Əvəz RÜSTƏMOV
[email protected]
Bu toplantı İrəvanın Qarabağ iddiasının son beynəlxalq müzakirəsi olacaq
Bu gün BMT Təhlükəsizlik Şurasının Qarabağda yaranmış durumla bağlı təcili toplantısı keçiriləcək. Buna səbəb ölkəmizin bölgədə həyata keçirdiyi lokal antiterror tədbirləridir. Azərbaycan öz ərazisində Konstitusiya quruluşuna zidd halları aradan qaldırır, kimlərsə narahat olmağa başlayır. O da məlumdur ki, ən böyük narahatlıq keçirən, həmişəki kimi, Ermənistanın “bacısı” Fransadır. Əminliklə söyləmək mümkündür ki, bugünkü toplantı rəsmi Parisin Qarabağda erməni avantürizminin yaşadılması istiqamətindəki son çırpıntısıdır. Əlbəttə, BMT-dəki müzakirə elə İrəvanın da Azərbaycan ərazilərini işğalda saxlamaq istiqamətindəki axırıncı dirəniş nöqtəsidir.
Kənardan belə təəssürat yaranır ki, Fransa Qarabağ üçün Ermənistanın özündən daha çox çalışır. Təsəvvür edin, Ermənistan baş naziri Nikol Paşinyan ölkəsinə məxsus ordu hissələrinin hərbi əməliyyatlara qatılmayacağını vurğulayır, amma Fransa prezidenti Emmanuel Makron onunla telefon danışığı zamanı bildirir ki, BMT Təhlükəsizlik Şurasının toplantısını çağıracaq. Həqiqətən də, rəsmi Parisi, elə Makronun özünü də olduqca miskin mənzərə gözləyir.
Miskinlikdən söz düşmüşkən, Fransa bir yana, Ermənistan dövlətinin adına son dərəcə biabırçı durum yaşanır. Bilirik ki, müasir Ermənistan Qarabağ xülyası üzərində qurulmuş respublikadır. Ölkənin ideoloji bazasını məhz bu amil təşkil edir. Vaxtilə Azərbaycan torpaqlarını işğal edən də Ermənistan olmuşdu. Hazırda Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi məsələsinin qabardılması, məsələnin beynəlxalq təminatlarının yaradılması və bunun Azərbaycan–Ermənistan sülh müqaviləsinin tərkib hissəsi olaraq təsbiq edilməsi iddiası da işğalçılığın fərqli təzahür formasından başqa bir şey deyil.
Amma bu iddianı irəli sürənlər antiterror tədbirlərindən qorxuya düşərək özlərinin müqəddəs bildikləri, əslində, saxta mahiyyət daşıyan məsələyə tüpürürlər. Paşinyanın Ermənistan ordusunun Qarabağdakı hərbi əməliyyatlara girişməyəcəyinə dair fikirləri bunun nəticəsidir. Necə deyərlər, İrəvan başı girməyən yerə bədənini soxmağın acı, rüsvayçı aqibətini yaşayır. Uca səslə, ucuz populizm notları ilə qaldırdıqları “Artsax” sarsaqlığı məhvə doğru gedir. Reallığı separatçı rejimdə də, Ermənistanın özündə də yaxşı dərk edirlər. Görünür, gerçəkliyi anlamayan təkcə Makron Fransasıdır.
***
Fransanın Qarabağ, Azərbaycan–Ermənistan münasibətləri müstəvisindəki canfəşanlığının BMT tribunalarına çıxarılması ilk dəfə deyil ki, yaşanır. Paris dəfələrlə mövcud xüsusda İrəvana patronajlıq edib. Ümumən, “erməni məsələsinin” bu mötəbər təşkilatda diskussiya predmetinə çevrilməsi ilə bağlı bütün məqamlarda Fransanın “rolu” var.
Qeyd edək ki, bu il avqustun 16-da BMT Təhlükəsizlik Şurası Ermənistanın müraciəti əsasında Qarabağda humanitar vəziyyəti, saxta soyqırımı və etnik təmizləmə iddialarını müzakirəyə çıxarmışdı. Həmin vaxt rəsmi İrəvan buna çox böyük ümidlər bəsləmişdi. Lakin həmişə olduğu kimi, gözləntilər özünü doğrultmamışdı. Azərbaycan tərəfinin ortaya qoyduğu sübut və arqumentlər nəticəsində toplantı heç bir qərar çıxarmamışdı. Necə deyərlər, yığıncaq danışıb-dağılışmaq mərasiminə çevrilmişdi.
Onu da vurğulayaq ki, erməni avantürası səbəbindən BMT-dəki belə danışıb-dağılışmalar son illər adət halını alıb. Sanki qurumun başqa işi-gücü yoxdur. Bu məqamı Azərbaycanın təşkilatdakı daimi nümayəndəsi Yaşar Əliyev vaxtilə çox gözəl ifadə etmişdi. O, bildirmişdi ki, Ermənistan dövlətinin idarə olunan manipulyasiya, təhrif və saxtakarlıq kampaniyasına görə Təhlükəsizlik Şurasından sui-istifadəsi dərin təəssüf hissi yaradır.
