“Salam olsun Qarabağa, Şuşaya!”

post-img

Türkiyə siyasətçiləri Azərbaycanın mövqeyini israrla müdafiə edirlər

İkinci Qarabağ müharibəsi zamanı Türkiyə, onun rəhbərliyi və xalqı ilk gündən, ilk saatlardan bizimlə çiyin-çiyinə dayanmışdı. O zaman Prezident Ərdoğanın Qarabağ müharibəsinin ilk saatlarında verdiyi “Azərbaycan yalnız deyil!” bəyanatı, bizim üçün çox böyük bir dəstək idi. Bütün 44 gün ərzində biz həmin o mənəvi dəstəyi qardaşlarımızdan hiss etdik. Prezident Ərdoğan bir neçə dəfə ictimai şəkildə Türkiyənin mövqeyini bəyan etdi və digər dövlət rəsmiləri də bu məsələ ilə bağlı fikirlərini bildirdilər. Bu, bizim üçün çox böyük mənəvi və siyasi dəstək idi.

Azərbaycan Prezidenti İlham Əliyevin “Dördüncü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimindəki çıxışından

14 iyul 2023-cü il

 

Biz cənab Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla  türkiyəli siyasətçilərin, diplomatların, ictimai xadimlərin və ziyalıların Azərbaycanın haqq işini dəstəkləyən fikirlərini çox eşitmişik. Hətta, bəzən elə olur ki, dünya  ictimaiyyəti qardaş ölkə təmsilçilərinin bir neçə gün ard-arda müxtəlif beynəlxalq tribunalardan rəsmi Bakının mövqeyini dəstəkləyən bəyanatına şahidlik edir. Təbii ki, bütün  bunlar səmimi şəkildə ifadə olunan  siyasi-diplomatik dəstək əlamətidir.

Ancaq mənim fikrimcə, Türkiyənin  səhiyyə naziri Fəxrəddin Kocanın  üç gün öncə Səmərqənddə keçirilən İkinci Türk dünyası tibb qurultayının tribunasından səsləndirdiyi “Salam olsun Qarabağa, Şuşaya!” deyimində heç bir siyasi-diplomatik çalar yox idi. Bu fakt, sadəcə olaraq,  Azərbaycanın uğurlarına sevinən doğma insanın qəlbindən qopan istək – işğaldan azad edilmiş türk torpaqlarına Allahın salamını göndərmək arzusu idi. Cənab nazir əlavə etdi ki,  Türk Dövlətləri Təşkilatı  daxilində  qardaşlığın səmimiyyəti bu il fevralın 6-da Türkiyədə baş verən “dəhşətli zəlzələ” zamanı da hiss edilmişdi.

Səhiyyə nazirinin bu səmimiyyətindən təxminən, bir ay əvvəl – iyulun 7-də NATO-nun Vilnüsdə keçirilən sammitində də ən ali səviyyəli Türkiyə rəsmisinin Azərbaycan, Qarabağ haqqında fikirlərini eşitmişdik. Cənab Prezident Rəcəb Tayyib Ərdoğan həmin sammitdəki çıxışında  Qarabağ haqqında verilən sualı cavablandırarkən demişdi ki, 2025-ci ildə Rusiya bu ərazini tərk edəcək: “Burada razılaşma ondan ibarətdir ki, 2025-ci ilə qədər Rusiya sülhməramlıları təyin olunmuş yerlərdə qalacaq. 2025-ci ildə Rusiya ərazini tərk edəcək. Mən də Rusiyanın bu razılaşmaya sadiq qalacağına inanıram. Qardaşım İlham Əliyev də məsələni diqqətlə izləyir”.

Türkiyə rəsmilərinin Azərbaycan reallıqları barədə söylədikləri növbəti kəsərli arqumentləri isə  qardaş ölkənin BMT-dəki daimi nümayəndəsi Sədat Önaldan eşitdik. Türkiyə diplomatı avqustun 16-da BMT Təhlükəsizlik Şurasında  Ermənistanın  yalvarışı, minnəti ilə aparılmış müzakirələrdə demişdir ki, regionda sabitlik və təhlükəsizlikdə bilavəsitə maraqlı olan ölkə kimi, həmçinin təşəbbüslərdə aktiv iştirak edən Türkiyə Ermənistanın BMT Təhlükəsizlik Şurası kimi beynəlxalq meydandan Laçın dəhlizi mövzusu daxil olmaqla siyasi motivli ittihamları bəyan etmək üçün istifadə cəhdlərindən narahatdır.

