BMT TŞ-də növbəti qələbəmiz

post-img

yaxud Ermənistan üçün dramatik fiasko 

Fiasko. Ermənistanın BMT-yə Qarabağda humanitar böhran iddialı müraciətinə əsasən avqustun 16-da bu qurumun Təhlükəsizlik Şurasında keçirilmiş müzakirənin nəticəsini məhz bu cür qiymətləndirmək mümkündür. Bəli, nəinki İrəvanın, eləcə də xaricdəki ermənipərəst qüvvələrin gözləntiləri puç oldu. 

İclasda Qarabağda humanitar böhran, Laçın–Xankəndi yolunun açılması, yəni, faktiki olaraq ölkəmizin şərti sərhəddə qurduğu nəzarət-buraxılış məntəqəsinin əhəmiyyətsizliyinin göstərilməsinə dair hansısa müraciət, qətnamə, çağırış, yaxud bu qəbildən digər sənəd qəbul edilmədi. Ölkələrin nümayəndələri necə deyərlər, yığıldılar, danışdılar və dağılışdılar. Görünür, Ermənistan üçün edə biləcəkləri ən böyük şey elə budur. Bəs, BMT fiaskosundan sonra növbədə nə var? Bu barədə yazımızın sonunda söz açacağıq. Hələlik isə BMT TŞ-nin erməni məşəqqətinə çevrilmiş 16 avqust iclası ilə bağlı bəzi məqamları diqqətə çatdıraq.

***

İlk növbədə onu bildirək ki, Azərbaycan BMT müstəvisində Ermənistana qarşı növbəti diplomatik qələbə qazandı. Mövcud xüsusda ölkəmizin qurumdakı daimi nümayəndəsi Yaşar Əliyevin əsl diplomat bacarığı göstərdiyini vurğulamalıyıq. Onun iclasdakı çıxışı möhtəşəm idi – faktoloji, məntiqi cəhətdən əsaslandırılmış, zəngin arqumental bazalı və ardıcıl. Nümayəndəmiz ölkəmizin prinsipial mövqeyini, qətiyyətini bir daha ortaya qoydu. 

İkincisi, prinsip etibarilə ABŞ, Türkiyə, Rusiya, Çin, Yaponiya nümayəndələrinin müzakirədəki mövqeyini İrəvan üçün ciddi siqnal saymaq mümkündür. Bu çıxışlar göstərdi ki, Ermənistanın ətrafında böyük ajiotaj qaldırdığı Qarabağda humanitar böhran şousuna birmənalı yanaşma yoxdur. Dünyanın aparıcı qütbləri prinsip etibarilə Azərbaycanın ərazi bütövlüyü prizmasından çıxış edirlər. Hətta, bəzi məqamlarda  ABŞ və Rusiya nümayəndələrinin nitqlərində İrəvanın yapışa biləcəyi detallar olsa da, Azərbaycanın qəti mövqeyi ilə hesablaşma var. Türkiyənin münasibəti birbaşa ölkəmizin xeyrinə idisə, digər dövlətlər təxminən bunu dedilər: biz güclünün haqqını tanıyırıq. Ən pis halda güclünün haqqının tapdanmasına razı deyilik. Güclü isə Azərbaycandır. Azərbaycan həm də ona görə güclüdür ki, onun mövqeyi beynəlxalq hüququn prinsiplərinə əsaslanır. 

Üçüncü məqam. Bu yerdə Fransadan danışaq. Ölkə gözlənildiyi kimi, BMT tribunasında qatı ermənipərəst mövqe tutdu. Onun nümayəndəsinin həyasızlığa köklənmiş çıxışında aşkar şəkildə göründü ki, Laçın–Xankəndi yolunun açılması erməni avantürizminin Qarabağ iddiasının davamı olaraq nəzərdə tutulur. Yəni, əsas məsələ heç də humanitar böhran deyil. Başlıca hədəf nəyin bahasına olursa-olsun, sözügedən yolun açılmasıdır. Yol isə açılmayacaq. Həm də ona görə ki, orada Azərbaycanın sərhəd məntəqəsi var. Sərhədi keçməyin şərtlərinə əməl olunması mütləqdir. BMT TŞ-nin iclasının yazılmamış, subliminal şəkildə ortaya çıxan qərarı məhz budur. Ermənistan rəhbərliyi həmin  qərarı görmək və oxumaq üçün gözlərini dörd açmalıdır. Dünyaya dar pəncərədən baxmağı tərgitməlidir. 

Dördüncüsü. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın BMT TŞ-nin iclasındakı çıxışı ağlaşma idi. Erməni nazir nitqində Qarabağ erməniləri və böhran kimi saxta məntiqindəki humanizm imitasiyasını beynəlxalq hüququn prinsiplərindən önə çıxarmaq istədi, lakin bacarmadı. Bu isə o deməkdir ki, İrəvan, necə deyərlər, torbadan pişiyi çıxara bilmədi. Əvəzində havaya sabun köpüyü buraxdı.

