Dünya QHT-ləri Ermənistandan 4 min insanın taleyini açıqlamağı tələb edir

post-img

Dünyanın müxtəlif ölkələrini təmsil edən vətəndaş cəmiyyəti təşkilatları Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş minlərlə azərbaycanlı barədə təcili tədbirlər görülməsi barədə beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıb. 

Bosniya və Herseqovinadan “Sreb­renitsa anaları və Jepa Anklavı” İctimai Birliyi, ABŞ-dan “Sağlamlıq Tərəfdaşla­rı”, Keniyadan “Öt Kökləri Təşkilatlarının Konsorsiumu”, “WOTE” Gənclərin La­yihələrinin İnkişafı Təşkilatı və “İnkişaf üzrə Vətəndaş Şəbəkəsi”, Pakistandan “Sukaar Rifah Təşkilatı”, Nigeriyadan “Ekoloji Cəmiyyət”, Hindistandan “İnsan Hüquqları üzrə Beynəlxalq Komissiya”, Esvatinidən “Gənclər və Qadınlar Dəyi­şikliklər üçün Təşkilatı”, Konqodan “Biso İnsanlar” vətəndaş qurumları rəhbərlə­rinin imzaladıqları sənəddə bildirilir ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş min­lərlə azərbaycanlı barədə təcili tədbirlər görülməsi üçün beynəlxalq ictimaiyyət səylərini artırmalıdır. 

Qeyd edilir ki, Birinci Qarabağ mü­haribəsi zamanı, ümumilikdə, 3 min 890 azərbaycanlı rəsmi olaraq itkin düşmüş sayılıb. Onların 3 min 171-i hərbi qul­luqçu, 719-u isə mülki şəxslər olub. Mül­ki şəxslərdən 71-i uşaq, 267-si qadın, 326-sı qoca olub. Ürək ağrıdan da odur ki, bəzi hallarda bütün ailələr, nəsillər qohumları ilə birlikdə yoxa çıxıb. İkinci Qarabağ müharibəsi zamanı isə 6 nəfər azərbaycanlı itkin düşüb, onların harada olması və taleyi ilə bağlı bu günə qədər heç bir məlumat yoxdur. 

Müraciətdə daha sonra deyilir ki, bey­nəlxalq humanitar hüququn tələblərinə görə, münaqişə tərəfləri itkin düşmüş şəxsləri axtarmağa və onların sayını müəyyənləşdirməyə borcludurlar. İnsan­ların qeyri-insani şəraitdə, sistematik şə­kildə öldürülməsi və bu cür basdırılması onların izlərini silməklə bərabər, bütün in­sanlıq dəyərlərinə hörmətsizlik deməkdir və ağlasığmaz vəhşiliyin sübutudur. İtkin düşmüş şəxslərin problemi qlobal prob­lemdir. 

Sənədin mətni Ermənistanın Birin­ci Qarabağ müharibəsi zamanı ölümə məruz qoyduğu 4 min azərbaycanlının dəfn olunduğu kütləvi məzarlıqların coğ­rafi koordinatlarını verməsi, beynəlxalq təşkilatların itkin düşmüş şəxslərlə bağlı məlumatların təcili açıqlanmasına kömək etməsi çağırışları ilə bitir.

XQ

Siyasət