İkinci kapitulyasiya – Yevlaxa Xankəndinin açarı gətiriləcək

post-img

Qarabağdakı lokal antiterror tədbirlərinin doğurduğu nəticələrə baxış

Bəli, İkinci Qarabağ müharibədəki kapitulyasiya 44 günə başa gəlmişdisə, ikin­ci kapitulyasiya haradasa, bir sutkaya tamamlandı. Azərbaycanın Qarabağda apardığı lokal antiterror tədbirləri uğurla yekunlaşdı. Ölkəmiz öz hədəflərinə çatdı. Qurulmuş mükəmməl plan nəticəsində hərbi məqsədlər yerinə yetirildi, həmçinin, siyasi tələblər də ödəndi. Antiterror tədbirləri, eyni zamanda nəyi göstərdi? Bu barədə söz açacağıq.

***

Birincisi, Azərbaycan qələbə qazan­dı. Sübut olundu ki, 44 günlük mühari­bədən sonrakı müddətdə Qarabağa tam sahiblənmək, döyüş əzmi və rəşadəti bütövlükdə cəmiyyətimizin ruhuna hop­muş reallıqdır. Mövcud reallıq qarşısın­da duruş gətirəcək heç bir qüvvə yoxdur və ola da bilməz. Qələbəni, bütövlükdə, Azərbaycan xalqı qazandı. Bu, birliyi­mizin, bütövlüyümüzün göstəricisi kimi yadda qaldı. Bir daha sübut olundu ki, cəmiyyətimiz üçün Qarabağ köklənişi son dərəcə vacib və həyati əhəmiyyət daşıyan milli vəhdətin nəticəsidir. 

Bəli, “dəmir yumruğ”un yerində ol­duğu yenidən təsdiqləndi. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında dəfələrlə vurğulamışdı ki, ölkəmiz öz ərazilərində hansısa separatçı birləş­mələrin mövcudluğuna dözməyəcək və dözmədiyini göstərdi. Xalqımız onu da göstərdi ki, torpaqlarımızda “boz zona”­nın olmasına əsla yol verməyəcək. 

***

İkincisi, antiterror tədbirləri nəticə­sində Azərbaycan bütün şərtlərini qəbul etdirdi. Qarabağdakı separatçı rejimə, Ermənistan Respublikasına məxsus hərbi birləşmələrin tərksilah olunması­na, ərazidən tamamilə çıxarılmasına dair razılıq əldə olundu. Daha doğrusu, separatçı rejim və havadarları razılaş­mağa məcbur oldular. Onların əvvəllər boyun qaçırdıqları görüşə – Yevlaxa gəlmək istəmələrini bildirmələri isə elə ağ bayrağın qaldırılmasıdır. Dövlətimi­zin başçısının bildirdiyi kimi, boyunlarını bükə-bükə gələcəklər. Ancaq, bu, hələ hər şey demək deyil.

Heç şübhəsiz, növbəti mərhələdə se­paratçı rejimin buraxılması, onun saxta dövlət atributlarının zibilliyə atılması baş verəcək. Prezident İlham Əliyevin bu il mayın 28-də Laçın rayonu sakinləri ilə görüşdə bildirdiyi kimi: "Miatsum” kitabı bağlandı, separatizmin kitabı bağlandı. Müstəqillik xülyası statusun dalınca get­di. Statusu isə biz hələ İkinci Qarabağ müharibəsi zamanı göndərmişik lazım olan yerə. Ona görə, yeganə yol qalıb -Azərbaycan qanunlarına tabe olmaq, Azərbaycanın loyal normal vətəndaşı olmaq, öz saxta “dövlət atributları”nı zi­bil yeşiyinə atmaq, “parlament”i burax­maq. Guya, orada “parlament” fəaliyyət göstərir, guya, orada prezident var, guya nazir var, bunlar hamısı gülməlidir. Biz, sadəcə olaraq, dözüm göstəririk. Halbu­ki, hər kəs yaxşı bilir ki, bu gün o böl­gədə istənilən əməliyyatı keçirmək üçün hər bir imkanımız var. Ona görə “parla­ment” buraxılmalıdır, özünü “prezident” adlandıran ünsür təslim olmalıdır, bütün “nazirlər”, “deputatlar” və digərləri öz və­zifələrini artıq kənara qoymalıdırlar. An­caq o təqdirdə onlara güzəşt oluna bilər. Ancaq o təqdirdə hər hansı bir amnisti­yadan söhbət gedə bilər”.

