Biz Ermənistandan başda Zəngəzur dəhlizinin açılması olmaqla, verdiyi sözləri yerinə yetirməsini gözləyirik. Artıq hər kəsin qəbul etdiyi kimi, Qarabağ Azərbaycan torpağıdır və bundan başqa bir status qəbul edilməyəcək. Ermənilər də daxil, hər kəsin Azərbaycan torpaqlarında sülh şəraitində yan-yana yaşaması birinci hədəfimiz olmalıdır. Tək millət–iki dövlət şüarı ilə hərəkət etdiyimiz Azərbaycanın ərazi bütövlüyünə dair atdığı addımları dəstəkləyirik.
Rəcəb Tayyib ƏRDOĞAN
Türkiyə Cümhuriyyətinin Prezidenti
Nyu-York, 19 sentyabr, 2023-cü il
Ötən əsrin sonlarında yaranmış yeni beynəlxalq münasibətlərin, daha müasir ictimai-siyasi ab-havanın formalaşması dünya xəritəsində onlarca yeni dövlətin konturlarını cızmışdı. Azərbaycanda isə yeni dövlət yaradılmamış, sadəcə əsrin əvvəllərində əldən gedən dövlət müstəqilliyimiz bərpa olunmuşdu. Çox təəssüf ki, o dövrün proseslərindən bəhrələnməyə çalışan Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğal etmiş və həmin ədalətsizlik nəticəsində torpaqlarımız otuz il qarət, talan, soyğunçuluq və qeyri-qanuni istismara məruz qalmışdır.
2020-ci ildəki İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan işğal olunmuş torpaqlarının xeyli hissəsini düşmən tapdağından təmizləsə də, ərazilərinin qalan hissəsini məhz siyasi yollarla – Moskva, Bakı və İrəvanın imzaladığı üçtərəfli Bəyanatın müddəalarına əsasən azad edilməsinə razılaşmışdı. Ancaq düşmən öz iyrənc məqsədlərindən əl çəkməyərək, üçtərəfli Bəyanata məhəl qoymadı və Qarabağda daha da güclənmək istiqamətində atdığı qeyri-qanunu addımlarını davam etdirdi.
Odur ki, Azərbaycanın öz ərazisində – Qarabağ iqtisadi rayonunda antiterror əməliyyatları aparması beynəlxalq hüququn norma və prinsiplərinə, ölkə Konstitusiyasına və üçtərəfli Bəyanatın müddəalarına tam uyğun idi. Biz bu yazıda həmin əməliyyatlara və ümumiyyətlə, Azərbaycan – Ermənistan münasibətlərinə beynəlxalq aləmdə göstərilən bəzi münasibətlərdən söz açmaq istəyirik.
NYU-YORK
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 19-da Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci iclasında çıxışı zamanı Azərbaycanın Qarabağ iqtisadi rayonunda apardığı antiterror əməliyyatlarına haqq qazandıraraq demişdir: “Qarabağ Azərbaycan torpağıdır, bunun xaricində heç bir status qəbul edilməyəcək”.
Yeri gəlmişkən, cənab Ərdoğanın Nyu-Yorkdakı çıxışının başqa bir məqamı da var idi ki, o da Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsinə zəmin yaradırdı. Belə ki, Türkiyə Prezidenti BMT TŞ üzvlərini ittiham edərək dedi ki, Təhlükəsizlik Şurası artıq dünya təhlükəsizliyinin qarantı deyil, 5 ölkənin siyasi strategiyasının döyüş meydanına çevrilib.
Bu, həqiqətən, belə idi. Əgər elə olmasaydı, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə Azərbaycan torpaqlarını işğal etmiş Ermənistan ordusunun bu ərazilərdən çıxarılmasını tələb edən 4 qətmaməsi icra edilmiş olardı. Həmin sənədlər 30 ilə yaxın kağız üzərində qaldı və sonda Azərbaycan ərazilərini özü işğaldan azad etmiş oldu.
BAKI
Azərbaycan əsgərinin öz ulu babası Pənahəli xanın qurub tikdiyi Xankəndiyə doğru atdığı addımların səsini Nyu-Yorkda eşitdirən Rəcəb Tayyib Ərdoğana dərhal Bakıdan minnətdarlıq məktubu ünvanlandı. Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana yazırdı:
“Əziz qardaşım, BMT Baş Assambleyasında çıxışınız zamanı Azərbaycana verdiyiniz dəstəyə görə təşəkkür edirəm. Hər zaman olduğu kimi, bu gün də qardaş Türkiyə Azərbaycanın yanındadır və haqq işimizdə bizə dəstək verir... Azərbaycan və Türkiyə xoş günlərdə də, kədərli anlarda da daim bir yerdədirlər. Beynəlxalq təşkilatlarda həmişə bir-birimizin haqlı mövqeyini müdafiə edirik. Şuşa Bəyannaməsi ilə münasibətlərimiz strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Siz də, mən də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin qardaşlığımızın rəmzi olan "Bir millət, iki dövlət" kəlamını daim yada salaraq Azərbaycan və Türkiyə arasında olan sarsılmaz birliyi yeni zirvələrə daşıyırıq”.
TƏL-ƏVİV
Məlum olduğu kimi, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək üçün atdığı addımları ən səmimi şəkildə dəstəkləyən ölkələr arasında İsrail də mühüm yer tutur. Bu dost ölkənin “Kanal 12” televiziyası Netanyahunun ofisindən verilən məlumata əsasən bildirir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşüb. Televiziya əməkdaşı əlavə edir ki, tərəflər arasındakı işbirliyinin daha da genişləndirilməsi, eləcə də, hər iki paytaxtın maraq dairəsində olan məsələlərin birlikdə həll ediməsi üçün məsləhətləşmələr aparılıb.
