Bu məsələdə yerli və xarici ekspertlərin fikirləri üst-üstə düşür
Bu gün BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxarılacaq məsələnin hansı sonluqla bitəcəyi, nə kimi qərarın veriləcəyi əvvəlcədən bəlli olmasa da, hadisələrin gedişi və xarakteri müəyyən qənaətlərə gəlməyə imkan verir. Deməli, Ermənistanın Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni azlığının, guya, “blokada” vəziyyətində qalması, rəsmi Bakının onları ətraf mühitdən təcrid etməsi, “humanitar böhran”la üz-üzə qoyması iddiasına BMT Təhlükəsizlik Şurasında baxılır.
İrəvanın bu uğursuz cəhdi uzun müddətdir beynəlxalq ictimaiyyətə ötürdüyü dezinformasiyaya “söykənən” ideoloji təxribat mexanizminin tərkib hissəsidir. Nikol Paşinyan iqtidarının bu feyk-təbliğatı beynəlxalq hüquqi müstəviyə çıxarmaqda məqsədi Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərin cəmiyyətimizə reinteqrasiyasına mane olmaq, Xankəndidəki separatçı-xunta rejimini dəstəkləməklə “ömrünü uzatmaq”, onların bu prosesdən “qalib” tərəf kimi çıxmasını təmin etməkdir. Təbii ki, bu məqsədin altında İrəvanın Qarabağda girov saxladığı erməni azlığa özünün təsir və təzyiq inkanlarını artırmaq niyyəti də gizlənir.
Bəs, BMT TŞ-də qeyd etdiyimiz debat nə ilə nəticələnə bilər? Bu beynəlxalq tribunada ermənilərin uduşa nailolma ehtimalı nə qədərdir? Bununla bağlı həm yerli, həm də xarici siyasi ekspertlərin proqnoz-fikirlərini oxucularımızla bölüşürük.
* * *
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin başçısı, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycan–ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Səməd Seyidov qeyd edir ki, Ermənistanın bu addımı onu təxribatçı siyasətinin növbəti elementidir və o, son vaxtlar bununla hədsiz dərəcədə qeyri-konstruktiv mövqe nümayiş etdirməkdədir: “Ağdam–Xankəndi yolu ilə bağlı əldə edilmiş qarşılıqlı razılaşmadan 24 saat sonra boyun qaçırması, ardınca BMT-yə müraciət etməsi bir daha onu göstərir ki, Ermənistandakı mövcud hakimiyyət Qarabağdakı yerli erməni əhalisini çoxdan girova çevirmiş separatçıların ideyalarından asılı vəziyyətə düşüb. Təəssüf ki, burada İrəvan iqtidarının revanşizmə meyillənməsi də öz rolunu oynayır və indiki mərhələdə bu “səddi” aşmaq onun üçün çətindir.
BMT TŞ-da nə baş verəcəyindən asılı olmayaraq, aşağıdakıları qeyd etmək istərdim: Birincisi, Azərbaycanın yaratdığı reallığı dəyişmək mümkün deyil; ikincisi, qəbul ediləcək istənilən sənəd – qətnamə, müraciət, qərardad, əgər bu gün regiondakı mövcud gerçəkliyə cavab verməyəcəksə, onu təsdiqləyəcək təşkilatın beynəlxalq qanun və prinsiplərinə zidd olacaq. Buna görə belə bir sənədin qəbulolunma perspektivinə heç inanmıram”.
* * *
Müasir Dövlət İnkişafı İnstitutunun direktoru, politoloq Dmitri Solonnikov hesab edir ki, Qarabağdakı “humanitar böhran”la bağlı Ermənistanın müraciətinə baxacaq BMT Təhlükəsizlik Şurası ABŞ-ın sifarişini yerinə yetirir. Onun sözlərinə görə, bölgədə sülhün bərqərar olması Ermənistan baş naziri Nikol Paşinyanın maraqlarına uyğun deyil: “Paşinyan və BMT daxil olmaqla, dünyanın aparıcı siyasi təşkilatlarının əksəriyyəti ABŞ-ın siyasi xəttini dəstəkləyir. Azərbaycanla sərhədlərin müəyyən edilməsi ilə bağlı razılaşmanın əldə olunmasına dair cəhdlər Ermənistanın maraqlarına xidmət etsə də, Paşinyanın mövqeyi erməni sakinlərinin maraqları ilə üst-üstə düşmür. İkinci Qarabağ müharibəsindən sonra Ermənistan üçün imkanlar yaranmışdı. Buraya sülh sazişini imzalamaq, təcriddən çıxmaq və iqtisadiyyatı inkişaf etdirmək daxil idi. Bütün bunlar erməni xalqının maraqlarına cavab verirdi. Amma bunlar Ermənistan rəhbərliyinin maraqlarına uyğun deyil”.
Rusiyalı siyasi ekspert bu qənaətdədir ki, BMT Ermənistanın müraciətinə lazımi diqqət yetirməyəcək, amma qalmaqal yaradılacaq: “Təhlükəsizlik Şurasının azı iki daimi üzvü – ABŞ və Fransa bu məsələni fəal şəkildə modelləşdirəcək. Əlbəttə ki, Fransa müstəmləkəçi kimi qəbul olunduğu Şimali Afrikadakı problemlərini nəzərdən keçirməkdə maraqlı deyil. Buna görə də onlara “sülhməramlı” rolunu oynadıqları başqa bir vəziyyətə nəzər yetirmək daha çox sərf edir”.
