“Koçaryan, Ohanyan, Nabokix, Çitçyan kimi Xocalı qatilləri axtarışdadır”-VİDEO

post-img

Müsahibimiz Azərbaycan Respublikası Hərbi Prokurorluğu Xüsusi istintaq şöbəsinin rəisi, baş ədliyyə müşaviri Emil Tağıyevdir

 

BMT Təhlükəsizlik Şurasında Ermənistanın əsassız iddiaları üzrə keçirilən müzakirələrlə yanaşı, avqustun 11-də Şuşa şəhərində kütləvi məzarlığın aşkarlanması ölkə gündəminin ən çox müzakirə olunan məsələlərindən biridir. Aşkarlanan məzarlıq Ermənistan silahlı qüvvələrinin və Qarabağdakı qanunsuz hərbi dəstələrin 1990-cı illərin əvvəllərində xalqımıza qarşı törətdiyi cinayətlərin yeni səhifəsinin açılması deməkdir. Prezident İlham Əliyevin sərəncamı ilə yaradılmış və tərkibinə aidiyyatı qurumların əməkdaşlarının daxil olduğu Dövlət Komissiyasının üzvləri kütləvi məzarlığın aşkarlandığı ərazidə zəruri axtarış işləri aparıblar.

Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Xüsusi istintaq şöbə­sinin rəisi, baş ədliyyə müşaviri Emil Tağıyev bununla bağlı “Xalq qəzeti”nin suallarını cavablandırıb.

– Əvvəlcə, aşkarlanan kütləvi məzarlıq barədə məlumat verməyi­nizi xahiş edirik. Bununla bağlı qa­zıntı işləri nə zaman həyata keçirilib və məzarlıq Şuşanın hansı ərazisin­də yerləşir?

– Vətən müharibəsindən sonra it­kin düşdüyü hesab olunan şəxslərin işğaldan azad edilmiş ərazilərdə me­yit qalıqlarının axtarışı və tapılması Prezident İlham Əliyevin daim diqqət mərkəzində olub. Dövlət başçımız istər xarici ölkələrə səfərləri zamanı, istərsə də beynəlxalq təşkilatların rəhbərləri ilə keçirdiyi görüşlərdə, o cümlədən Brüs­sel formatında aparılan danışıqlarda ölkəmiz üçün prioritet məsələlərdən birinin məhz itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi olduğunu qeyd edib. 

2021-ci ildə BMT Baş Assambleya­sında çıxış edən Prezident İlham Əli­yev, həmçinin itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi, o cümlə­dən onların basdırıldığı kütləvi məzar­lığın tapılması ilə bağlı da məsələyə toxunub. Məhz dövlət başçımızın tap­şırığına əsasən, işğaldan azad edilmiş ərazilərdə Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərin me­yit qalıqlarının axtarışı prosesinə start verilib. Həmin axtarış işlərindən biri də Şuşa şəhərindəki keçmiş həbsxa­nanın ərazisində aparılıb. Axtarış təd­birləri may ayından başlanıb və 3 ay davam edib.

– Orada ehtimal edilən neçə insan qalıqları var?

– Bu günədək Şuşa həbsxanasının ərazisində aparılan axtarış tədbirləri nəticəsində kütləvi məzarlıqdan, ən azı, 31 şəxsə aid insan meyit qalıqları aşkar edilib.

– Ekspertiza nəticəsində insan qalıqlarının kimlərə aid olduğunu müəyyən etmək mümkündürmü?

– Təbii ki. İstər Şuşa həbsxanasın­da, istərsə də digər ərazilərdə aşkar edilən hər bir insan meyit qalıqları ilə bağlı tədqiqat işləri aparılır. Yəni, onlar məhkəmə tibbi kriminalistik ekspertiza­sı ilə yanaşı, məhkəmə molekulyar-ge­netik ekspertizasından (DNT) keçirilir. Məhkəmə molekulyar-genetik eksperti­zasının nəticəsinə əsasən, həmin me­yit qalıqlarının Birinci Qarabağ mühari­bəsi dövründə itkin düşmüş şəxslərdən kimlərə məxsus olması dəqiq müəyyən ediləcək.

– İstintaq Şuşa həbsxanası ərazi­sində qalıqları aşkarlanan şəxslərin hansı şəraitdə və dövrdə qətlə yeti­rildiyi qənaətindədir?