Beşincisi. Ayrıca Ermənistan iqtidarının, ermənipərəst dairələrin leksikonuna daxil olmuş Qarabağ ermənilərinə qarşı soyqırımı iddiası iflasa uğradı. Dünya birliyi İrəvana təxminən belə bir cavab verdi: Qarabağda soyqırımının heç “s” hərfi belə yoxdur. Deməli, erməni pornoulduz Kim Kardaşyanın professor Erik İsraelyanla birgə dünyanın ictimai rəyinə sırımaq istədiyi Luis Moreno Okampoya məxsus “hesabat” da mənasız kağız parçasına çevrildi. 

Qeyd edək ki, BMT-nin Beynəlxalq Cinayət Məhkəməsinin baş prokuroru olmuş, hazırda isə beynəlxalq hüquq üzrə ekspert kimi fəaliyyət göstərən, qalmaqallı keçmişə, qlobal kriminal-cinayətkar dairələrlə əlaqələrə malik argentinalı hüquqşünas Okampo “Ekspert rəyi: 2023-cü ildə ermənilərə qarşı soyqırımı” adlı hesabat hazırlamış və orada yazmışdı ki, Qarabağda, guya, humanitar böhran yaşanır və bu, ermənilərə qarşı soyqırımıdır. Yeri gəlmişkən, BMT-dəki daimi nümayəndəmiz Y.Əliyev də çıxışında ermənipərəst dairələrin əsas kimi götürdüyü Okampo hesabatını, sözün əsl mənasında, faş etdi.

Altıncı məqam BMT müstəvisində avqustun 16-da keçirilmiş müzakirə gedişində məlum oldu ki, bu qurumun Beynəlxalq Ədalət Məhkəməsinin aylar öncə qəbul etdiyi və Ermənistanın Laçın yolunun açılması istiqamətində siyasi manipulyasiya predmetinə çevirdiyi qərar artıq əhəmiyyətə malik deyil. Sənəd Qarabağda erməni avantürizminin davamı baxımından əsas kimi götürülə bilməz. 

Yedincisi. BMT-dəki müzakirə göstərdi ki, rəsmi İrəvanın və erməni havadarlarının Laçın dəhlizi məntiqinə qarşı Azərbaycanın irəli sürdüyü Ağdam–Xankəndi yolundan istifadə bölgənin erməni əhalisinin təminatı baxımından mühüm vasitə kimi düşüncələrdə möhkəmlənib. İndiki halda bu möhkəmlənmə Azərbaycanın adına böyük uğur kimi qiymətləndirilə bilər. 

Səkkizinci məqam. İclasda nümayəndələri çıxış edən ölkələrin mövqelərindən gəlinən qənaət budur ki, Qarabağdakı erməni əhalinin blokadada qalmasına dair rəsmi İrəvanın qaldırdığı hay-küy keçərli deyil. Başqa sözlə desək, dünya əksəriyyət etibarilə blokada məntiqini qəbul etmir. Deməli, ermənipərəstlərin mövcud xüsusda yaratdıqları kütləvilik ab-havası tam əhəmiyyətsiz və mənasızdır, reallıqla uzlaşmır.

Doqquzuncusu. BMT TŞ-dəki müzakirənin yekunu göstərir ki, beynəlxalq aləm Azərbaycan-Ermənistan danışıqlarının hazırkı trayektoriyasını dəstəkləməkdədir. Deməli, həm də Cənubi Qafqazda sülh gündəliyi əsas götürülür. O gündəlik ki, onu diktə edən tərəf Azərbaycandır. İrəvanın bundan yayınmaq üçün arqumentləri nəzərə alınmır. Əslində, avqustun 16-da dünya Ermənistana təxminən, bunu da demiş oldu: Azərbaycanla yola get, onun dediyinə qulaq as.

Onuncu məqam. Təzadlı epizodlar da yox deyil. Məsələn, Avropa Birliyinin BMT-dəki nümayəndəsi çıxışında Ağdam-Xankəndi yolunun Laçın yoluna alternativ ola bilməyəcəyini bildirir, sonra beynəlxalq hüququn prinsiplərindən danışır və deyir ki, tərəflər bir-birilərinin ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşmalıdırlar. Onun ərazi bütövlüyü və suverenliklə bağlı söylədikləri şərti sərhəddəki məntəqəmizi leqallaşdırmaqla yanaşı, Laçın yolunun alternativsizliyi iddiasını heçə endirir. Aydındır ki, AB ermənilərin təəssübünü çəkir, ancaq bunun üçün qurumun özünü biabır etməsinə ehtiyac yoxdur. Yəni, nümayəndə iclasa bir qədər hazırlaşıb gəlsəydi, daha yaxşı olardı. Onun qarşısındakı kağız parçasında yazılan tezislərdən xəbəri yox idi, hazır mətni çətinliklə oxuyurdu. 

