Orxan Amaşov: “Ərzaq məsələsi” ermənilərin məkrli siyasi oyunudur

post-img

Beynəlxalq hüquq üzrə ekspert, “Temple Garden Chambers” hüquq firmasının məs­ləhətçisi Rodni Dikson və “Caliber.az” informasiya-analitik portalının siyasi şərhçisi Orxan Amaşov BBC-nin aparıcısı Kristian Freyzerin Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni əhalinin guya “blokada”da qalması barədə təxribatçı su­allarını cavablandırıblar. 

R.Dikson Azərbaycan hökumətinin ona Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) keçmiş prokuroru Luis Moreno Okamponun Azərbaycan əleyhinə ha­zırladığı qərəzli hesabatı və orada Azər­baycana qarşı irəli sürülən ittihamları nəzərdən keçirməyi tapşırdığını vurğu­layıb. Bu işi qanunvericiliyə əsasən və ictimaiyyətə açıq bütün faktlar əsasında araşdırdığını deyən hüquqşünas bildirib ki, Okamponun guya Qarabağın erməni əhalisinə qarşı “soyqırımı” törədilməsi ilə bağlı ittihamları əsassızdır və bu­nunla bağlı heç bir sübut yoxdur. Bunu soyqırımı ilə eyniləşdirmək olmaz, çünki Okampo buna dair heç bir sübut təqdim etməyib. 

Hüquqşünas söyləyib ki, Azərbay­can hökuməti Qarabağın erməniəsilli əhalisinə Ağdam yolu vasitəsilə ərzaq göndərilməsini təklif edir, bu marşru­tu Beynəlxalq Qırmızı Xaç Komitəsi və Avropa İttifaqı da dəstəkləyir. “Hesab edirəm ki, özünü ciddi hüquqşünas he­sab edən şəxs mülki əhalinin fiziki məhv edilməsi ilə bağlı niyyətin olmasına dair ittiham irəli sürməmişdən əvvəl bu vacib faktları nəzərə almalıdır. Bu, çox ciddi ittihamdır və ərzaq məhsullarının çatdı­rılması üçün yollar mövcud olduğu halda bunu irəli sürmək olmaz, çünki bunlar bir-birinə zidd olan məsələlərdir”, – deyə hüquqşünas bildirib. 

O.Amaşov vurğulayıb ki, Azərbay­can hökuməti Ağdam–Xankəndi yolu ilə Qarabağın erməni əhalisinə ərzaq yardımı təklif edib. Beynəlxalq Qırmızı Xaç Komitəsi və Avropa İttifaqı da bu marşrutdan istifadənin mümkünlüyünü qeyd edib. Ərzaq məhsulları Beynəlxalq Qırmızı Xaç Komitəsi kimi müstəqil təş­kilatlar tərəfindən bu yolla təmin edilir. 

Bildirilib ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti Qarabağda yaşayan erməni əhaliyə humanitar yük göndərib. Lakin Qarabağın erməni əhalisi bu yardımın qəbul edilməsinə mane olur. Bu yoldan beynəlxalq təşkilatlar istifadə edə bilər. Bu, bir hüquqşünasın mülki əhalinin fi­ziki məhvi ilə bağlı iddia irəli sürməzdən əvvəl nəzərə almalı olduğu vacib sübut­dur. Bu, çox ciddi bir ittihamdır. Ərzaq təminatı üçün yolların mövcud olduğu halda belə bir ittiham irəli sürmək ziddiy­yətli fikirdir.

“Azərbaycan Qızıl Aypara Cəmiyyəti Qarabağda yaşayan ermənilərə 40 ton un çatdırmağa çalışır. Lakin bu yük hələ də yolda qalıb və Rusiya sülhməramlı kontingentinin nəzarətində olan əraziyə giriş üçün gözləyir. Sosial şəbəkələrdə yayılan foto və videolardan aydın olur ki, Qarabağda həyatdan zövq alan və heç bir çətinlik çəkmədən yaşayan ermə­nilər var. Amma təbii ki, ən yaxşı şəra­itdə yaşamayanlar da var. Bu problemin həlli üçün Azərbaycan dəfələrlə Ağdam–Xankəndi yolundan istifadə olunmasını təklif edib”, – deyə O.Amaşov qeyd edib. 

Ərzaq məsələsini Ermənistanın və Xankəndidəki separatçı rejimin siyasiləş­dirdiyini vurğulayan siyasi şərhçi bildirib ki, Laçın yolu açıqdır, tibbi yardıma eh­tiyacı olanlar və dərman preparatlarının çatdırılması üçün məhdud rejimdə işləyir: “Laçın yolunun böyük yüklərin daşınma­sı üçün niyə uyğun olmaması məsələsi başa düşülməlidir. Çünki bu məsələ ilə bağlı ciddi təhlükəsizlik riski var”. 

O.Amaşov Azərbaycan tərəfindən “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin yaradılması məsələsinə də toxunub. Bildirib ki, bu məntəqənin yaradılmasının əsas səbəbi Laçın yolun­dan qanunsuz istifadə olub. Həmin döv­rə qədər Laçın yolu ermənilər tərəfindən silah-sursatın daşınması üçün istifadə olunurdu.

Həmçinin qeyd edilib ki, iyunun 15-də Azərbaycan hərbçilərinin atəşə tutulması ilə bağlı insident baş verib, iyulun əvvəlində isə Qarabağ ermənilə­ri Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus avtomobillərdən Qarabağa icazəsiz yük daşımaq üçün istifadə et­məyə cəhd ediblər. İyulun 15-də razı­lıq əldə olunmuşdu ki, həm Laçın yolu, həm də Ağdam–Xankəndi yolu bir-birini tamamlama prinsipinə uyğun işləsin. Daha sonra Ermənistan tərəfi bundan imtina edib.

AZƏRTAC

Siyasət