidenti Emmanuel Makronla telefonla danışıb. Paşinyan canlı yayımla çıxış edərək onu da vurğulayıb ki, Ermənistan Azərbaycanla hərbi əməliyyatlara cəlb olunmayacaq.
Təəssüf ki, erməni lobbisinin təsirinin güclü olduğu Fransa mediası Azərbaycana qarşı qərəzli və əsassız məlumatlar yayır. Bu yazılarda, guya, Azərbaycan tərəfinin Qarabağda mülki əhalini və infrastrukturu hədəfə aldığı iddia olunur. Bütün bunlar, təbii ki, dezinformasiya xarakteri daşıyır.
Dünən İrəvanda ictimai-siyasi vəziyyət yenidən kəskinləşib. Belə ki, Paşinyanın Qarabağla bağlı çıxışından sonra Yerevanda hökumət evinin qarşısında etirazlar başlayıb. Etirazçılar Ermənistan hakimiyyətindən Qarabağdakı əməliyyatlara müdaxilə etməyi tələb ediblər. TASS agentliyinin yazdığına görə, aksiya iştirakçıları Rusiya səfirliyinin çıxışını da bağlayıblar.
Sosial şəbəklər də Cənubi Qafqazda gedən proseslərə biganə qalmırlar. Hazırda “Facebook”, “Telegram”, “İnstagram” və sair şəbəkələrdə bu barədə çeşidli fikir və mövqelər sərgilənir. Təqdirəlayiq haldır ki, sosial şəbəkələrdə Azərbaycanın haqq işini dəstəkləyənlərin sayı durmadan artır.
Dünən axşam saatlarında məlum oldu ki, Qarabağda lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə tərəflər arasında razılıq əldə olunub. Həmin xəbərdə bildirilib ki, Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq 2023-cü il sentyabrın 20-də saat 13:00-da bir sıra şərtlər altında antiterror tədbirləri dayandırılır.
Bu xəbər də həm qlobal media, həm də sosial şəbəkə izləyiciləri tərəfindən müsbət qarşılanıb. Bu barədə paylaşımlarda qeyd olunur ki, ən kövrək sülh belə qanlı savaşlardan yaxşıdır. Bununla da Azərbaycan dövləti və xalqı bəşəri, humanist dəyərlərə sadiq qaldığını bir daha nümayiş etdirdi.
Amma, qarşı tərəf, yəni, ermənilər öz məkrli siyasətlərindən əl çəkməli, sülh şəraitində yaşamağın üstünlüyünü, nəhayət, dərk etməlidirlər. Ümid edək, məhz belə olacaq! Ermənilər daşı ətəklərindən töküb sülhə qol qoysalar, regionda sabitlik hökm sürər, inkişaf və rifah üçün meydan açılar.
Həmid VƏLİYEV,
BDU-nun beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının professoru
– Qlobal media Azərbaycan dövlətinin Qarabağda başladığı antiterror əməliyyatına böyük diqqətlə yanaşır. Bu da səbəsiz deyil. Çünki Cənubi Qafqaz hazırda dünyanın ən həssas bölgələrindən biridir. Təbii ki, burada baş verən gərgin proseslər planetimizdə yeni dünya düzəninin formalaşmasına böyük təsir göstərə bilər.
Təqdirəlayiq haldır ki, dünyanın bir çox nüfüzlu mətbu nəşrləri hadisələr barədə operativ məlumat verməyə çalışırlar. Göstərirlər ki, Azərbaycanın öz ərazisində antiterror əməliyyatı aparmağa tam hüququ var.
Lakin ermənilərə yaxın olan, erməni lobbisinin təsiri altında olan, xüsusilə də ermənipərəst Fransa mətbuatı bu günlərdə Azərbaycan barədə saysız-hesabsız yalan məlumatlar yayır, Qarabağda aparılan əməliyyatlarda mülki şəxslərin, uşaqların, qocaların hədəfə alındığı barədə saxta məlumatlar tirajlayır. Azərbaycanın rəsmi dairələri bu yalanları vaxtında təkzib edirlər.
Bizim dostlarımızla rəqiblərimiz arasında Qarabağla bağlı çoxdan informasiya müharibəsi gedir. Əlamətdar haldır ki, əvvəlki dövrələrə nisbətən indi hadisələr daha obyektiv şərh olunur. Fikrimcə, sosial şəbəkələrin də xalqımıza dəstək verməsi Azərbaycan diplomatiyasının və mediasının uğuru hesab oluna bilər.
Yaxşı haldır ki, Azərbaycan dövləti, diplomatlarımız, o cümlədən mediamız bu antiterror əməliyyatları ərəfəsində dünya ictimaiyyətini məlumatlandıra bilmişdir. Yaxın və zuaq ölkələrin internet televiziyalarında da Azərbaycanın ədalətli mövqeyii dəstəklənir. Xüsusilə Ukraynanın onlayn televiziyalarında ölkəmizin mövqeyi dəstəklənir.
Görünən budur ki, hazırda qonşusu Rusiyanın təcavüzünə məruz qalan Ukrayna Azərbaycanın öz suverenliyinin təmin etmək istiqamətində atdığı addımları alqışlayır.
Ceyran CƏFƏRLİ,
Məsaim ABDULLAYEV
XQ