Hayların sözü qurtardı, hay-küyü qaldı

post-img

yaxud Paşinyan üçün tarixə yazılacaq “yubiley hədiyyəsi” 

Xarici havadarlarının təhriki və dəstəyi ilə Bakının əleyhinə “tutarlı sənəd” qəbul etdirmək məqsədilə başlatdığı “humanitar böhran” və “aclıq” şousu İrəvanın özünə qarşı çevrildi. Artıq bunu tam qətiyyətlə və birmənalı şəkildə deyə bilərik. Rəsmi İrəvan Qarabağ ermənilərinin “məhvolma təhlükəsini” BMT Təhlükəsizlik Şurasının tribunasına çıxarmağı bacarsa da, Azərbaycanın bu mötəbər beynəlxalq qurumdakı təmsilçisi ekstern iclasa toplaşanları, həmçinin hayların özlərini danılmaz fakt və sübutlar qarşısında qoydu. Bu kontekstdə bir həqiqəti də gözdən qaçıra bilmərik. Debatlara evsahibliyi edən  fövqəldövlətin erməni fitnəkarlığına uymamasının özü mühüm nəticə sayıla bilər. Bununla da, Nikol Paşinyanın və onun dəstəkçilərinin Nyu-Yorkda şou yaratmaq arzuları elə ürəklərində qaldı. 

Üçüncü cəhd də uğursuz oldu  

Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın BMT Təhlükəsizlik Şurasının iclasındakı məruzəsində “aclıqdan əziyyət çəkən artsaxlı uşaqların” fotolarını nümayiş etdirməsi kənardan olduqca miskin bir mənzərə təəssüratı bağışlasa da, “humanitar böhran”, “ölümcül blokada”, “etnik təmizləmə” kimi feyk məlumatları ilə müşayiət olunan fikirləri zalda gözlədikləri “effekti” yaratmadı. 

Beynəlxalq təşkilatın ali orqanının toplantısında Ermənistan təmsilçisindən daha çox Fransanın nümayəndəsinin çıxışı “parlaq və yaddaqalan” oldu. Nikola de Rivyer öz çıxışında bölgədə davamlı sülhə “sadiq olduqlarını”, “Qarabağ ermənilərinin hüquqları” daxil, sülh danışıqlarının bərpasını istədiklərini dedi. Bu zaman fransalı səfir bütün diplomatik etiket qaydalarını pozaraq, Fransanın Minsk qrupunun həmsədr dövləti olduğunu da “unutdu”. Müsyö Rivyer özünü nəinki ermənipərəst mövqeli siyasətçi, hətta rəsmi İrəvanın səlahiyyətli nümayəndəsi kimi apardı. Fəqət ötən ilin dekabrında olduğu kimi, BMT TŞ-nin daimi və qeyri-daimi üzvləri Fransa və Ermənistanı fakt qarşısında qoydular.  “Doğma bacılar” bu dəfə də uğursuzluğa düçar oldular. Oxucularımıza xatırladaq ki, 2022-ci ilin dekabrında TŞ-ya sədrlik edən Fransa onda cəhdinin iflasa uğramasından elə qəzəblənmişdi ki, BMT-dəki daimi nümayəndəsini geri çağırmaq istəyirdi. Yəqin, bundan sonra ümid etmək olar ki, bu iki müttəfiq dövlət bir daha bu tip cəfəngiyyat dolu tələb və təşəbbüslərlə çıxış etməyəcək. Əminliklə deyə bilərik ki, onların üçüncü cəhdi sonuncu olacaq. Biz artıq o reallıqla barışmışıq ki, Fransanın Azərbaycana qarşı bütün treklərdə və platformalarda düşmən münasibəti ardıcıl və xroniki hal alıb. Əslində, rəsmi Parisin Nyu-Yorkda ermənipərəst mövqedən çıxış edəcəyi gözlənilən idi. Amma onun bu dərəcədə ermənipərəst mövqe ortaya qoyacağı bizim üçün siyasi riyakarlığın, anti-Azərbaycan “doktrinasının” kulminasiya nöqtəsi sayılmalıdır.

Biz də tək deyilik... 

Ekstern toplantının adi müzakirələrdən uzağa getməyəcəyi Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyevin hərtərəfli, fakt və arqumentlərlə əsaslandırılmış çıxışından sonra dəqiqləşdi. Azərbaycan təmsilçisi elə nitqinin əvvəlindəcə tam cəsarətlə BMT Təhlükəsizlik Şurası kimi ali məqamın Ermənistan üçün sui-istifadə platformasına çevrildiyinə işarə vurdu: “Ermənistanın humanitar məsələ kimi təqdim etməyə çalışdığı olay, əslində, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə zərbə vurmaq məqsədilə aparılan təxribatçı və məsuliyyətsiz siyasi kampaniyadır”. 

