Həqiqətin gözünə dik baxa bilməyənlər

post-img

Ermənilərin BMT-nin mənzil-qərargahının önündə dinc piket keçirən soydaşlarımıza hücumu

Srağagün Nyu-Yorkda BMT-nin baş ofisinin qarşısında təşkil olunan piketdə Azərbaycan və Türkiyənin bayraqları dalğalandırılıb. Aksiya iştirakçıları “Qarabağ Azərbaycandır!”, “Azərbaycan sülh istəyir!”, “Ermənistan faktları təhrif edir, dünya ictimaiyyətini aldadır!”, “Ermənistan, öz qeyri-qanuni qoşunlarını Qarabağdan çıxar!”, “Ermənilərin basdırdıqları minalar mülki əhalini qırır!”, “Ermənistan, itkin düşmüş adamlarımızın taleyi barədə məlumatı Azərbaycana təqdim et!”, “Ermənistan Azərbaycanın İrəvandakı mədəni irsini məhv edib!” kimi şüarların əks olunduğu plakatları nümayiş etdiriblər. 

Aksiyada çıxış edən gənclər BMT-dən beynəlxalq hüquq normalarına məhəl qoymayan təcavüzkar Ermənistana qarşı sərt addımlar atılmasını, məsələyə ədalətlə yanaşmağa çağırış ediblər. 

Həmvətənlərimiz ərazidən keçənləri Erməistanın işğalçılıq siyasəti və yalanları barədə məlumatlandırıblar. Aksiyanın keçirildiyi əraziyə gələn bir qrup erməni soydaşlarımızın dinc piketini pozaraq onlara qarşı təxribat törədiblər. Onlar əllərində plakatlar və qondarma qurumun bayraqları ilə azərbaycanlılara hücum çəkib, yoldan keçən maşınların qarşısını əllərindəki plakatlarla kəsiblər. Bu, azmış kimi, Azərbaycan Dövlət bayraqlarını cırmaq istəyən erməni təxribatçılar həmvətənlərimizi qəzəbinə tuş gəlib və qarşıdurma yaşanıb. 

Dinc piketin keçirildiyi əraziyə Nyu-York Şəhər Polis Departamentinin əməkdaşları cəlb olunub. Bu zaman həmvətənlərimizə təziq göstərən ermənilər polisə yalan məlumatlar verərək, özlərini müdafiə etməyə çalışıblar. Polis əməkdaşları baş vermiş insidentə dair foto və videogörüntüləri izləyiblər.

Bundan sonra asayiş keşikçiləri həmvətənlərimizə hücüm edən Cobanyan Sulyanı hadisə yerində həbs ediblər. Ondan savayı, təxribat törədən və özünü yalandan BMT-nin əməkdaşı kimi təqdim edən digər erməni də sorğu-sual üçün polis bölməsinə aparılıb.

Həmvətənlərimiz Alidə Zeynalova və Amerika-Azərbaycan Qadınlar Cəmiyyətinin rəhbəri Münəvvər Vahabova da hadisə ilə bağlı dindirilmək üçün polis bölməsinə aparılıb. Müvafiq prosedurdan sonra onlar sərbəst buraxılıblar. 

“Xalq qəzeti”

 

Siyasət