Hikmət Hacıyev: Ağdam–Xankəndi yolunun logistik imkanları daha böyükdür

post-img

Regionda sülhə və təhlükə­sizliyə töhfə vermək istəyən hər kəs Ermənistan – Azər­baycan sülh danışıqlarına ciddi dəstək verməlidir. Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Admi­nistrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Səudiyyə Ərəbistanının “Arabnews” qə­zetinə müsahibəsində bildirib.

Azərbaycanın Qarabağ bölgəsin­də yaşayan erməni əhalinin, guya, humanitar fəlakətlə üzləşməsi barə­də iddiaların əsassız olduğunu vur­ğulayan Prezidentin köməkçisi deyib: “Bunlar Azərbaycana qarşı əsassız iddialardır. Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinləri üçün hər hansı məhdudiyyət və blokada yoxdur. Azərbaycan bir neçə yolun olmasını təklif edib. Mühüm yollardan biri də Ağdam–Xankəndi yoludur. Bu, daha səmərəlidir və Qarabağ regionu ilə əlaqə sax­lamaq üçün daha böyük logistik imkanlara malikdir, çünki Azərbaycan onu tamamilə yenidən qurub. Hazırda Laçın–Xankəndi yolu işlək vəziyyətdədir. Beynəlxalq Qırmızı Xaç Komitəsi və Azərbaycan Qızıl Aypara Cəmiyyəti yükləri bu yolla aparır”.

Ağdam–Xankəndi yolunun açılma­sının inteqrasiyanı təmin edəcəyini və bununla da Azərbaycanın Xankəndi və Qarabağ erməniləri ilə birbaşa əlaqəsinin olacağını, ermənilərin də Azərbaycanın digər bölgələrinə getmək üçün ölkəmizin əsas yol sistemindən istifadə etmək şansı qazanacaqlarını diqqətə çatdıran Hikmət Hacıyev bildirib: “Təəssüf ki, Azərbayca­nın həmin ərazilərindəki erməni marionet rejiminin başında duran şəxslər dünyada yalan təbliğat və dezinformasiya apar­maqla humanitar vəziyyətdən öz məna­feləri – Azərbaycanın suverenliyini qəbul etməyən separatçı qurumun varlığını uzatmaq üçün istifadə edirlər. Bu, həmişə onların mövcudiyyət səbəbi olub. Biz on­ları dialoqa dəvət etdik. Amma onlar dia­loqa yox deyirlər. Bu, dağıdıcı münasibət­dir. Onlar, həmçinin Azərbaycandan gələn ərzaq məhsullarını qəbul etmirlər. Bu, irq­çilikdir. Qida məhsulunu mənşəyinə görə qəbul etməyəcəklərini bildiriblər”.

Prezidentin köməkçisi üçtərəfli Bəya­natın imzalanmasından sonrakı müddət­də Ermənistanın Azərbaycanın Qarabağ bölgəsinə hərbi sursat, canlı qüvvə və mi­naların daşınması üçün Laçın yolundan istifadə etdiyini xatırladaraq, Azərbay­can hökumətinin bunun qarşısını almaq üçün “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsini yaratmağa məcbur olduğunu vurğulayıb: “Azərbaycan suveren əra­zilərində daha bir boz zonanın olmasına imkan verə bilməz. Mənim sualım belədir: Niyə qanunsuz Ermənistan rejimi bu ikin­ci yolun açılmasına müqavimət göstərir? Onlar hələ də beynəlxalq ictimaiyyətin baxışını manipulyasiya edirlər. Yol sivi­lizasiyadır. Yol mədəniyyətdir. Yola yox deməyin irqçilik elementi var. Bu, dağıdıcı siyasətdir. İşğal vaxtı keçmişdə qalıb”.

Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Okampo­nun qərəzli rəyi ilə bağlı suala cavabda Hikmət Hacıyev bildirib ki, Okampo öz rəyində Ermənistanın Azərbaycana qar­şı dövlət səviyyəsində həyata keçirdiyi soyqırımı və törətdiyi hərbi cinayətlər, ölkəmizin 8 şəhərinin tamamilə dağıdıl­ması, Xocalı soyqırımına toxunmur. 

Bildirilib ki, irqi ayrı-seçkiliyin bü­tün formalarının ləğv edilməsi haqqında Konvensiyaya əsasən, Azərbaycan Bey­nəlxalq Ədalət Məhkəməsində Ermə­nistana qarşı çox ciddi məsələ qaldırdı. Ermənistanda “azərbaycanlı” və ya “türk” sözləri təhqir kimi işlədilir. Bu, erməni cə­miyyətindəki əsas düşüncə haqqında çox şey deyir. Ermənistan işğal etdiyi ərazilər­də Azərbaycanın mədəni, dini və hətta bəşəri irsinin bütün nümunələrini məhv edib. Ona görə də bəzi beynəlxalq media orqanlarının Ermənistanın siyasi təbliğatı­nın tələsinə düşməsi təəssüf doğurur. 

