Təhlükəsizlik Şurası erməni avantürizminə “yox!” deməlidir
BMT-nin Təhlükəsizlik Şurası bu gün Qarabağdakı humanitar vəziyyəti müzakirə edəcək. O da məlumdur ki, müzakirə Ermənistanın avqustun 12-dəki müraciəti əsasındadır. Əslində, ilk baxışdan nəzərdən keçiriləcək heç nə olmamalıdır. Yəni, İrəvanın irəli sürdüyü cəfəngiyyatdır və ona görə ayrıca iclas çağırmağa, özü də onu fövqəladə qismində təqdim etməyə ehtiyac əsla yoxdur. Çünki Qarabağ ölkəmizin ərazisidir və hazırkı durumda haqqı pozulan tərəf varsa, o da Azərbaycandır…
Onu da deməliyik ki, belə bir müzakirənin olacağı proqnozlaşdırılan idi. Çünki bir neçə gün əvvəl BMT-nin İnsan Hüquqları Şurasının bəzi xüsusi məruzəçilərinin və müstəqil ekspertlərin ermənipərəst fəallıqlarını görmüşdük. Onlar, guya, Azərbaycan tərəfindən Laçın yolunun blokadada saxlandığını və Qarabağda “gərgin humanitar vəziyyət” yarandığını car çəkmişdilər. Necə deyərlər, ardı gəlməli idi və gəldi də. Görünür, Ermənistan hakimiyyətinin həmin ekspert və məruzəçilərlə “işbirliyi” nəticəsini verdi.
44 günlük müharibədən sonra həm ölkəmizin dövlət qurumlarının nümayəndələrinin bölgədəki ekoloji durumu qiymətləndirmək istəklərinin qarşısının alınması, həm də digər çoxsaylı maneələr, indi isə Ağdam–Xankəndi yolunun kəsilməsi onu deməyə əsas verir ki, erməni separatizmi suveren haqlarımızın gerçəkləşməsinə maneçilik törədir. Bunu görməmək üçün yalnız kor olmaq lazımdır.
Təəssüf ki, dünyanın bəzi qütbləri, sözün əsl mənasında, kordurlar. Nəinki kordurlar, eyni zamanda, ikili standartlardan çıxış edərək, aşkar ermənipərəstliyə yuvarlanır, bununla da İrəvana ümid verirlər. Əslində, buna ümid demək doğru olmaz. Ermənistan illüziya bataqlığında boğulur, reallıq hissini itirir. Nəticədə, Cənubi Qafqazda sülhün yaranması uzanır.
Bəli, BMT Təhlükəsizlik Şurasında bu gün keçiriləcək müzakirə də mahiyyətcə erməni illüziyasını daha da dərinləşdirən addımdır. Ola bilər, hansısa qüvvələr elə məhz bunu hesablayırlar. Düşünürlər ki, İrəvan, məşhur Azərbaycan filmində deyildiyi kimi, barıtı çox eləsin və özünü yandırsın. Hər bir halda bildirməliyik ki, cəfəngiyyatın BMT kimi qurumun ali orqanına – Təhlükəsizlik Şurasına daşınması təşkilatın nüfuzu baxımından müsbət heç nə vəd etmir.
***
Ancaq bunu deməkdən keçib. Çünki BMT müasir dövrdə ən böyük rüsvayçılığını qurumun Təhlükəsizlik Şurasının 30 aprel 1993-cü il tarixli 822, 29 iyul 1993-cü il tarixli 853, 14 oktyabr 1993-cü il tarixli 874 və 12 noyabr 1993-cü il tarixli 884 saylı qətnamələri otuz ilə yaxın müddətdə icra olunmayanda yaşayıb. Yəni, erməni məsələsi ona bu qədər ağır zərbə vurub. İndi BMT-nin rəhbər şəxsləri yaxın tarixi yaddan çıxarırlarsa, deyiləcək heç nə yoxdur. Buyurub erməni avantürizminə istədikləri qədər qol-qanad verə bilərlər.
Fakt budur ki, hazırda Azərbaycan özünün Qarabağ üzərindəki suveren hüquqlarına sahib çıxa bilmir. Buna səbəb Ermənistan rəhbərliyinin qeyri-konstruktivliyi, reallıqları qəbul etməməsi, sülhdən yayınmasıdır. Bu yerdə Qarabağ ermənilərinin, guya, humanitar fəlakətlə üzləşmələri kimi siyasi motivlər uydurmadır. Əgər hansısa qurum, o cümlədən BMT-nin Təhlükəsizlik Şurası bununla bağlı fərqli mövqe tutacaqsa, ilk növbədə, beynəlxalq hüquq normalarına aşkar sayğısızlıq edəcək. Əlbəttə, güman edirik ki, bugünkü iclasda belə bir hal qeydə alınmayacaqdır.
