Zəngəzur dəhlizi ayırıcı yox, birləşdirici layihədir

post-img

İkinci Qarabağ müharibəsinin başa çatmasından sonra Zəngəzur dəhlizi barədə intensiv müzakirələr aparılır. Bu da təsadüfi deyil, çünki dəhliz regionun tranzit və logistika potensialını artıracaq, onun həyata keçirilməsi yeni nəqliyyat marşrutlarının açılmasına gətirib çıxaracaq. Eyni zamanda, bu dəhliz Azərbaycanın iqtisadi qüdrətini artıracaq, regional əməkdaşlığı və sabitliyi gücləndirəcək. Zəngəzur dəhlizi təkcə Cənubi Qafqazın inkişafına deyil, həm də türk dünyasında ticarət, logistika və siyasi əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verəcək. Bu layihənin həyata keçirilməsi bir sıra ölkələrin, o cümlədən, Türkiyənin, İranın, Rusiyanın və Ermənistanın da maraqlarına uyğundur. Lakin İrəvanın mənasız dirənişi bu strateji layihənin reallaşdırılmasını ləngidir. Qonşu İranın da layihəyə qısqanclıqla yanaşması Ermənistanın bu məsələdə qeyri-adekvat mövqeyini gücləndirir və regional inkişafa güclü təkan verəcək dəhlizin reallaşmasına mənfi təsir göstərir.

Prezident İlham Əliyev bildirir ki, Zən­gəzur dəhlizi layihəsi Azərbaycan üçün təkcə iqtisadi və nəqliyyat layihəsi de­yil, həm də strateji bir layihədir. Dövlət başçısı xüsusilə vurğulayır ki, bu layihə­nin reallaşdırılması Azərbaycanın təbii hüququdur. Xatırladaq ki, hələ keçmiş SSRİ dövründə Mincivan–Ordubad xətti fəaliyyət göstərirdi, Culfa dəmir yolu isə keçmiş SSRİ ilə İranın arasında tranzit yük daşımalarına imkan yaradırdı. An­caq 1988-ci ildə Ermənistanın işğalçılıq siyasəti nəticəsində 1992-ci il fevralın 24-dən Naxçıvanın Azərbaycanın digər rayonları ilə birləşdirən dəmir yolunun fəaliyyəti dayandı. İkinci Qarabağ mü­haribəsi Cənubi Qafqazda uzunmüddətli sülh və firavanlığa yol açaraq regionda güclərin tamamilə yenidən balanslaş­dırılması ilə nəticələndi. Azərbaycan və Ermənistan arasında müharibəyə son qoymağa imkan verən üçtərəfli Bəyanat­da Ermənistan silahlı qüvvələrinin Azər­baycanın işğal olunmuş ərazilərindən tamamilə çıxarılması və regionda nəqliy­yat əlaqələrinin bərpası da nəzərdə tutu­lur. Azərbaycan müharibədə qalib gələn tərəf kimi əməkdaşlıq, sülh üçün konkret təşəbbüslər və təkliflər irəli sürdü, Ermə­nistanla ölkəmiz arasında düşmənçilik səhifəsini bağlamaq, regional əməkdaş­lığı inkişaf etdirmək üçün əməli addım­lar atmağa hazır olduğunu bəyan etdi. Ancaq Ermənistan hansısa “ekzistensial təhlükə”dən danışaraq layihənin reallaş­dırılmasını ləngidir.

Zəngəzur dəhlizinə Rusiya da müs­bət yanaşır. Moskva Avropa istiqamətin­də yük daşımalarının çətinlikləri fonunda malların tədarükü üçün yeni etibarlı ka­nallar açılmasında maraqlıdır. Region ölkələrini ən qısa avtomobil və dəmir yolu marşrutları ilə birləşdirəcək Zəngə­zur dəhlizinin açılışının bütün tərəflərə fayda gətirəcəyindən Rusiya da məlu­matlıdır. Moskvada bildirirlər ki, Zəngəzur dəhlizi Türkiyəyə daha qısa yoldur və bu dəhlizin fəaliyyətə başlaması Ukraynada gedən müharibə fonunda daha da aktu­allıq kəsb edir. Bundan başqa, Gürcüstan hərbi magistral yolunda tıxac və qeyri-sa­bitlik, xüsusən qışda Rusiyadan yüklərin Gürcüstan, Ermənistan və Türkiyəyə qurudan nəqli üçün böyük problemlər yaradır. Şimal qonşumuzun ekspertləri də etiraf edirlər ki, Rusiyanın maraqları baxımından Zəngəzur dəhlizinə qarşı hər hansı arqument tapmaq çətindir. 