– Qeyd etdiyim kimi, onların qətlə yetirilmə tarixi, qalıqların kimə məx­sus olması və digər xüsusatlar, təbii ki, məhkəmə-tibbi tədqiqatlardan sonra bilinəcək. Amma kütləvi məzarlıqların aşkar edildiyi ərazilərdə insan meyit qalıqlarına aid sümüklərə baxış ke­çirilən zaman, həmçinin Respublika Hərbi Prokurorluğunda bununla bağlı istintaq olunan cinayət işinin material­larından və cinayət işinin materialları üzrə toplanmış sübutlardan məlum olur ki, həmin şəxslər Şuşa həbsxa­nasında saxlanıldıqları müddətdə qəd­darcasına, yəni, döyülməklə, işgəncə verilməklə, başları kəsilməklə və digər vəhşi üsullardan istifadə edilməklə qət­lə yetiriliblər. Məsələn, üzərlərinə itlər buraxılıb, halsız, yaralı vəziyyətdə olan soydaşlarımız yem kimi donuzların qarşısına atılıb. Elə Şuşa həbsxana­sının ərazisində də orada saxlanılan digər soydaşlarımıza torpağı qazdır­maqla basdırıblar.

– Respublika Hərbi Prokurorlu­ğunda aparılan istintaq nəticəsində bu cinayətləri törədənlərin kimliyini müəyyən etmək mümkün olubmu? Onların adlarını açıqlaya bilərsiniz­mi?

– 1988-сi ildən başlayaraq, Qara­bağdakı qanunsuz erməni silahlı birləş­mələri və Ermənistan silahlı qüvvələri tərəfindən yerli azərbaycanlı əhaliyə qarşı törədilmiş sülh və insanlıq əley­hinə, müharibə cinayətlərinin araşdı­rılması məqsədilə 2003-cü il dekabrın 18-də baş prokuror, daxili işlər və milli təhlükəsizlik nazirlərinin birgə əmri ilə istintaq-əməliyyat qrupu yaradılmış və 2005-ci il mayın 5-də Azərbaycan Respublikasının hərbi prokuroru Xan­lar Vəliyevin təşəbbüsü ilə həmin istin­taq-əməliyyat qrupu tərəfindən araşdı­rılması aparılan cinayət işinin istintaqı Respublika Hərbi Prokurorluğuna tap­şırılıb. Cinayət işinin məhz Respublika Hərbi Prokurorluğunda araşdırıldığı müddətdə işin həcminin böyüklüyü, araşdırılmalı olan xüsusatların, o cüm­lədən zərərçəkmiş, təqsirləndirilən, şübhəli şəxslərin sayının çoxluğu nəzərə alınaraq, həmin cinayət işinin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, bey­nəlxalq hüquq normalarına, Cinayət Məcəlləsinin və Cinayət-Prosessual Məcəllənin tələblərinə uyğun aparılma­sı məqsədilə iş üzrə beş əsas istiqamət müəyyən edilib. Bunlar Azərbaycan xalqına qarşı Meşəli, Xocalı, Cəmilli, Qaradağlı və digər yaşayış məntəqələ­rində törədilmiş soyqırımları, əsir düş­müş və girov götürülmüş şəxslərə qarşı işgəncə, terror, dövlətə və vətən­daşlara vurulmuş ziyan və müasir döv­rdə milli ədavət və düşmənçilik niyyə­tilə baş vermiş xüsusilə ağır cinayətlər kimi istiqamətlərdir.

Cinayət işinin istintaqı zamanı 305 şəxsin Cinayət Məcəlləsinin soyqırımı, deportasiya, işgəncə, müharibə adət və qanunlarını pozma və digər mad­dələrində nəzərdə tutulan cinayətləri törətmələri müəyyən edildiyindən hə­min şəxslər qeyd etdiyim maddələrlə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, barələrində məhkəmələr tərəfindən həbs qətimkan tədbiri se­çilib və axtarışlarının təmin edilmə­sindən ötrü müvafiq sənədlər aidiy­yatı qurumlara göndərilib. Axtarışa verilmiş adamların arasında Seyran Ohanyan, Robert Koçaryan, Yevge­ni Nabokix, Valeri Çitçyan kimi Xoca­lı qatilləri də var. Onu da qeyd etmək istəyirəm ki, axtarışa verilmiş şəxs­lərdən Ermənistan Respublikasının 4 vətəndaşı – Lüdvik Mkrtıçyan, Alyoşa Xosrovyan, Karen Qazaryan və Arsen Baqdasaryan Azərbaycan Respubli­kasının ərazisində təxribat, terror, əsir və girovluqda saxlanılan azərbaycanlı­lara qarşı işgəncə və digər cinayətlər törətmələri müəyyən edildiyindən hə­min şəxslər cinayət məsuliyyətinə cəlb edilmiş, barələrində olan cinayət işləri üzrə ibtidai istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib. Məhkəmələr tərəfindən hər bir şəxs barəsində müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalarına dair hökmlər çıxarılıb.

