“Humanitar karvan” təşkil olunmuş təxribatdır

post-img

Laçın yoluna dirənmiş “humanitar yük”ün daşıyıcısı “Spayka” şirkətinin həqiqi sahibi Ermənistanın ən ruspərəst prezidenti Robert Köçəryanın oğlu Sedrak Köçəryan imiş.

Dövlətin icazəsi olmadan onun əra­zisinə humanitar yardım adı altında kon­voy yeritmək cəhdi çağdaş tarixdə ilk ha­disə deyil. 9 il qabaq – 2014-cü ildə eyni hoqqanı Rusiya Ukrayna sərhədində çıxarıb. O vaxt Kiyev Rusiyanın Ukray­naya silah-sursat və terrorçu keçirəcə­yindən ehtiyatlandığına görə Moskvanın “humanitar yardım” adı verdiyi təşəbbüsü rədd edib.

Bəs onda Qərbin məsələyə müna­sibəti necə olub? ABŞ və Avropa İttifaqı birmənalı şəkildə Rusiyanın əməllərini qınayıb, Ukraynanın müdafiəsinə qalxıb.

Bolqarıstanın ingilisdilli “Sofia Globe” nəşri hazırda Ermənistanın humanitar yardım adı ilə bir yığın yük avtomobilini Azərbaycanın sərhədinə dirəməsinin də mahiyyətcə eyni hadisə olduğunu yazır. Əvvəla, nəşr bu hoqqanın da arxasında Rusiyanın dayandığına dair ehtimallar irəli sürür. Xatırladır ki, Ermənistanın Azərbaycanla sərhədə yığdığı yük avto­mobilləri Rusiya ilə sıx əlaqələrə malik “Spayka” şirkətinə məxsusdur: “Bu şirkə­tin həqiqi sahibinin isə Ermənistanın ən ruspərəst prezidenti Robert Köçəryanın oğlu Sedrak Köçəryan olduğunu əminlik­lə deyənlər var.

…Köçəryanın “Spayka”sı qaçaqmal­çılığı ilə məşhurdur. 2020-ci ilin Qarabağ müharibəsi zamanı “Spayka” Rusiyadan Ermənistana qanunsuz silah daşımaq­la məşğul olub. 2020-ci il oktyabrın 10-da Gürcüstan–Ermənistan sərhədində “Spayka”nın silah dolu yük avtomobilləri saxlanmışdı”.

Rusiya sülhməramlı kontingentinin Qarabağdakı erməni quldur dəstələrini silahlandırdığı haqda məlumatları mi­sal çəkən “Sofia Globe” nəşri bir daha vurğulayır ki, Ukraynanın şərqindəki separatizm nədirsə, Azərbaycanın Qa­rabağ bölgəsindəki separatizm də odur. Hər ikisi Rusiyanın xalqları əsarətdə sax­lamaq cəhdinin nəticəsidir: “Yük avtomo­billəri qalmaqalı da rus imperializminin bir təzahürüdür”.

Ancaq “Sofia Globe” bütün bunlara baxmayaraq, Qərbin Qarabağ ətrafın­dakı “humanitar yardım” oyununa fərqli münasibət sərgilədiyini, bəzi Qərb döv­lətlərinin, xüsusilə Fransa və ABŞ-ın er­məni diasporunun təsiri altında ruspərəst separatçıların tələblərini dəstəklədiyini qeyd edir.

“Sofia Globe” hesab edir ki, 2014-cü ildə Rusiya humanitar yardım bəhanə­si ilə Ukraynaya yük avtomobilləri gön­dərəndə Qərb məsələyə necə reaksiya vermişdisə, indi də elə reaksiya vermə­lidir: “2014-cü ilin avqustunda NATO-nun baş katibi Anders Foq Rasmussen belə demişdi: “Rusiya konvoyunun humanitar yardım adı altında Ukraynaya girməsini qınayıram. Bu, Rusiyanın beynəlxalq öh­dəlikləri kobud surətdə pozmasıdır”.

“Rusiya hara, Ukraynaya yardım göstərmək hara?.. Bu səbəbdən gələcək­də Rusiyanın Ukrayna ərazisinə birtərəfli qaydada istənilən müdaxiləsi, o cümlə­dən humanitar yardım adı altında mü­daxiləsi yolverilməzdir” – bu da 2014-cü ilin avqustunda deyilmiş fikirdir. Müəllifi o vaxt ABŞ-ın BMT-də daimi nümayəndəsi olmuş Samanta Pauerdir.

“Rusiyadan Ukraynaya yük avtomo­billərinin göndərilməsi açıq-aşkar Ukray­na sərhədlərinin pozulmasıdır”. Avropa Komissiyasının rəsmisi Sebastyan Bra­bantın sözüdür.

“Sofia Globe” o vaxt ABŞ Prezidenti Barak Obama ilə Almaniya Kansleri An­gela Merkel arasında telefon danışığına dair press-relizdən də iqtibas gətirir: “İki lider razılığa gəldi ki, Ukrayna icazə ver­mədiyi halda Rusiyanın bu ölkəyə konvoy göndərməsi növbəti təxribat, suverenliyə və ərazi bötövlüyünə qəsddir”.

“Xalq qəzeti”

Siyasət