* * *
Azərbaycanın keçmiş Xarici işlər naziri Tofiq Zülfüqarovun sözlərinə görə, Azərbaycanın əlində BMT TŞ-dakı diskussiyalarda istifadə edəcəyi dəmir-beton kimi möhkəm arqumenti var. Bu, humanitar yüklərin daşınması üçün Ağdam yolunun açıq olmasıdır: “Buna görə hesab edirəm ki, bu, bir növ ermənilərin açdığı boş atəşdir və müzakirələrdən sonra BMT TŞ sadəcə hər iki yoldan istifadə olunmasını tövsiyə edəcək… Ermənistan tərəfinin 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata istinadən irəli sürdüyü “yoldan sərbəst və maneəsiz istifadə” arqumenti olduqca zəifdir. Onu da unutmayaq ki, həmin üçtərəfli sənəddə Laçın yoluna münasibətdə “yoldan sərbəst və maneəsiz istifadə” öhdəliyi nəzərdə tutulmayıb. Orada maneəsiz əlaqə yaratmaq öhdəliyi kimi yalnız Azərbaycanın qərb rayonlarını Naxşıvanla birləşdirən yol, yəni Zəngəzur dəhlizi göstərilir”. T.Zülfüqarov hesab edir ki, müzakirələrin sonunda BMT TŞ-nın sədrinin bəyanatından başqa heç nə qəbul edilməyəcək: “Burada isə tərəflərə mövqelərini yenidən korrektə etmək tapşırığı öz əksini tapa bilər”.
* * *
Beynəlxalq münasibətlər üzrə pakistanlı analitik Xalid Taymur Əkrəm Laçın yolundakı sərhəd-buraxılış məntəqəsi ətrafında yaranmış mövcud vəziyyəti şərh edərkən deyib ki, Azərbaycanın Laçın sərhəd nəzarət-buraxılış məntəqəsi vasitəsilə əvvəlcədən razılaşdırılmamış yüklərin, maşın karvanının keçməsinə icazə verməməsi bu ölkənin suveren hüququdur: “Azərbaycan Qarabağın erməni sakinlərinin humanitar yüklərlə təmin edilməsi üçün Ağdam-Xankəndi yolundan istifadə olunmasını təklif edib”.
“Azərbaycan dəfələrlə humanitar yüklərin daşınması üçün alternativ yoldan istifadə variantını təklif etsə də, Qarabağdakı separatçılar nümayişkaranə şəkildə bu yolu beton bloklarla bağlayıblar. Ermənistandan gələn istənilən yükün onun ərazisinə buraxılıb-buraxılmaması ilə bağlı qərarın verilməsi məhz Azərbaycanın suveren hüququdur. Yəni, başqa heç bir ölkənin onun daxili işlərinə qarışmaq hüququ yoxdur”.
* * *
“Gənc Diplomatlar” Təşkilatının prezidenti, Meksika Konqresinin keçmiş texniki katibi, politoloq Maurisio Tafoya:
– Erməni separatçıların məqsədi Bakı və İrəvan arasında danışıqları pozmaq və sülh sazişinin imzalanmasına əngəl törətməkdir. Onlar heç vaxt Azərbaycanla sülh sazişi əldə etməkdə maraqlı olmayıblar. Erməni separatçılar hər zaman danışıqlarda irəliləyiş olmamasının yolunu axtarır və elə buna görə də işləri Laçın sərhəd postunda olduğu kimi, təxribat törətməkdir. Bununla da ərzaq, təcili yardım xidmətlərinin əraziyə keçidini əngəlləmək istəyirlər. Bu isə açıq şəkildə onların beynəlxalq sərhəd qanunlarını pozduğunu göstərir. Azərbaycanın isə onların qanunsuz əməllərinin qarşısını almaq üçün Laçın yolunda post qurmağa tam haqqı çatır. Çünki Qarabağ Azərbaycanın suveren ərazisidir.
Bu gün İrəvanın niyyətinin media və bəzi insanları satın almaqla uydurduqları yalanı yaymaq və nəticədə Azərbaycanın real düşmən kimi davrandığını göstərmək olduğunu deyən meksikalı politoloq fikrini belə yekunlaşdırır: “Ermənistan Laçın yolu məsələsini BMT Təhlükəsizlik Şurasına çıxara bilər, lakin reallıq odur ki, əsassız versiyalar irəli sürürlər. Bu gün Azərbaycan sülh sazişi ilə bağlı danışıqlarda nəticə əldə etməkdə çox maraqlıdır, çünki Qafqaz regionunda sabitlik istəyir. Ancaq fikrimcə, erməni separatçı qruplar mövcud olduğu müddətdə sülh sazişinə nail olmaq mümkün deyil”.
Hazırladı:
İmran BƏDİRXANLI, “Xalq qəzeti”






