İki gündür ki, Qərbin bir sıra mətbuat orqanlarında erməni lobbisinin Azərbaycanı Qarabağda yaşayan ermənilərə qarşı etnik təmizləmə, diskriminasiya aktları törətməkdə ittiham etdiyinin şahidi oluruq. Ermənistan siyasətçiləri, onların xaricdəki havadarları hər vəchlə separatçı xuntaya qarşı antiterror tədbirlərini Azərbaycanın ümumilikdə erməni xalqına hücumu kimi qələmə verməyə çalışırlar.
Lakin Azərbaycan Silahlı Qüvvələrinin hərbi əməliyyatlarını yaxından izləyən obyektiv ekspertlər və beynəlxalq qurumlar ədalətli mövqe sərgiləyərək bəyan edirlər ki, ordumuz yalnız Qarabağdakı erməni silahlı qruplaşmalarının hərbi infrasturkturunu hədəf aldı və mülki əhalinin zərər görməməsi üçün əlindən gələni etdi.
Artıq proses də başa çatıb və Azərbaycan Qarabağda antiterror tədbirlərinin dayandırıldığını bəyan edib. Cümə axşamı Qarabağın erməni sakinlərinin nümayəndələri ilə “Azərbaycan Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələlərinin” müzakirəsi üçün Yevlaxda görüş keçiriləcəyi bəyan edilib.
Xankəndidəki de-fakto hakimiyyətə sahib xunta rejimi, guya, əhalinin fiziki təhlükəsizliyini əsas gətirərək danışıqlara məcbur olduğunu bildirsə də, antiterror tədbirlərinin qarşısında aciz qaldıqlarını gizlətmək mümkün deyil. Lakin burada daha vacib məqamlardan biri Azərbaycan tərəfin mülki şəxsləri hədəf almaqda, hətta etnik təmizləmədə ittiham olunmasıdır. Erməni əhalinin “burnunun belə qanamadığını”, əməliyyatların konkret kimlərə qarşı olduğunu isə onların teleqram kanallarından təsbit etmək heç kim üçün çətin deyil.
Ümumiyyətlə, Ermənistan həm Birinci, həm də İkinci Qarabağ müharibələrində yaşayış məntəqələrini bombalamaqla adını hərb tarixinin qara siyahısına yazdıran ölkədir. 2020-ci ildə Ermənistanın cəbhədəki uğursuzluqlarını kompensasiya etmək üçün hansı müharibə cinayətləri törətdiyi dünya ictimaiyyətinə yaxşı məlumdur.
Bu gün heç bir əsas olmadan Azərbaycanı dinc əhaliyə qarşı silah işlətməkdə ittiham edənlər 2020-ci ilin oktyabr ayında Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən 5 dəfə bombalandığını nə tez unutdular?! İlk hücum 4 oktyabrda baş vermiş, nəticədə 1 mülki şəxs şəhid olmuşdu. 30-dan çox günahsız, dinc sakin isə yaralanmışdı.
İkinci raket hücumu da 5 oktyabrda baş vermişdi. Hücum nəticəsində 3 mülki şəxs yaralanmışdı. Üçüncü raket hücumu oktyabrın 8-də olmuşdu. Dördüncü raket hücumu isə 11 oktyabrda baş vermiş və nəticədə 10 mülki şəxs şəhid olmuş və 40-dan çox insan yaralanmışdı.
Mülki şəxsləri hədəf alan beşinci raket hücumu isə 17 oktyabrda baş vermişdi. Hücum nəticəsində hamısı mülki şəxslər olmaqla 16 nəfər şəhid olmuş, 55 nəfər yaralanmışdı. Hücumlar zamanı şəhərin infrastrukturuna, yaşayış və digər binalara, avtomobillərə ciddi ziyan dəymişdi. Ermənistanın bu qanlı hücumu nəticəsində şəhid olanlar və yaralananlar arasında uşaqlar və qadınlar da olmuşdu.
İkinci Qarabağ müharibəsində ümumilikdə Ermənistan tərəfindən Gəncə, Bərdə, Yevlax, Beyləqan, Tərtər, Qəbələ, Goranboy, Ağcabədi, Xızı və digər şəhər və rayonlarımız ballistik raketlər və digər ağır artilleriya qurğularından atəşə tutulub.
Bu hərbi təcavüzlər nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla, ümumilikdə, 93 mülki şəxs həlak olub, 454 vətəndaş yaralanıb, 35 uşaq müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 181 uşaq valideynlərindən birini, 5 uşaq hər iki valideynini itirib, bir ailə isə tamamilə məhv edilib. Ümumilikdə, 12 292 yaşayış və qeyri-yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib. Ermənistan terroru nəticəsində həlak olan hər bir dinc sakinlə bağlı cinayət işləri açılıb, beynəlxalq məhkəmələrə, təşkilatlara müraciətlər olunub.
Əlbəttə, Azərbaycan Ordusu bütün bunların cavabını mülki əhali üzərində deyil, döyüş meydanında layiqincə verməyi bacardı. Bu da hər kəsə məlumdur.