Y.Əliyevin dəqiq formulə etdiyi bu fikrini daha sonra onun türkiyəli həmkarı Sədat Önal da dəstəklədi: “Türkiyə Ermənistanın BMT Təhlükəsizlik Şurası kimi beynəlxalq meydandan Laçın dəhlizi mövzusu daxil olmaqla siyasi motivli ittihamları bəyan etmək üçün istifadə cəhdlərindən narahatdır”. 

Toplantıda qardaş Türkiyədən başqa, Azərbaycanın mövqeyini Albaniya və Braziliya nümayəndələri müdafiə etdilər. Həmin ölkələrin diplomatları BMT-dəki həmkarlarına Qarabağ erməniləri üçün Xankəndi–Ağdam yolunun açıq olduğunu xatırlatdılar. Yəni, Ermənistan nümayəndələrinə bildirdilər ki, əgər İrəvanın “humanitar böhran” problemi varsa, buyursun Azərbaycanın təklif etdiyi yolu seçsin.

“Humanitar ehtiyaclar siyasiləşdirilməməli və digər məsələlərin həllində sui-istifadə olunmamalıdır. Bəli, humanitar tələbat dünyanın hər yerində, həmçinin Qarabağ bölgəsində də təmin edilməlidir. Fikrimizcə, söhbət humanitar məsələdən gedirsə, mümkün olan hər şeyi, bütün variantları nəzərdən keçirmək lazımdır. Bura digər yollar, həmçinin təklif olunan Xankəndi – Ağdam yolu da daxildir”. Bu sözləri Albaniyanın BMT-dəki daimi nümayəndəsi Fərid Hoca vurğuladı.

Azərbaycan əleyhinə sənəd qəbul olunmadı

Beləliklə, BMT TŞ-də Ermənistan və Fransanın Azərbaycana qarşı beynəlxalq hüquqa zidd, avantürist iddiaları rədd edildi. Çıxışlarda diqqəti çəkən bir cəhət də Fransanın “əhatə dairəsində” olan Malta və İsveçrə təmsilçilərinin müzakirə edilən konkret məsələni konteksdən çıxararaq imitasiyalara cəhd etmələri oldu. Bu ölkələrin səfirlərinin üzündən oxuduqları mətndən hətta tam xəbərdar olmadıqları hiss edilirdi. Təbii olaraq yekunda rəsmi İrəvan və onun havadarları BMT Təhlükəsizlik Şurasının ekstern iclasından gözlədikləri nəticəni əldə edə bilmədilər. Yəni, toplantı heç bir sənəd və ya qərar qəbul edilmədən başa çatdı. 

Amma bu müzakirə və çıxışları heç də nəticəsiz və faydasız hesab eləmək olmaz. Əvvəla, birinci və ən ümdə nəticə ondan ibarətdir ki, prosesin gedişatı və nəticənin özü Azərbaycan diplomatiyasının böyük uğuru, Ermənistanın isə növbəti dəfə ifşası kimi tarixə yazıldı. Daha doğrusu, İrəvan nə qədər riyakar və ikiüzlü olduğunu dünyaya göstərmiş oldu. Ən azı, ona görə ki, 30 il BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini qulaqardına vuran, onları icra etməkdən açıq formada imtina edən bir dövlətin indi, quyruğu qapı arasında qalanda BMT TŞ-dən mədət ummasına siyasi riyakarlıqdan başqa ad vermək olmaz. Prosedura görə, qətnamənin qəbul olunması üçün Təhlükəsizlik Şurasının daimi üzvlərinin yekdil qərarı tələb olunurdu. Bu isə indiki şəraitdə mümkün deyildi. BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən Rusiya və Çin son illər bir qayda olaraq, digər 3 üzvün – ABŞ, Fransa və Böyük Britaniyanın təkliflərinin əleyhinə səs verirlər. Ona görə də daimi üzvlərdən birinin – Fransanın Ermənistanın və Qarabağ separatçılarının xeyrinə qəbul etdirmək istədiyi hər hansı sənədə Rusiyanın dəstək verməyəcəyi, veto hüququndan istifadə edəcəyi şübhə doğurmurdu. Bu versiyanı əsaslandıran digər səbəb kimi Moskvanın ABŞ və Avropa İttifaqının Cənubi Qafqazda artan fəallığından keçirdiyi narahatlığını da qeyd etməliyik. 