***
Digər məqama diqqət yetirək. Məlum olduğu kimi, Ermənistan istər 44 günlük müharibə dönəmində, istərsə də ondan sonra özünün məkrli siyasətini beynəlxalq tribunlara daşımaq yolu tutmaqdadır. Ancaq heç vaxt istədiyi nəticəni əldə edə bilmir. Əlbəttə, bu, asan başa gələn proses deyil. Azərbaycan diplomatiyası mövcud istiqamətdə böyük əmək sərf edir. O da nəzərə alınmalıdır ki, yalnız haqlı olduğunu bilmək kifayət etmir, əsas məsələ haqqı müdafiə etməkdir.
***
Bilavasitə Ermənistanın iddialarının BMT-nin Təhlükəsizlik Şurasının müzakirəsinə çıxarılmasına gəlincə isə, onu deməliyik ki, İrəvan ötən il quruma iki dəfə üz tutmuşdu. Bunlardan biri sentyabrda, digəri isə dekabrda qeydə alınmışdı. Birincini fərqli edən ona “patronajlığın” Fransa tərəfindən gerçəkləşdirilməsi idi.
Beləliklə, sentyabrın 16-da baş tutmuş toplantıdakı mövzu Azərbaycan və Ermənistan sərhədində yaranan gərgin vəziyyət olmuşdu. İclasda müzakirələr açıq rejimdə aparılmış, Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyevin və Ermənistanın BMT-dəki daimi nümayəndəsi Mher Marqaryanın çıxışları dinlənilmişdi. Daha sonra ayrı-ayrı ölkələrin təmsilçiləri öz fikirlərini diqqətə çatdırmış, mövqelərini açıqlamışdılar.
Həmin vaxt Fransanın və Hindistanın nümayəndəsi Ermənistana dəstək ifadə etmişdi. Çin, ABŞ, Rusiya, İrlandiya və sair ölkələri təmsilçiləri isə ümumi ifadələrlə kifayətlənmiş, Azərbaycanı və Ermənistanı gərginlik yaratmamağa, dialoqa səsləmişdilər. Müzakirələrdən sonra iclas başa çatmış, qətnamə qəbul olunmamış, sadəcə təklif və tövsiyə xarakterli mesajlar ön planda olmuşdu.
***
Ermənistanın iddiası ilə BMT-nin Təhlükəsizlik Şurasında ötən ilin dekabrın 20-də keçirilmiş Laçın yolundakı vəziyyətə dair müzakirə də sentyabrın 16-da gerçəkləşmiş müzakirənin təkrarı olmuşdu. Orada da ümumi fikirlər səslənmiş, Ermənistan gözlədiyi nəticəni əldə edə bilməmişdi.
Müzakirələr zamanı Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev Laçın yolunun ölkəmiz tərəfindən bağlanması, erməni sakinlərinə qarşı "blokada" və "humanitar fəlakət" ilə bağlı Ermənistan tərəfinin iddialarını rədd etmişdi. İrəvanın mövcud müstəvidəki fiaskosunu şərtləndirən amillərdən biri də onun BMT strukturlarının Qarabağdakı vəziyyətlə yerində tanış olmaq üçün xüsusi missiya göndərməklə əlaqədar çağırışına əhəmiyyətsiz yanaşılması idi.
Bu yerdə həmin vaxt Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin BMT Təhlükəsizlik Şurasında Laçın yolunda vəziyyətlə bağlı müzakirələrə dair şərhindən kiçik bir hissəni diqqətə çatdıraq: "Ermənistanın bu qurumdan Azərbaycana qarşı manipulyasiya kampaniyası məqsədilə istifadə etmək cəhdlərinə baxmayaraq, BMT Təhlükəsizlik Şurasındakı müzakirələr Azərbaycanın haqlı narahatlıqlarını, o cümlədən Ermənistanın 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanat çərçivəsində üzərinə götürdüyü öhdəliklərlə bağlı qəsdən, davamlı və düzəldilməyən pozuntularla əlaqədar məsələləri qaldırması, habelə bununla əlaqədar beynəlxalq ictimaiyyətin daha geniş məlumatlandırılması üçün növbəti platforma olub”.
***
Bəli, ötənilki təcrübəni nəzərə alsaq, deyə bilərik ki, BMT-nin Təhlükəsizlik Şurasının Azərbaycan həqiqətlərinin bəyan edildiyi, Ermənistanın sülhdən yayınan, qeyri-konstruktuv mövqeyinin bir daha nümayiş olunacağı platforma kimi yadda qalacağına ümidlər böyükdür. Bu öz yerində.
Ümumən əsas olan isə BMT-nin ədalət sınağından necə çıxmasıdır. Nəzərə alsaq ki, qurum otuz ilə yaxın müddətdə özünün qətnamələrinin icrasına əhəmiyyətsiz yanaşaraq, faktiki olaraq ədalətsizliyə biganə qalıb, onun bundan sonrakı müddətdə Azərbaycan-Ermənistan münasibətlərinə prinsipial yanaşması, həqiqətləri və reallıqları əsas tutması şərtdir. BMT bu sayaq müzakirələrlə, necə deyərlər, erməni xəmirinin çox su aparmasına yol verməməlidir.
Ə.CAHANGİROĞLU, “Xalq qəzeti”

