“Qarabağ İtkin Ailələri” Ermənistandan cavab gözləyir

post-img

“Qarabağ İtkin Ailələri” İctimai Birliyi 30 Avqust – Beynəlxalq İtkinlər Günü münasibətilə dünya ictimaiyyətinə müraciət ünvanlayıb. Sənəddə deyilir:

“XX əsrin 90-cı illərində Azərbayca­nın beynəlxalq hüquqla tanınmış əra­zisinin 20 faizi Ermənistan silahlı qüv­vələri tərəfindən işğal edilib, nəticədə Birinci Qarabağ müharibəsində 4 min nəfərə yaxın Azərbaycan vətəndaşı it­kin düşüb. Təəssüf ki, hərbi təcavüz nə­ticəsində hərbçilərlə yanaşı, aralarında uşaqların, qadınların və qocaların da olduğu 700-dən artıq mülki şəxs də itkin düşüb. 

Məlumdur ki, Birinci Qarabağ mü­haribəsində işğal edilmiş Azərbaycan əraziləri 30 il ərzində Ermənistan ordu­sunun nəzarətində olub. Bu səbəbdən itkin düşmüş bütün şəxslər, o cümlədən onların dəfn yerlərinə dair ətraflı məlu­matlar Ermənistan tərəfindədir. 

Son illərdə Azərbaycan Respublika­sının aidiyyəti dövlət qurumları tərəfin­dən itkinlərin sonrakı taleyinin aydınlaş­dırılması sahəsində atılan addımlar, o cümlədən ailələrdən bioloji nümunələ­rin götürülməsi, DNT profillərinin çıxarıl­ması, işğaldan azad edilmiş ərazilərdə qazıntıların aparılması itkin ailələrində böyük ümidlər yaradır. Ancaq qısa müd­dətdə 10 kütləvi məzarlığın və yaxınla­rımızın işgəncələrlə qətl edilərək qey­ri-insani halda basdırılması faktlarının aşkar edilməsi qəlbimizi göynədir.

Biz – Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində itkin düşmüş 4 min nəfərə yaxın azərbaycanlının ailə üzvlərini birləşdirən ictimai təşkilat kimi itkin ailələri adından Ermənistanın baş naziri Nikol Paşinyandan itkin düşmüş Azərbaycan vətəndaşları, həmçinin küt­ləvi məzarlıqlar barədə məlumatların Azərbaycan tərəfinə təqdim edilməsini tələb edirik. 

Biz həm də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişeli, ABŞ Dövlət katibi Antoni Blinkeni itkin düşmüş şəxslərin taleyi barədə məlumatların açıqlanması və kütləvi məzarlıqlara dair məlumatla­rın Azərbaycan tərəfinə təqdim olunma­sı üçün Ermənistana çağırış etməyə və təzyiq göstərməyə çağırırıq. 

Beynəlxalq Qırmızı Xaç Komitəsini və İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanı bu sahədə səylərini daha da artırmağa çağırırıq.

İtkin düşmüş şəxslər problemi yalnız Azərbaycan üçün aktual deyil, qlobal mahiyyətlidir. Buna görə də, BMT Baş katibi cənab Antonio Quterreşi BMT-nin itkin düşmüş şəxslər üzrə xüsusi mə­ruzəçisini təyin etməyə çağırırıq.

Biz – azərbaycanlı itkin ailələri dünyada baş verən bütün silahlı mü­naqişələrin tezliklə başa çatmasını, dünyada sülhün və əmin-amanlığın bərqərar olmasını, milli kimliyindən ası­lı olmayaraq heç bir insanın itkin düş­məməsini arzu edirik”.

XQ

Siyasət