Böyük güclər üçün şəxsi maraq öndə gəlir

BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı qətnamənin qəbulu ABŞ və Böyük Britaniyanın da maraqlarına cavab vermirdi. Çünki hər iki supergücün Azərbaycanla strateji tərəfdaşlığı mövcuddur. Bu iki dövlətin BMT-dəki təmsilçiləri, sadəcə olaraq, Laçın yolunun açılmasının vacibliyini bildirdilər, amma eyni zamanda, alternativ yollardan istifadəni də mümkün saydılar. Ümumiyyətlə, BMT TŞ-dakı çıxışlarda tez-tez “Ağdam-Xankəndi yolu” ifadəsinin səslənməsi bizim üçün prioritet məsələ hesab oluna bilər. Görünən odur ki, Vaşinqton və London Bakının mənafeyinə toxunacaq hər hansı sənəd qəbul etməməklə mövcud münasibətləri korlamaq istəmədilər. Onların səfirləri diplomatik jest edərək “Laçın yolu açılmalıdır” deməklə, həm də İrəvanı razı salmağa çalışdılar. 

Albaniyanın BMT-dəki təmsilçisinin Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən parlaq çıxışı isə iki ölkə arasında münasibətlərin bundan sonra da inkişafı üçün yaxşı zəmindir. Nyu-York toplantısına və onun yekunlarına rəsmilərdən və qeyri rəsmilərdən reaksiyalar gəlməkdədir. Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov “X”də paylaşımında bunları qeyd edib: “Ermənistanın BMT Təhlükəsizlik Şurasını şantaj strategiyaları üçün istifadə etmək cəhdləri dəfələrlə uğursuzluğa düçar olub. BMT üzvlərinin vurğuladığı kimi, regionda sülh suverenliyə və ərazi bütövlüyünə hörmətdən asılıdır. Azərbaycan regional sabitliyə müsbət töhfə verməyə sadiqdir!”.

Aydın məsələdir ki, Ermənistanın hakimiyyəti BMT-də Azərbaycan əleyhinə hər hansı sənədin qəbul olunmamasını özünün məğlubiyyəti kimi qəbul etməyəcək. Bundan sonra da şərqli, qərbli tərfdaşlarınnın ətəyindən yapışmaqda davam edəcək. 

Nikolun “yubiley”inə layiqli “hədiyyə” 

BMT TŞ-də məlum müzakirələr yerli vaxtla avqustun 16-da başlayıb, 17-də yekunlaşdı. Bu tarixi təsadüfən xatırlatmırıq. Çünki, 17 avqust Hayastanın baş naziri üçün əlamətdar tarixdir. Düz beş il bundan əvvəl Nikol məhz Qərbin dəstəyi sayəsində İrəvandakı rusiyapərəst iqtidarı istefaya getməyə məcbur etmişdi. Kütləvi etirazlar dalğasında hakimiyyətə gəlişinin beşinci ildönümündə Nikol Paşinyan ümid edirdi ki, fövqəldövlətlər beynəlxalq hüquq və normaların üstündən adlayıb Azərbaycana qarşı ədalətsiz qətnamə qəbul edəcək, yaxud bəyanat verəcəklər. Hayastan baş naziri yəqin o gün həm də gözləyirdi ki, dəstəkçiləri BMT TŞ-də Bakıya qarşı “daşdankeçən” sənədi qəbul etdirməklə ona “yubiley hədiyyəsini” ərmağan edəcəklər. Lakin alınmadı. Necə deyərlər, sən saydığını say, görək BMT TŞ nə sayır! 

Bir daha təsdiq olundu ki, beynəlxalq hüquq və ədalət Azərbaycanın tərəfindədir. Əks-təqdirdə, onlar belə bir şansı qətiyyən əldən verməzdilər. Aydın məsələdir ki, Nikol Paşinyan və onun komandasının BMT TŞ-də beynəlxalq məğlubiyyəti bütövlükdə hayların feyk-təbliğatına və ictimai rəylə manipulyasiyasına çox ciddi zərbə vuracaq. İrəvanın dezinformasiya “ordusunun” bundan sonra da dinc oturmayacağı, hər cinahdan üstümüzə xain hücumları təşkil edəcəyi gözləniləndir. Onların BMT-nin səhnəsində düçar olduları məğlubiyyətdən ibrət götürəcəkləri də inandırıcı deyil. Axı, indi bu “şər ordusu”nun Okampo, Lindsi Snell, Devid İqnatius kimi korrupsioner, satılmış hüquqşünasları və jurnalistləri peyda olub. Fəqət bu dəfə birləşmiş taktiki gediş fiaskoya uğradı, gözlədikləri anti-Azərbaycan qətnaməsini qazana bilmədilər. 