Yeri gəlmişkən, Meşəli soyqırımın­da iştirak edən şəxslərdən biri Vaqif Xaçatryanın iştirakı ilə cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir. Qısa müddətdə həmin cinayət işinin onun barəsində olan hissəsi yekun­laşdırılaraq baxılması üçün məhkəmə məsuliyyətinə veriləcək.

– Xaçatryanın cinayət işi üzrə hansı yenilik var?

– Hazırda istintaq davam edir. Təbii ki, yenilik var. Meşəli soyqırımında və digər cinayətlərdə onun iştirakı müəy­yən olunub. Hazırda intensiv istintaq hərəkətləri davam etdirilir. Yəqin ki, iş məhkəmə baxışına keçəndən sonra bu barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

– O, özünü təqsirli bilirmi?

– Bu, istintaq sirridir. Yalnız iş ye­kunlaşdırıldıqdan sonra açıqlana bilə­cək.

– Məlumdur ki, Birinci Qarabağ müharibəsi zamanı 4 minədək Azər­baycan vətəndaşı itkin düşüb. Küt­ləvi məzarlıqların aşkarlanması ilə itkin düşmüş şəxslərdən daha bir qisminin taleyinə aydınlıq gətirildi­yini demək mümkündürmü?

– 1988-ci ildən başlayaraq, ermə­nilərin törətdikləri cinayətlərin sayı-he­sabı yoxdur. Həmin dövrdən etibarən ermənilər tərəfindən yalnız milli mən­subiyyətinə görə, 20 minə yaxın azər­baycanlı qətlə yetirilib, 19 mindən artıq şəxs yaralanıb, 877 yaşayış məntəqəsi qarət edilərək dağıdılıb, yandırılıb. 1 milyondan artıq əhali qaçqın və məc­buri köçkünə çevrilib. Həmin dövrdə 1480 azərbaycanlı əsirlikdə saxlanıl­dıqları müddətdə işgəncə və digər qəd­dar, qeyri-insani rəftara məruz qalıb, 3890 nəfər itkin düşüb. İtkin düşənlərin işğaldan azad edilmiş ərazilərdə axta­rışı davam etdirilir. Yəni, insan sümük qalıqlarının müəyyən hissəsi tapılıb, qalan hissəsinin də axtarışı istiqamə­tində işlər görülür.

– İndiyədək işğaldan azad edil­miş Ağdam rayonunun Sarıcalı, Şuşa rayonunun Daşaltı, Xocavənd rayonunun Edilli, Xocalı rayonunun Fərrux, Füzuli rayonunun Yuxarı Seyidəhmədli, Kəlbəcər rayonunun Başlıbel kəndlərində və digər yaşa­yış məntəqələrində kütləvi məzarlıq­lar aşkar edilib. Bunlarla bağlı nələri qeyd edə bilərsiniz?

– Vətən müharibəsindən sonra iş­ğaldan azad edilmiş ərazilərdə apa­rılan axtarış tədbirləri nəticəsində sa­daladığınız yaşayış məntəqələrində aşkar edilmiş kütləvi məzarlıqlardan, ümumilikdə, 480-dən çox insan meyiti qalıqları aşkar edilərək götürülüb. Hə­min qalıqların Birinci Qarabağ mühari­bəsi dövründə itkin düşmüş şəxslərlə eyniləşdirilməsinin aparılması məqsə­dilə məhkəmə tibbi kriminalistik eks­pertizası ilə yanaşı, 300-ə yaxın məh­kəmə molekulyar-genetik ekspertizası təyin edilib. Hazırda müəyyən müsbət nəticələrimiz var. Bununla bağlı yaxın günlərdə ictimaiyyətə əlavə məlumat veriləcək.

Müsabəni apardı:
Səxavət HƏMİD,
“Xalq qəzeti


Müsahibə