Vardanyan üçün “elegiya”

post-img

Rubenin Qarabağdan rədd olacağı gün uzaqda deyil

 

Ermənistan hakimiyyəti özünün təşəbbüsü ilə avqustun 16-da keçirilmiş BMT-nin Təhlükəsizlik Şurasının iclasındakı fiaskonu susqunluqla qarşılasa da, Qarabağdakı separatçı rejimdən ağlaşma sədası kəsilmir. Əslində, bu səslər iclasdan əvvəl də eşidilirdi. Qondarma rejimin lideri Arayik Aratyunyanın facebook səhifəsində yazdıqlarına ümidsizlik və yalvarış motivləri hakim kəsilmişdi. İndi Arayikin yerini digər separatçı – vaxtilə xuntada dövlət naziri oyuncaq postunda işləmiş, hazırda ictimai hərəkat yaradaraq “dirəniş göstərən” Ruben Vardanyan tutub. 

R.Vardanyan bildirib ki, BMT Təhlükəsizlik Şurasının müzakirəsi, guya, Laçın dəhlizinin açılması üçün kollektiv çağırış idi. Lakin Azərbaycan bu çağırışa məhəl qoymasa, nəyin baş verəcəyi barədə heç bir söz yoxdur. Deməli, Ruben məsələləri qarışdırır. İclas beynəlxalq dairələrin erməni avantürası üçün iş görürmüş kimi qoyduğu minnətdir. İndi həmin dairələr deyəcəklər ki, əllərindən nə gəldi etdilər, amma alınmadı. Yəni, onsuz da ölkəmizə qarşı sanksiyanın, yaxud qətnamənin çıxarılması real deyildi. Bunu dərk etmək isə Vardanyanın dərrakəsindən kənar hadisədir. 

Ruben özünün sosial şəbəkə hesabında onu da yazıb ki, BMT-dəki çıxışlar Qarabağda vəziyyətin ciddiliyinə və gərginliyinə adekvat deyildi.  Görünür, o, xarici ölkə təmsilçilərinin əllərinə dəsmal götürüb ağlaşma qurmalarını gözləyirmiş, amma, bu, baş vermədiyindən məyusluqla üzləşib. Ruben düz müşahidə aparıb. Çıxışların əksəriyyəti bir-birinin təkrarına çevrildi. Başqa nə olmalı idi ki?..

Əlbəttə, R.Vardanyan Fransanın nümayəndəsinin nitqinin daha aydın olduğunu düz sezib. Çünki ölkə aşkar ermənipərəst mövqe tutmaqdadır. Mozambikə gəldikdə isə Ermənistana yalnız elə belə geridəqalmış ölkələr dəstək göstərə bilərlər. Hər halda, Rubenə də yaxşı məlumdur ki, Mozambikin dünyadan xəbəri yoxdur. Elə dünyanın da Mozambikdən. 

R.Vardanyan məyusluq hissi ilə bildirir ki, BMT TŞ-nin iclasında Qarabağda etnik təmizləmənin real təhlükəsindən heç bir söz getmədi. Onu ən çox məyus edən isə beynəlxalq vasitəçilərin köməyilə Bakı – Xankəndi dialoqu kimi cəncəl məsələdən də söhbətin açılmaması oldu. “Yalnız Rusiya tərəfi dialoqa eyham vurdu, təbii ki, beynəlxalq mexanizmlərdən danışmadı”.

Vardanyan da təsdiqləyir ki, iclasda Laçın yolundan istifadə məsələsinin mütləqliyi ritorikası dəstək qazanmadı. “Əvəzində bəzi ölkələrin nümayəndələri başqa yollardan istifadəyə çağırıb, bəziləri isə Ağdam yolundan istifadəni qeyd ediblər. Bunun səbəblərindən biri də Ermənistan tərəfinin nümayəndələrinin bu mövzuda mandatlarının olmadığını və aydın əks-arqumentlər təqdim etmədiklərini bildirməsi, Azərbaycan tərəfinin isə tez bir zamanda bunu gündəmə gətirməsidir”. Deməli, R.Vardanyan açıq tərzdə bildirməsə də, Azərbaycan diplomatiyasının peşəkarlığını etiraf edir. Hərçənd, hazırda o, əsgər və zabitlərimizin peşəkarlığını öz üzərində hiss etməli olduğunun, o günə doğru getdiyinin fərqində deyil…

Ruben Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın BMT-nin iclasındakı çıxışını bəyənsə də, onda öz aləmində səhv tutmağı da yaddan çıxarmayıb.  Sən demə, Mirzoyan çıxışına Azərbaycan Prezidenti İlham Əliyevin fikirlərindən də nələrisə əlavə etməli idi. Vardanyanın düşüncəsinə görə, ölkəmizin liderinin nitqlərində, guya, ermənilərə qarşı soyqırımının təzahürləri var. Deyəsən, separatçı beyinqanamasından əziyyət çəkir. Əks halda, bu qədər cəfəng iddiaya düşməzdi.

Vardanyanı əsəbləşdirən daha bir məqam isə Avropa İttifaqının neytral tərəf kimi çıxış etməsidir. Sən demə, qurum Ermənistanı alovlu müdafiə etməli imiş. Çox güman, Ruben bu fikri işlədərkən, Aİ-nin Fransanın patronajlığı ilə hərəkət etməsi reallığına fokuslanır. Əlbəttə, belə düşüncə siyasətdəki naşılığın göstəricisidir. Hətta, deyərdim ki, avamlığın.

“Yekun olaraq deyə bilərəm ki, biz real hərəkətlərdən danışmasaq, Bakı beynəlxalq çağırışlara qulaq asmayacaq və dəhlizin açılmasına razı olmayacaq. Qarabağda hadisələrin təhlükəli inkişafının qarşısını almaq, Azərbaycana qarşı aydın hərəkətlər üçün ardıcıl olmaq və yorulmadan çalışmaq lazımdır”, – deyə R.Vardanyan fikrini tamamlayıb. 

Əlbəttə, Vardanyanın ardıcıl fəaliyyət göstərmək, tədbir görmək dedikdə konkret nəyi nəzərdə tutduğunu söyləmək çətindir. Həm də ona görə ki, istər Ermənistan rəhbərliyinin, istərsə də Qarabağdakı separatçı rejimin gedişləri tam şəkildə tükənib. Bunun fonunda separatçılıq çənbərinin hər ötən gün daraldığını görürük. Yəni, bir gün Azərbaycan əsgəri həmin bu Vardanyanı tutub saxlasa, heç təəccüblənməyəcəyik. Yaxşı olar ki, Ruben BMT fiaskosundan sonra, ilk növbədə, bu barədə düşünsün. Əlbəttə, Qarabağdan rədd olub getməyi də düşünsə, özü üçün daha faydalı olar. 

Ə.RÜSTƏMOV, “Xalq qəzeti”

 

Siyasət