Azərbaycana antiterror əməliyyatı keçirmək niyə olmaz?
Rusiya və ABŞ münaqişə tərəflərinə müraciət edərək siyasi və diplomatik həll yoluna qayıtmağın zəruriliyini vurğulayıb. Bu barədə “Röyter”agentliyinin yaydığı məlumatda bildirilib ki, Azərbaycan çərşənbə günü etnik ermənilərin nəzarətində olan Dağlıq Qarabağa zərbə endirib.
Ermənipərəst Qərb ölkələrinin Azərbaycanın lokal antiterror əməliyyatına belə qərəzli münasibətindən aydın olur ki, bəzi ölkələr antiterror əməliyyatları keçirə bilər, Azərbancana isə belə imkan verilməməlidir. Yəni, Ukrayna və Gürcüstan ərazisində suverenliyini bərpa edə bilər, Azərbaycan isə yox? Ukrayna öz ərazisində Rusiya qoşunlarına qarşı mübarizə aparanda KİV-in reaksiyası belə olur: “Yaşasın Ukrayna!”. Gürcüstanda oxşar münaqişədə isə “İrəli, Gürcüstan!” yazırdılar.
Azərbaycana gələndə Qərbdə fərqli münasibət sərgiləyirlər. Onun öz ərazisində antiterror əməliyyatını keçirməsi xristian aləmində qıcıq yaradır, hay-küyə səbəb olur. ABŞ Hərbi Dəniz Donanması Ali Məktəbinin müəllimi, xarici siyasət üzrə ekspert Brenda Şaffer də elə bunu deyib: “Ancaq Azərbaycan 10 min erməni qoşununu öz ərazisindən çıxarılmasını təmin etmək istəyəndə bu addım bəyənilmir, reaksiya belə olur: “Azərbaycanı dayandırmaq lazımdır. Təsəvvür edirsinizmi, ABŞ dövlət katibi Antoni Blinken Ukraynaya zəng edib, Kiyevdən Krım və ya Donetskdə terrorçulara qarşı hərbi addım atmamağı xahiş etsin?”.
Azərbaycan isə öz ərazisində gələcək faciələrin qarşısını almaq üçün antiterror əməliyyatını həyata keçirməli idi. Çünki Ermənistanın qanunsuz silahlı birləşmələrinin Qarabağda olması ən böyük təhlükə idi və təxribatlarla müşayiət olunurdu. Təbii ki, Azərbaycanın öz ərazisini xarici hərbi qüvvədən təmizləmək hüququ var. Çünki ən böyük təhlükə qalırdı. ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayzanın bildirdiyi kimi, ən böyük təxribat Ermənistan tərəfdəndir, onun silahlı qüvvələri hələ də Azərbaycan ərazisində, Qarabağda yerləşirdi: Onlar beynəlxalq hüquq normalarına uyğun olaraq 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən Qarabağı tərk etməli idilər. Amma erməni əsgərləri Qarabağı tərk etmədilər”.
Əslində, Azərbaycanın Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri Ermənistana müharibə deyil, ölkəmizdə olan və ərazi bütövlüyünü təhdid edən qeyri-qanuni erməni silahlı birləşmələrinə qarşı idi. Təxminən, 10 min nəfər olduğu gümən edilən və Ermənistanın maliyyələşdirdiyi bu qeyri-qanuni birləşmələr bölgədəki insanların, o cümlədən, mülki ermənilərin əmlak və həyat təhlükəsizliyini təhdid edir, Azərbaycana qarşı cinayətlər törədirdi. Ona görə də Azərbaycan dövləti konstitusiyanın müddəalarını həyata keçirmək və regionda yaşayan mülki əhalinin, o cümlədən, öz erməni vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün lokal antiterror tədbirləri həyata keçirdi. Məqsəd isə Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin hazırladığı genişmiqyaslı təxribatların qarşısını almaq, üçtərəfli Bəyanatın tələblərinin həyata keçirilməsini təmin etmək, qeyri-qanuni erməni silahlı birləşmələrini tərksilah etmək və bölgədən çıxarmaq, onların hərbi infrastrukturunu zərərsizləşdirmək idi.
“Röyter” agentliyinin terror əməliyyatı zamanı dinc əhalinin, guya zərər görməsi barədə xəbəri də reallıqdan uzaqdır. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Anar Eyvazov antiterror tədbirlərinin gedişi barədə məlumat verərkən deyib: “Silahlı qüvvələrimiz tərəfindən keçirilən tədbirlər çərçivəsində mülki şəxslər və heç bir mülki obyekt qətiyyən hədəfə alınmır, yalnız legitim hərbi hədəflər bölmələrimiz tərəfindən zərərsizləşdirilir”. Bəzi əməliyyatlardan isə mülki şəxslərə zərər vurmamaq üçün son anda imtina edilib.
Azərbaycanın Qarabağda keçirdiyi antiterror əməliyyatı sonda uğurla yekunlaşdı. Düşmən ağ bayraq qaldırmalı oldu. Azərbaycan çoxdan gözlədiyi ədaləti yenidən öz gücü ilə bərpa etdi. Artıq Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri silahı yerə qoyub təslim olurlar. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının təklif etdiyi kimi, ölkə Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələlərinin müzakirə edilməsi üçün Qarabağın erməni sakinlərinin nümayəndələri ilə 2023-cü il sentyabr 21-də Yevlaxda görüş keçiriləcək.
P.ƏFƏNDİYEV
XQ