Mirzoyanın boğazının quruduğu an

Müzakirənin gedişində bəzi iştirakçıların həqiqətlə yanaşı, təhriflərə yol vermələrinə baxmayaraq, böyük əksəriyətin çıxışlarının kəsişmə nöqtəsi Azərbaycanın ərazi bütövlüyü məsələsi idi. Ermənistan nümayəndə heyətini “cin atına mindirən” də məhz bu məqam idi. Axı, rəsmi İrəvanın BMT TŞ kimi nüfuzlu bir platformanı “realiti-şou” səhnəsinə çevirmək cəhdlərinın heç birinin faydası olmadı. BMT-dəki səfirlərinə istirahərt verib, bu yüksək tribunada məruzəçilik missiyasını boynuna götürmüş Ermənistan xarici işlər naziri Ararat Mirzoyan isə Yaşar Əliyevin hüquqa, faktlara və məntiqə söykənən çıxışından sonra, ümumiyyətlə danışmağa söz tapmadı. Bircə epizodu yada salaq. BMT yanında daimi nümayəndəmiz ermənilərin özlərinin sosial şəbəkədə paylaşdığı, Xankəndidə, Ağdərədə toy-düyün məclislərindən, yubiley mərasimlərindən fotoşəkilləri göstərib, “blokadada acından ölən” Qarabağ ermənilərinin tox halda şadyanalıq etdiyini, bu münasibətlə onlara səmimi təbrikini ünvanlayanda, görəsən, Mirzoyan nə düşünürmüş? Əslində, bunun bizim üçün elə bir əhəmiyyəti  yoxdur. Ortadakı fakt ondan ibarətdir ki, Hayastanın baş diplomatı növbəti dəfə vətəninə əli ətəyindən uzun qayıtmağa məcbur oldu. 

Xatırladaq ki, keçən ilin dekabrında İrəvan və Parisin məsələni BMT TŞ-də müzakirəsi üçün birgə cəhdləri də fiaskoya uğramışdı. Yeddi ay bundan əvvəl olduğu kimi, bu dəfə də Ermənistanın diplomatik avantürası baş tutmadı. 

Nikol Paşinyanın 16 avqust uğursuzluğunu Hayastan ictimaiyyətinə necə təqdim edəcəyi, daha doğrusu, yalanın hansı çalarına bürüyüb sırıyacağı maraq doğururdu. Baş nazirin reaksiyası özünü çox gözlətmədi və X-də BMT TŞ-nın toplantısının “müsbət nəticə” ilə yekunlaşdığını qeyd etdi. O, beynəlxalq qurumdakı dünənki müzakirələrin “uğurlu nəticəsi” kimi, “Laçın dəhlizinin blokadası” faktının və Qarabağın “erməni sakinlərinin mövcudluğuna təhlükə”nin fiksə olunduğunu “muştuluqladı”. Növbəti məğlubiyətinin dadını çıxaran baş nazir Ermənistan ictimaiyyətinə başqa nə deyə bilərdi ki? Bəlkə yazmalıydı ki, Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev onların “blokada” və “aclıqdan ölən arsaxlılarla” bağlı yalanlarını darmadağın edəndə xəbər tutmayıb, dediklərini eşitməyib, o dəqiqələrdə yuxuya getmişdi?    

BMT TŞ-nin 16 avqust toplantısından sonra iştirakçıların əksəriyyətində belə bir qənaət  hasil oldu ki, əslində, bu müzakirəyə heç ehtiyac yox idi. Məsələ beynəlxalq platformalarda deyil, yerində, həm də Azərbaycan hakimiyyəti tərəfindən həll edilməli idi. İndi bu aksiomu bütün dünya qəbul etdi. Ona görə də Qarabağ erməniləri anlamalıdırlar ki, girovuna çevrildikləri durumdan başqa çıxış yolu yoxdur. Bütün danışıqlar, müzakirələr və məsləhətləşmələr ərazisində yaşadıqları ölkənin – Azərbaycanın şərtləri əsasında aparılacaq, son sözü də Bakı deyəcək.

İmran BƏDİRXANLI, 
“Xalq qəzeti”

 



Siyasət