Türkiyə Milli Təhlükəsizlik Şurasının üzvü, İstanbul İstinye Universitetinin professoru, keçmiş millət vəkili İsmayıl Safi hesab edir ki, son aylar özünü “Artsax respublikası” hesab edən qondarma qurumun davranışları dözülməz xarakter almışdı. Qarabağda həm qondarma seçkilərin keçirilməsi, revanşist ritorikanın işə salınması, Azərbaycan qanunlarına, ərazi bütövlüyünə qarşı hörmətsizlik və son olaraq sentyabrın 19-da ağır terror aktlarının törədilməsi antiterror tədbirlərini qaçılmaz etdi.
İ.Safi bildirib ki, əlbəttə, hər zaman olduğu kimi, bu dəfə Türkiyə Azərbaycanın haqq mübarizəsinin yanında oldu və sonadək qardaş ölkəni dəstəklədi: “Yaxşı olar ki, dünya ictimaiyyəti ermənilərin saxta imdad diləmələrinə əhəmiyyət verməkdənsə, üzərindən cəmi 3 il keçmiş, yaraları hələ də soyumamış Gəncə və Bərdə qətliamlarından danışsınlar. Bəzi beynəlxalq qurumlar, bəzi dövlətlər 3 il əvvəl baş vermiş dəhşətli terrora gəldikdə susmağa üstünlük verirlər, lakin Azərbaycan dövlətinin öz ərazisində antiterror tədbirləri görməsini qınayırlar. Qardaş Azərbaycan neçə illərdir ki, bu cür ikili standartlarla qarşı-qarşıyadır”, – deyə türk siyasətçi əlavə edib.
Şübhəsiz ki, mülki çəxslərin “hədəfə götürülməsinə” dair Qərb siyasi və media dairələrinin iddiaları əsassızdır. Birincisi, bu iddialar erməni tərəfinin yaydığı əsassız və şişirdilmiş məlumatlara əsaslanır. Çünki Azərbaycan Ordusu yalnız hərbi obyektləri hədəfə götürüb. Həm media, həm rabitə vasitəsilə Müdafiə Nazirliyimiz tərəfindən Qarabağdakı erməni əhali məlumatlandırılıb və xəbərdarlıqlar edilib. Azərbaycan heç bir halda mülki əhaliyə xələl yetirməyib. Sərhəd Qoşunları da öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetiriblər. Ancaq mülki erməni əhalinin “təəssübünü” çəkən Qərb siyasətçiləri, nədənsə, 2020-ci ildə Ermənistan SQ tərəfindən mülki əhalinin hədəfə götürülməsi, Gəncə, Bərdə və Tərtərin vəhşicisəinə atəşə tutulması, raket zərbələrinə məruz qoyulmasına nə o vaxt, nə də indi münasibət bildirmək istəməyiblər.
ABŞ-ın Yuta Universitetinin professoru Hakan Yavuz isə erməni separatizminin məğlubiyyətinin qaçılmaz olduğunu bəyan edir. Politoloq XQ-yə açıqlamasında bildirib ki, hərbi xunta son vaxtlar bütün sərhədləri keçmişdi. Bu baxımdan, Azərbaycanın antiterror tədbirlərinə haqq qazandırmamaq olmaz. Amma ermənilər boş dayanmaq istəmir və dünyada məzlum görkəm yaratmaqda davam edirlər. 100 ildən çoxdur ki, erməni məsələsi dünyanı narahat edir. Onları bu sindromdan qurtarmaq olduqca vacibdir.
Siyasi ekspert qeyd edir ki, bu gün ABŞ-dakı erməni lobbisi dayanmaq bilmir. Onlar əsasən Azərbaycan – Türkiyə birlik tandeminin üzərində dayanır, bundan mülki erməni əhalinin zərər gördüyünü təbliğatlarının əsas predmetinə çevirirlər. Lakin hər yerdə, o cümlədən ABŞ-da da rasional düşünən, Azərbaycanın qanuni haqlarını qoruduğunu və mülki əhali ilə heç bir problemi olmadığını yaxından müşahidə edən siyasətçilər də var. Qərəzli kəsim 2020-ci ildə Azərbaycanın Gəncə, Bərdə, Tərtər şəhərlərindəki hadisələri, deyəsən, unudublar. Bir halda ki, mülki əhalinin hüquqlarından danışılır, onda 3 il əvvəl erməni silahlarının Azərbaycan şəhərlərinə atdığı ballistik raketlərdən, çoxsaylı insan tələfatından da danışsınlar. Bu gün atəşkəsin əldə olunması və separatçıların geri çəkilməsi düzgün addım oldu. Bununla erməni tərəfi həm də özünə yaxşılıq etmiş oldu.
Beləliklə, dünya birliyi, beynəlxalq təşkilatlar, xarici dövlətlər tərəfindən bu məsələdə ikili standartlar tətbiqi təəssüf doğurur. Bu günə qədər baş verən erməni terroru görməzdən gəlinir. Dünya siyasətçiləri və ölkələri erməni lobbisinin yalanlarına alət olmamalı, Cənubi Qafqaz barədə raportlarında həqiqəti qeydə almalıdırlar. Yalnız bu zaman regionda gerçək sülh yaratmaq mümkün olar.
Anar TURAN
XQ