Doğrudan da, ortada BMT adına da xoşagəlməz mənzərə yaranır. Təşkilat bəşəriyyət üçün vacib məsələləri müzakirə etməli olduğu halda, dünya erməniliyinin mənasız ambisiyalarının səsləndiyi məkana çevrilməkdədir. Çox güman ki, qurumun tarixində heç vaxt separatçı iddialar müzakirəyə çıxarılmamışdı. Heç şübhəsiz, mövcud cəhət onun nüfuzunu da zədələyir, ona inamı və etimadı azaldır. Axı, ortada böyük reallıq var. Elə bir reallıq ki, həm hüquqa, həm də tarixə söykənir. Bu reallığın mübahisə obyekti olması mümkünsüzdür.
Yeri gəlmişkən, Y.Əliyev yuxarıda diqqətə çatdırdığımız fikirləri 2022-ci il dekabrın 21-də BMT TŞ-nin məhz Fransanın təşəbbüsü ilə keçirilmiş və Laçın yolundakı vəziyyətə həsr olunmuş müzakirəsində bildirmişdi. Həmin toplantıda Ermənistanın beynəlxalq səviyyədə, guya, Laçın yolunun bağlanması və bu səbəbdən Qarabağda “humanitar böhran” yaranması iddiaları ilə yaratmaq istədiyi növbəti şou cəhdi fiaskoya uğramışdı. Müzakirə heç bir sənəd qəbul edilmədən yekunlaşmışdı. Fransa və digər iki-üç ölkə Laçın yolunun açılması çağırışlarını səsləndirsələr də, TŞ-nin iclası Azərbaycanın ərazi bütövlüyünə hörmət kontekstində keçmişdi.
Ümumən, erməni iddialarının BMT müstəvisinə çıxarılmasının fiasko sonluğunu xarakterizə edən vacib amil var. Bir qayda olaraq, bu mötəbər tribunadan Azərbaycanın ərazi bütövlüyü məsələsi gündəmə gəlir. Yəni, Ermənistan Qarabağ avantürasını əsaslandırmaq istəyərkən, istər-istəməz, tamamilə əks vəziyyətlə üzləşir. Nəticə etibarilə, beynəlxalq ictimaiyyət Qarabağın Azərbaycana məxsusluğu reallığı ilə daha yaxından tanışlıq əldə etmək imkanı qazanır.
Xarici aləm 44 günlük müharibə zamanı da belə bir imkanı qazanmışdı. Həmin vaxt Ermənistan rəhbərliyi Azərbaycanın öz torpaqlarını düşmən tapdağından azad etməsini işğalçılıq kimi göstərmək istəyirdi və onun üz tutduğu tribuna yenə BMT TŞ olmuşdu. Lakin qurum gündəliyə çıxarılmış Azərbaycan əleyhinə qətnaməni qəbul etməmişdi.
***
Bəli, BMT müstəvisi Ermənistan və havadarları üçün həmişə fiasko meydanına çevrilib. Heç şübhəsiz ki, bu gün də eyni aqibət yaşanacaq. Başqa yol yoxdur. Hər halda, qurum özünü inkar edə bilməz. Onun beynəlxalq hüquq prinsiplərini saymazdan gəlməsi mümkünsüzdür. Özünü ona görə inkar edə bilməz ki, BMT TŞ-nin Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını pisləyən dörd qətnaməsi var. O qətnamələr ki, otuz ilə yaxın müddətdə icra olunmamışdı. Ölkəmiz 44 günlük müharibədəki şanlı qələbəsi ilə həm də BMT üzərindəki bu ləkəni təmizlədi. Beynəlxalq hüquq amili isə o səbəbdən aktualdır ki, Azərbaycan BMT üzvlüyünə 86,6 min kvadratkilometr ərazidə daxil olub və həmin ərazidə Qarabağ da var.
Sonda onu da bildirək ki, Azərbaycan suveren ərazisi olan Qarabağın erməni əhalisinə qarşı heç bir iddia irəli sürmür, əksinə erməni sakinlərin dinc və təhlükəsizlik şəraitində yaşamalarına təminat verir. BMT TŞ-nin əvvəlki toplantılarında da bununla bağlı nüanslar gündəmə gəlmişdi, heç şübhəsiz, bu gün də gələcək. Dünya bir daha əmin olacaq ki, Azərbaycanın özünün Konstitusiya quruluşuna zidd meyillərə qarşı açdığı cəbhə legitimdir, bütövlükdə, ölkəmizin mövqeyi ədalətlidir, beynəlxalq hüquq normalarına tam uyğundur.
Ə.CAHANGİROĞLU
XQ