Xorvat iş adamları Azərbaycanın biznes və investisiya mühitindən yararlanmağa dəvət olunub

post-img

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Xorvatiyaya rəsmi səfəri çərçivəsində bu ölkənin iqtisadiyyat və dayanıqlı inkişaf naziri Davor Filipoviç ilə görüşüb.

XİN-in Mətbuat xidməti idarəsindən bildiriblər ki, görüşdə tərəflər iki ölkə arasında iqtisadi-ticarət əlaqələri, eləcə də enerji, informasiya texnologiyaları, turizm, əczaçılıq, minatəmizləmə və digər sahələr üzrə əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıblar.

Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsinin bir milyard ABŞ dollarına çatdığı məmnunluqla vurğulanaraq qeyd olunan sahələr üzrə ikitərəfli və çoxtərəfli əməkdaşlığın şaxələndirilməsi və gücləndirilməsi üçün geniş perspektivlərin olduğu, bu istiqamətdə iki ölkə arasında təmasların artırılmasının vacibliyi diqqətə çatdırılıb.

İqtisadi Əməkdaşlığın Təşviqi üzrə Birgə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsinin, o cümlədən hər iki ölkədə qarşılıqlı investisiya imkanlarının öyrənilməsi və inkişaf etdirilməsi, perspektiv əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi, iki ölkənin işgüzar dairələri arasında əlaqələrin genişləndirilməsi məqsədilə müvafiq nazirliklərin nümayəndələrinin işgüzar səfərlərinin təşkilinin əhəmiyyəti vurğulanıb. Xorvat iş adamları ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühitindən yararlanmağa, Azərbaycandan olan həmkarları ilə fəal əməkdaşlığa dəvət olunub. Ələt Azad İqtisadi Zonanın bu istiqamətdə əhəmiyyəti diqqətə çatdırılıb.

Nazir Ceyhun Bayramov Azərbaycanın Orta Dəhlizin potensialının genişləndirilməsi istiqamətində irəli sürdüyü təşəbbüslər barədə qarşı tərəfi məlumatlandıraraq Xorvatiyanın tranzit operatorları və logistika şirkətləri üçün Orta Dəhlizin təqdim etdiyi fürsətlərdən yararlanmaq istiqamətində çoxsaylı əlverişli imkanlardan danışıb.

Görüşdə tərəflər, həmçinin postmünaqişə dövründə xorvat şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizin bərpası istiqamətində reallaşdırılan layihələr üzrə əməkdaşlıq istiqamətləri, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparıblar.

Siyasət