***

Üçüncüsü, Ermənistanın müdafiəsiz durumda qaldığı sübuta yetirildi. Ay­rı-ayrı ermənipərəstlərin nə qədər hay-küy qaldırmalarına rəğmən, beynəlxalq aləmin Qarabağdakı erməni avantüriz­mini qorumaq üçün heç bir mexanizmi­nin olmadığı aşkarlandı. Ermənistan və ermənipərəstlər, o cümlədən, Qarabağ­dakı separatçı rejim gördü ki, aciz və çıxılmaz durumdadır. Əslində, dövlətimi­zin başçısı Laçın rayonunun sakinləri ilə görüşündə bu məqama da toxunmuşdu: “Onu da bildirməliyəm ki, son vaxtlar beynəlxalq təşkilatlar faktiki olaraq bi­zim mövqeyimizlə tamamilə razılaşıblar. Bunu mən müxtəlif görüşlər əsnasında artıq görürəm. Yəni, nəyə görə razıla­şıblar? Ona görə ki, biz haqlıyıq və ona görə ki, biz mövqeyimizdən kənara bir addım belə atmırıq. Ona görə bu gün nə müstəqillikdən, nə muxtariyyətdən, nə başqa bir şeydən heç kim artıq söhbət açmır. Sadəcə olaraq, bizə gələn son mesajlar belədir ki, bəs orada dırnaqa­rası rəhbərliyin aqibəti necə olacaq? Onlara amnistiya düşürmü, düşmürmü? Mən isə deyirəm ki, buna baxmaq lazım­dır".

Bəli, separatçılara amnistiya düşür ya yox, bunu zaman göstərəcək. Hesab edirik ki, bir çox məsələlər kimi, buna da bu gün Yevlaxda keçiriləcək görüşdən sonra aydınlıq gələcək. Nəzərə alaq ki, bu gün, eyni zamanda, Fransanın tələbi ilə BMT Təhlükəsizlik Şurasında Qara­bağ məsələsi müzakirəyə çıxarılacaq. Heç şübhəsiz, avantüristlərin Nyu-York­dakı toplantıya ümid bəsləmələri müm­kündür. Axı, BMT TŞ Ermənistanın və havadarlarının Qarabağ avantürizmi ilə bağlı son çırpıntısıdır. 

***

Dördüncü məqama keçid alaq. Antiterror tədbirləri başlayan gün Er­mənistanın baş naziri Nikol Paşinyan bildirmişdi ki, Qarabağda erməni hərbi birləşmələri yoxdur. Dünən həmin hərbi birləşmələrin ərazidən çıxarılması şər­tinin yerinə yetiriləcəyinə dair məlumatı Nikolun hökuməti də açıqladı. Bu, Pa­şinyanın siyasət meydanındakı növbəti qeyri-ciddiliyi idi. Ancaq antiterror tədbir­ləri qeyri-ciddiliklə yanaşı, erməni siyasi düşüncə tərzindəki daha bir anormallığı üzə çıxardı. Ermənistan Respublikası, faktiki olaraq, Qarabağ ermənilərini ta­leyin ümidinə buraxdı. Bu, bir xalq üçün son dərəcə böyük faciədir. Eyni zama­da, dövlət üçün də. Bir dövlət ki, öz var­lığını Qarabağ amili üzərində qurmuşdu, çətin durumda nəinki həmin amildən, ümumən erməni əhalidən də imtina etdi. Bundan böyük rüsvayçılıq ola bilməz. Mahiyyətcə, 44 günlük müharibə məğlu­biyyəti də bu rüsvayçılığın yanında heç nədir. 

***

Belə bir deyim var ki, bütün yol­lar Romaya aparır. Bu deyimi Cənubi Qafqaz müstəvisinə tətbiq etsək, deyə bilərik ki, bütün yollar Yevlaxa aparır. O Yevlaxa ki, bir vaxtlar erməni millətçiləri azərbaycanlıları burayadək qovacaqla­rını bildirirdilər. Bu gün Yevlaxa təslim olduqlarını, Azərbaycanın bütün şərtlə­rini yerinə yetirəcəklərini bildirmək üçün gələcəklər. Gələcəklər ki, separatçı re­jimə paytaxt seçdikləri qədim Azərbay­can şəhəri Xankəndinin açarını təqdim etsinlər. Gələcəklər ki, Stepanakertdə deyil, Xankəndidə, Mardakertdə deyil Ağdərədə, Martunidə deyil, Xocavənddə yaşamaq istədiklərini bəyan etsinlər. Əl­bəttə, yaşamaq istəyəcəklərsə. Ölməyi deyil, yaşamağı seçəcəklərsə...

Ə.RÜSTƏMOV
XQ

Siyasət