Təbii ki, hər iki paytaxtın maraq dairəsində olan məsələlərdən biri də Azərbaycanın ərazi bütövlüyünün bərpasına nail olmaqdır. Elə sentyabrın 19-da əsgərlərimizin başladığı antiterror əməliyyatları zamanı düşmənin Fransa, İran və Hindistandan gətirdiyi silahları külə döndərən vasitələr də məhz Türkiyə və İsraildə istehsal olunmuş xüsusi hərbi aparatlar idi.
Bundan başqa, tərəflər Türkiyə Cümhuriyyətinin 100 illiyi münasibətilə gələn ay Qüdsdəki Əl-Əksa məscidində keçiriləcək möhtəşəm tədbirdə cənab Rəcəb Tayyib Ərdoğanın da iştirak etməsi barədə razılığa gəliblər. Bu isə müsəlman dünyası üçün olduqca möhtəşəm uğurdur. Bu, o deməkdir ki, Türk dünyası eyni vaxtda həm Qarabağı işğaldan tam təmizləmiş olur, həm də İslami dəyərlərin hamısına əlçatanlığımız yaranır.
VAŞİNQTON
Cənab Ərdoğanın BMT Baş Assambleyasının sessiyasında səsləndirdiyi: “Təhlükəsizlik Şurası artıq dünya təhlükəsizliyinin qarantı deyil, 5 ölkənin siyasi strategiyasının döyüş meydanına çevrilib... “Qarabağ Azərbaycan torpağıdır, bunun xaricində heç bir status qəbul edilməyəcək” tezisləri okeanın o biri tayında necə qıcıq yaradıbsa, cəmi bir gündən sonra ABŞ-dakı “Responsible Statecraft” elektron resursu xəbıər yaydı ki, “ABŞ Türkiyənin beş şirkətinə sanksiya tətbiq edəcək”.
Qoy etsinlər. Onsuz da Azərbaycan Ordusu Qarabağda – lokal miqyasda olsa da – öz sözünü dedi, cənab Ərdoğan isə dünyanın bütün mötəbər tribunalarından qətiyyətlə haqq sözünü hamıya eşitdirir.
İRƏVAN
“Arminfo.am” xəbər portalının əməkdaşı Marianna Mkrtçyan yana-yana yazdığı xəbərə belə başlıq verib: “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT tribunasından Azərbaycanın Qarabağdakı hərbi əməliyyatlarını dəstəkləyən bəyanat verdi”. Müəllif yazır ki, dünya ictimaiyyətinin Ərdoğanın söylədiklərini sakitliklə qarşılaması anlaşılmazdır.
“Üstəlik, Ərdoğan “Türkiyə Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək üçün atdığı addımları dəstəkləyir” ifadəsi az imiş kimi Yerevandan gözləntiləri olduğunu da dedi: “Ankara Yerevandan Zəngəzur dəhlizi barədə götürdüyü öhdəliklərin yerinə yetirilməsini də gözləyir”.
Mkrtçyan narahatdır ki, beynəlxalq ictimaiyyət Azərbaycanın Qarabağdakı əməliyyatlarını qınayan “quru” çağırışlarla münasibət bildirməkdən başqa heç bir iş görmür.
Azərbaycanlı ananın və Türkiyə Baş nazirinin göz yaşları
Əslən Kəlbəcərdən olan dostum Sərxan danışır ki, cənab Rəcəb Tayyib Ərdoğanın BMT-dəki çıxışını eşidəndə anam ağladı. Dedi ki, bizim əvvəllər də belə köməyimiz olsaydı, Qarabağ düşmən əlinə keçməzdi.
Mən isə Sərxana dedim ki, narahat olma, bu diqqət bütün türklərdə var. Elə biz də bir dəfə cənab Ərdoğanın göz yaşlarını görmüşük. Əlavə etdim: 2013-cü il aprelin 22-də İstanbulda 35-ci dəfə keçirilən 23 aprel – Uşaq bayramı münasibətilə təşkil olunmuş şənliklərdə Baş nazir Rəcəb Tayyib Ədoğan da iştirak edirdi. Baş nazirin çıxışından sonra dünyanın müxtəlif ölkələrindən gəlmiş uşaqlara müxtəlif nominasiyalar üzrə medallar verilmişdir. Azərbaycan təmsilçisi kimi səhnəyə dəvət edilən 9 yaşlı qızcığazın çıxışı isə bütün iştirakçıları və qardaş ölkənin dövlət rəsmilərini çox duyğulandırmış, cənab Ərdoğan isə göz yaşını silməli olmuşdu.
Azərbaycanlı uşaq qardaş ölkənin rəhbərinə (o zaman dövlət rəhbəri Baş nazir idi) demişdi: “Hörmətli Baş nazir, Sizdən və dünyanın bütün liderlərindən bir ricam var: dünyanı qoruyun, uşaqları qoruyun, uşaqların gülüşünü qoruyun. Bu dünya uşaqlarla daha gözəldir. Lütfən, gözəlliyi qoruyun!”
Bəli, Sərxan, qardaş ölkənin dövlət başçısının BMT tribunasından eşidilən haqq səsi məhz dünyanı, uşaqları, gözəlliyi qorumaq üçün nümayiş etdirilən kişi qənaəti, türk qeyrəti və ərən ləyaqəti idi.
İttifaq MİRZƏBƏYLİ,
Əməkdar jurnalist,
XQ