Türkiyəli diplomatın fikrincə, problemi kontekstə uyğun həll etməliyik: “İlk növbədə, Azərbaycanın qanuni maraqlarını nəzərə almaq lazımdır. Həmçinin Azərbaycanın suverenlik hüququna hörmət etmək lazımdır. Azərbaycan artıq Laçın dəhlizi, Laçın yolunun sui-istifadəsindən, o cümlədən qanunsuz silahlı birləşmələrin, silah-sursatın, piyada əleyhinə minaların daşınmasından narahatlığını bildirib. Lakin Azərbaycanın bu narahatlıqları nəzərə alınmayıb”.

Bəli, Türkiyə siyasətçiləri istənilən məqamda, bütün proseslərdə Azərbaycanın yanında olduqlarını sübut ediblər. Ən başlıcası,  qardaş ölkə rəsmiləri dəfələrlə bəyan ediblər ki, Azərbaycanın haqq işini dəstəkləməyi şərəf işi sayırlar. Yeri gəlmişkən, həmin ifadəni Azərbaycan Prezidenti İlham Əliyev də bir neçə dəfə dilə gətirmişdir. 

Yadımdadır, bu ilin fevralında qardaş ölkədə zəlzələ baş verəndən sonra –  fevralın 8-də Azərbaycan  Prezidenti İlham Əliyev  Türkiyənin  ölkəmizdəki səfirliyində olmuş,  baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar matəm kitabına ürək sözlərini yazmışdı:

“Əminəm ki, Türkiyə bu acı sınaqdan da şərəflə çıxacaq, bunu da aşacaq. Ancaq bu, inanılmaz dərəcədə böyük faciədir. Hər bir qurtarılan can elə bil ki, bizə bir dünyanı bağışlayır. Yenə də deyirəm, həm Türkiyədən, həm Azərbaycandan, həm də digər ölkələrdən gələn xilasedicilər çox böyük iş görürlər. Əlbəttə ki, burada əsas və mənəvi yük Türkiyə hökumətinin üzərinə düşür. Mənim qardaşım hörmətli Prezident dərhal bütün göstərişləri verdi, bütün nazirləri fəlakət zonalarına göndərmişdir və tam əminəm ki, güclü və qüdrətli Türkiyə dövləti bu çətinliyi də aşacaq və tezliklə qurtarma, arama işlərinin aparılmasında öz səylərini davam etdirəcək. Ondan sonar,  təbii ki, bərpa işlərinə də biz qoşulmağa hazırıq. Yəni, Türkiyə-Azərbaycan artıq bir yumruqdur, bir ürəkdir, bir candır. Biz belə görürük, Türkiyə və Azərbaycan vətəndaşları da belə görürlər. Bu ağır günlərdə Türkiyənin yanında olmaq bizim üçün böyük şərəfdir”.

Qətiyyətlə deyə bilərik ki, həm Ankaranın, həm də Bakının son uğurlarında məhz bir-birinin yanında olmağı şərəf sayan tərəflərin səmimiyyətinin xüsusi payı vardır. Bütün dünya yaxşı bilir ki, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsindən tutmuş, BMT Təhlükəsizlik Şurasının ermənilərin təşəbbüsü ilə keçirilən iclasından İrəvanın əliboş qaytarılmasınadak olan istənilən prosesdə qarşılıqlı səmimiyyət və etimadımız xüsusi rol oynamışdır. Bu gün Ankarada da, Bakıda da hamı eyni fikirdədir: Azərbaycan – Türkiyə qardaşlığı tarixi köklərə əsaslanır, mədəni tellərlə bağlanır və ona görə də əbədidir .

İttifaq MİRZƏBƏYLİ,  
“Xalq qəzeti”

 

Siyasət