***

On birincisi. BMT TŞ-dəki müzakirənin yekunu Fransa-Ermənistan tandeminin beynəlxalq diplomatiya arenasındakı növbəti acınacaqlı məğlubiyyətidir. Son vaxtlar belə məğlubiyyətlərin sayı artmaqdadır. Yada salaq ki, ötən ilin sentyabrında və dekabrında da bu “tandemin” Laçın yolu və Azərbaycan–Ermənistan sərhədindəki gərginliklə bağlı BMT-də təşkil etdiyi müzakirə tam fiasko ilə nəticələnmişdi. 

İrəvanı başa düşdük, belə biabırçılıqlarla üzləşməyə öyrəncəlidir. Bu mənada dünya liderliyinə can atan, özünü demokratiyanın beşiyi sayan Fransanın düşdüyü durum, həqiqətən, təəssüf doğurmaqdadır. Ölkə nüfuzunu erməni millətçiliyi naminə xərcləyib bitirmək üzrədir. Onun diplomatiyasının ard-arda məğlubiyyəti müasir dövrdə görünməmiş hadisədir. Rəsmi Paris nəticə çıxarmalıdır, ya da geosiyasətdən danışmamalı, qaxılıb öz sərhədləri daxilinə sığınmalıdır. 

On ikinci məqam. Bəli, BMT TŞ-dəki müzakirənin nəticəsi Ermənistanın fiaskosu kimi, Azərbaycanın diplomatik qələbəsidir. Bu, öz yerində. Ancaq bir daha sübut olunur ki, bu sayaq erməni ssenarilərinin BMT kimi mötəbər tribunada səhnəyə qoyulmasına ehtiyac yoxdur. Yəni, kimlərinsə faciə kimi planlaşdırdığı mənzərənin gülüşə çevrilməsi qurumun nüfuzuna da xələl gətirməkdədir. Çünki ortada əlahəzrət beynəlxalq hüquq və onun prinsipləri var. BMT gərək belə müzakirələri keçirib diletant təsir bağışlamasın. Hər halda, məqsəd Ermənistana və ermənilərə yaxşılıq etməkdirsə, başqa metodlar da tapmaq mümkündür. Onsuz da dünya erməniliyi BMT-nin jestini anlamadı. Anlaya da bilməz. Əksinə, quruma qarşı ittihamlar güclənib.

İndi isə gələk yazının sonunda diqqətə çatdıracağımızı bildirdiyimiz mətləbin üzərinə. Söhbət bundan sonra Cənubi Qafqaz siyasi akvatoriyasındakı durumun necə olacağı ilə bağlı məsələdən gedir. Nəzərə alaq ki, Ermənistan diplomatik müstəvidə sonuncu gülləsini BMT TŞ-nin iclasında atdı. Onun arsenalında indi heç nə yoxdur. Ancaq ölkənin, yəni erməni separatçılarının Qarabağda hazırda doqquz 9K33 Osa HHM-nin, bir Repellent-1 raket əleyinə müdafiə sisteminin olduğu təsdiqlənir. Xocalı rayonu ərazisində isə iki S-125 HHM yerləşdirilib və aktivdir. Həmçinin, Ermənistanın silahlı qüv­vələrinə məxsus əlavə altı ədəd 9K33 OSA yer-hava raket kompleksi də Xocalı rayonu ərazisindədir. 

Bu siyahını elə-belədən diqqətə çatdırmadıq. Bir halda ki, Ermənistanın diplomatik müstəvidəki fəaliyyəti nəticə vermir, üstəlik, erməni avantürizmi özünün həyasızlıq elementlərini var gücü ilə işə salıb, o zaman onun növbəti addımının müharibə olacağını düşünmək mümkündür. Eyni zamanda, Azərbaycanın Ermənistan daxilindəki revanşist-şovinist baxışları nəzərə alıb yuxarıdakı hərbi vasitələri neytrallaşdırması məntiqidir. 

Əlbəttə, biz belə savaş vəziyyətinin yaranmasını istəməzdik. Ona görə də İrəvanın mənasız gedişlərdən, manipulyasiyalardan uzaq durub sülh yoluna qayıtmasını, Azərbaycanın şərtlərini qəbul etməsini arzulayırıq. Çünki bu şərtlərə alternativ yoxdur, bölgədəki reallıqları dəyişmək cəhdi uğursuzluğa məhkumdur. Hər cür ermənipərəst fəallığa baxmayaraq, Ermənistanın BMT-nin Təhlükəsizlik Şurasındakı fiaskosu da bunu tam təsdiqlədi. 

Ə.CAHANGİROĞLU, 
“Xalq qəzeti”

 



Siyasət