Sülh müqaviləsi üzrə proses barədə məlumat verən Prezidentin köməkçisi bil­dirib: “Azərbaycan, həqiqətən, sülh müqa­viləsi imzalamaq, regionda qarşıdurma və şiddət səhifəsini çevirmək istəyir. Biz sülh içində yaşamaq istəyirik. Amma top Er­mənistan meydançasındadır. Bu reallığı nə qədər tez başa düşsələr, hamı üçün bir o qədər yaxşı olar. Ermənistanın Azər­baycana qarşı çirkin təbliğatı bizi Vaşinq­tonun təqdim etdiyi və çox yüksək qiymət­ləndirdiyimiz platformada sülh müqaviləsi üzrə danışıqlar yolundan çıxardı. 

Biz çox mühüm irəliləyiş əldə etmiş­dik. Sənədin demək olar ki, 70 faizi tə­mizlənmişdi, müəyyən mənada razılaş­mışdıq. Sülh müqaviləsinin imzalanması Cənubi Qafqaz regionunun mənzərəsini tamamilə dəyişəcək. Ermənistanın baş naziri bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü tanıyır, digər tərəfdən isə Er­mənistan silahlı qüvvələrini hələ də bizim ərazimizdə saxlayır. Ermənistan hələ də ərazimizdəki qanunsuz rejimi maliyyələş­dirir”.

Cənubi Qafqaz regionunda böyük güclər arasında geosiyasi rəqabətin ele­mentlərinin göründüyünü vurğulayan Hik­mət Hacıyev bu barədə qeyd edib: “Bö­yük güclərə mesajımız budur: daxili siyasi gündəminizi bizim regiona ixrac etməyin. Biz, həmçinin görürük ki, Ermənistan re­gionumuzda başqa bir Suriyaya çevrilir, çünki o, böyük dövlətlərin geosiyasi ma­raqlarına görə onların arasında bölüş­dürülür. Oradakı Avropa İttifaqının mis­siyası fəaliyyət göstərir. Bizə dedilər ki, bu, qısamüddətli mülki missiyadır, ancaq uzunmüddətli oldu. Onun hərbi persona­lı var. Diplomatik avantürizm və təbliğat əvəzinə, regionda sülhə və təhlükəsizliyə töhfə vermək istəyən hər kəs Ermənis­tan–Azərbaycan sülh danışıqlarına ciddi dəstək verməlidir”.

Bu baxımdan müxtəlif platformaların olduğunu vurğulayan Prezidentin kömək­çisi qeyd edib ki, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel tərəfindən dəstək­lənən Brüssel prosesi çox yüksək qiy­mətləndirilir. Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqla­rın mühüm elementləri həmin platforma­da formalaşıb. Hikmət Hacıyev ABŞ hö­kumətini, xüsusən də dövlət katibi Entoni Blinkenin sülh müqaviləsi müzakirələrin­də şəxsi iştirakını yüksək qiymətləndirib, Rusiyanın da regionun bir hissəsi və həm Ermənistan, həm də Azərbaycan ilə tarixi əlaqələri olan ölkə kimi prosesə töhfə ver­diyini bildirib. 

Barışığın münaqişədən sonrakı vəziy­yətin ən çətin hissələrindən biri olduğunu diqqətə çatdıran Prezidentin köməkçisi qeyd edib: “Azərbaycanda yüz minlərlə ailə yaxınlarını itirib, qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Təsəvvür edin, insanlar öz evlərinə qayıdıb onların tam xarabalığa çevrildiyini görürlər. Bu, asan deyil və onlar cavab axtarırlar. Cavab yoxdur, çünki Ermənistan tərəfdən heç kimin “Bizi bağışlayın, bütün səhvlərimizə görə üzr istəyirik” deməyə cəsarəti çat­mayıb. Ermənistanda Azərbaycana qarşı bədnam əməllər törədən şəxslərə qarşı bir dənə də olsun cinayət işi açılmayıb. İnsanlara ədalətin gətirilməsi də müsbət siqnal verə bilər. 

Hesab edirəm ki, barışıq mümkündür, amma bu, əlbəttə ki, vaxt aparacaq. Er­mənistan tərəfdən çox şey asılıdır. Mən Ermənistandakı bütün məktəb kitablarını və dərsliklərini də diqqətlə öyrənmişəm. Hər şey qonşularına qarşı nifrət, nifrət və nifrətdir və bu, ermənilərin müstəsna üstünlüyüdür. Bu irqçi düşüncə tərzi hələ də erməni ədəbiyyatında, mediasında və digər sahələrdə dominantdır... 

Ermənistanın baş naziri erməni xalqı və Ermənistan hökuməti adından “Məni bağışlayın” deməyə hazırdırmı? Düşü­nürəm ki, bu, çox şeyi dəyişə bilər. Ermə­nistan 4000 azərbaycanlının kütləvi mə­zarlığı ilə bağlı məlumat verməkdən niyə imtina edir? Qaçqın çadırlarında böyüyən bir milyon azərbaycanlının həyatından qoparılan 30 ilin əvəzini kim ödəyəcək?”.

XQ

Siyasət