Eyni sözləri İran barəsində də demək olar. Zəngəzur dəhlizi İrana regional müstəvidə qonşuları ilə daha əlçatan və daha keyfiyyətli əlaqə yaratmasına imkan verəcək. Məsələn, hazırda Gürcüstanla İran arasında dəmir yolu xətti yoxdur. İki ölkə arasında Zəngəzur dəhlizi reallaş­dıqdan sonra dəmir yolu əlaqəsi yara­dılacaq. Ancaq bütün bu faydalara rəğ­mən İran dəhlizlə bağlı birmənalı mövqe sərgiləmir. İran Ermənistanı Avrasiya ilə kritik bir əlaqə kimi görür və ehtiyat edir ki, Zəngəzur dəhlizinin açılması Tehranı İrəvanla quru sərhəddən məhrum edə bilər. İran narahatdır ki, Zəngəzur dəhlizi Tehranın geoiqtisadi dəyərini azaldacaq. Yəni, Tehran əndişələnir ki, Zəngəzur dəhlizi Türkiyə ilə Mərkəzi Asiya arasın­da İranın birləşdirici roluna son qoyacaq. Qeyd edək ki, Türkiyənin Mərkəzi Asiya ilə ticarətinin əsas hissəsi Rusiya və İran üzərindən yük maşınlarının tranzitinə əsaslanır. Hər il, təxminən, 43 min türk yük maşını İrandan Orta Asiyaya keçir. Tehran ehtiyat edir ki, Zəngəzur dəhlizin­ni açılması bu tranzit daşımalarına mənfi təsir göstərə bilər. Zəngəzur dəhlizinin açılması ilə Türkiyənin Mərkəzi Asiya ilə ticarət üçün yeni alternativ və qısa yol qa­zanması Tehranı narahat edir. 

Təbii ki, hər bir ölkə strateji maraqla­rını təmin etmək üçün suveren hüquqa malikdir. Milli maraqlarının əhatə dairə­sini də müəyyənləşdirməkdə müstəqildir. Amma heç kimin inkar edə bilməyəcəyi reallıq da var. Reallıq isə budur ki, Azər­baycanın Zəngəzur dəhlizinin fəaliyyətə başlamasını özünün təbii hüquqları sayır və tarixi-siyasi, eyni zamanda, iqtisadi şərait də bunu zəruri edir. Ermənista­nın İran faktorundan istifadə edərək, la­yihəyə qarşı çıxması öz ayağına güllə vurmaqdır. Hətta erməni saytlarında belə xəbərlər dolaşır ki,guya, İran Zəngəzur dəhlizi məsələsində Rusiyadan kömək istəyir. Belə ki, etnik mənşəyi hələ də dəqiq açıqlanmayan, amma hər çıxışında ermənilərə “sevgisini” izhar etməyi unut­mayan Abbas Cuma adlı jurnalist-eks­pert iddia edir ki, Tehran Zəngəzur dəhlizi məsələsində Moskvanın dəstəyinə ümid edir. “Bu, başqa məsələdir ki, Rusiya bunun həllində iştirak edib-etməyəcək. Moskvanın bu münaqişəni hansısa yolla həll etmək üçün konkret nə etməyə hazır olduğu aydın deyil”. A.Cuma düşünür ki, Rusiyanın bu məsələdə mövqeyini qiy­mətləndirmək çətindir, çünki onun başqa narahatlıqları və problemləri var. 

Burada məntiqi sual ortaya çıxır: han­sı ölkə fayda gətirən layihəyə üz çevirər? Yuxarıda Zəngəzur dəhlizinin Rusiya­ya verəcəyi faydaları sadalamışıq. Belə bir məlumatı informasiyaya məkanına atmaqla ermənilər sanki göstərməyə çalışırlar ki, Zəngəzur dəhlizinə dirəniş məsələsində tək deyillər. Rusiyanın hazır­kı vəziyyətdə alternativ nəqliyyat dəhlizlə­rinin fəaliyyət göstərməsində həddən ar­tıq maraqlıdır. Buna görə də, Moskvanın Zəngəzur layihəsinə qarşı çıxanlara hər hansı bir dəstək verəcəyi inandırıcı gö­rünmür. Rusiya da gözəl bilir ki, Zəngəzur dəhlizi Ermənistana iqtisadi təcriddən çıx­mağa, Şərq–Qərb və Şimal–Cənub dəh­lizlərinə çıxış əldə etməyə, Azərbaycan və Türkiyə ilə ticari-iqtisadi münasibətlər qurmağa, nəhayət, tranzit ölkə olmağa, o cümlədən Mərkəzi Asiya respublikaların­dan və Azərbaycandan təbii qaz almağa kömək edəcək. Eyni zamanda, Ermənis­tana çıxış da daha əlçatan olacaq. Özü­nün Qafqaz regionunda strateji müttəfiqi elan etdiyi Ermənistanla birbaşa əlaqə qurması Rusiyaya ancaq fayda gətirəcək. Ona görə də, A.Cuma kimi “eskpertlər” informasiya məkanını belə mənasız iddi­alarla doldurmağa çalışırlar.

Bir daha təkrarlayırıq: Zəngəzur dəhlizinin İranın Ermənistan ilə sərhə­dini kəsməsi kimi qələmə verilməsi kö­kündən yanlış olmaqla yanaşı, həm də reallıqdan uzaqdır. Bu dəhliz, əksinə, regional ölkələri arasında əlaqələri daha da dərinləşdirən və regional əməkdaşlıq üçün yeni perspektivlər vəd edən önəmli bir layihədir. Buna görə də, onun həya­ta keçirilməsi bütün regional dövlətlərin maraqlarına cavab verir və bu məsələdə müxtəlif geosiyasi insinuasiyalara qapıl­maq faydasızdır. 

S.ELAY
XQ

Siyasət