Hayların “yeraltı müharibəsi” davam edir

post-img

Ərazilərimizin minalardan təmizlənməsinə 30 il vaxt və 25 milyard ABŞ dolları tələb olunur

44 günlük müharibədə biabırcasına məğlub olmuş Ermənistan bu gün regionda sabitliyi və təhlükəsizliyi təhdid edən terrorçu ölkə olaraq qalmaqdadır. Şovinizm mərəzinə yoluxmuş haylar 30 ilə yaxın işğal altında saxladıqları Azərbaycan torpaqlarında misli görünməmiş vandalizm aktları törədiblər. Onların saysız-hesabsız cinayətləri sırasında Qarabağ və ətraf rayonlarımızdakı ərazilərimizin minalanması birinci yerdə gəlir. 

Bu torpaqları yağı düşməndən azad etsək də, hərbi işğal dövründə Qara­bağın hər qarışının dağıntıya məruz qalması, minaların basdırılması məc­buri köçkünlərin doğma yurdlarına təhlükəsiz qayıtmasına böyük əngəl­lər yaradır. Bakının çoxsaylı tələb və təkidlərindən, beynəlxalq təşkilatların müraciətlərindən sonra İrəvanın təqdim etdiyi minalanmış ərazilərin xəritələri­nin dəqiqliyi cəmi 25 faizə bərabərdir. Hətta, bu məsələdə də ermənilər məkr­li niyyətlərindən əl çəkməyiblər. Yəni onların məqsədlərindən biri işğaldan azad olunmuş ərazilərimizdə dinc hə­yatın, bərpa-quruculuq işlərinin başlan­masına, soydaşlarımızın öz yurdlarına qayıtmasına mane olmaqdır. Onlar bu yolla həm də bölgədə gərginliyin ara­dan qalxmasına imkan verməməyə ça­lışırlar.

Dünya birliyi niyə susur?

Azərbaycan Prezidentinin kömək­çisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin mü­diri Hikmət Hacıyev ermənilərin mina terror ilə bağlı “X” sosial şəbəkəsində yazı paylaşıb. Şöbə müdiri qeyd edib ki, 2020-ci ilin noyabrından indiyədək 300-dən çox dinc azərbaycanlı məhz mina qurbanı olub. Ermənistanın Azər­baycanın işğaldan azad etdiyi ərazilə­rinə 1 milyondan çox mina yerləşdir­diyinə diqqəti yönəldən Prezidentin köməkçisi Azərbaycanın dünyada mi­nalarla ən çox çirklənmiş ölkələr sıra­sında olduğunu bildirib. Ermənistanın ölkəmizə qarşı mina terrorunu hələ də davam etdirdiyini vurğulayan H.Hacı­yev bu məsələdə beynəlxalq təşkilatla­rın susqunluğunun qəbuledilməz oldu­ğunu yazıb.

Beynəlxalq mütəxəssislərin hesab­lamalarına görə, Azərbaycana əra­zilərin minalardan tam təmizlənməsi üçün təxminən 30 il və 25 milyard ABŞ dolları vəsait lazımdır. Eyni zamanda, ölkəmiz tərəfindən həyata keçirilən monitorinqlər nəticəsində aşkar edilib ki, zərərsizləşdirilən minaların böyük əksəriyyəti Ermənistanda istehsalı olunub. Piyada əleyhinə aşkar edilən 1400 mina məhz bu qəbildəndir. Həmin minalar 2021-ci ildə Laçın yolu ilə Er­mənistandan Azərbaycana gətirilərək sərhədyanı ərazilərdə basdırılıb. Həm­çinin Azərbaycan Ordusunun bir hərbi mövqeyindən digərinə aparan yollar da separatçılar tərəfindən minalanıb. Bütün bu faktlar Ermənistanın 44 gün­lük Vətən müharibəsi başa çatdıqdan sonra törətdiyi cinayət əməllərinin kiçik mənzərəsidir.

Terror onların “milli nizamnamə”sində yazılıb

Ermənilərin “dənizdən-dənizə” uto­pik ideyasını irəli sürən və onu ger­çəkləşdirməkdən ötrü, hətta, terror faəliyyətini belə məqbul sayan “Daş­naksütyun” partiyasının nizamnamə­si bu gün özünü müstəqil sayan Er­mənistanın dövlət siyasətinə çevrilib, – desək, səhvə yol vermərik. Haylar bunu dəfələrlə sübuta yetiriblər. XXI əsrdə hayların mina terrorunu davam etdirməsi, günahsız insanların ölü­münə bais olması onun özünün terror­çu mahiyyətindən imtina etmədiyinin göstəricisidir. Bu gün Azərbaycanın Qarabağ iqtisadi rayonunda, Şərqi Zəngəzurda baş verən mina partlayış­ları onu sübuta yetirir ki, Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətindən uzaqdır. O, yenə terror aktları, təxribatlar törətmək yolu ilə öz mənhus niyyətini həyata keçirə­cəyinə inanır. 

Təəccüblüsü odur ki, vəziyyətdən xəbərdar olan beynəlxalq təşkilatlar, ayrı-ayrı ölkələrin parlamentləri, insan haqlarının müdafiəsi ilə məşğul olan qurumlar Azərbaycana qarşı davam etdirilən mina terroruna biganə qalıb­lar. Beynəlxalq qurumlar bu məsələdə Ermənistana ciddi təzyiq göstərməli, basdırdığı minaların dəqiq xəritələrini verməsini tələb etməlidirlər.

Bölgədə söz sahibinə çevrilmiş Azərbaycan dövləti bütün diplomatik səylərini cəmləyərək, dinc yolla böl­gədə sülhə, sabitliyə və təhlükəsizliyə nail olmağa, qonşuluq münasibətlərini bərpa etməyə, qan tökülməsinin qarşı­sını almağa çalışır. Üstəlik, məğlub Er­mənistana özünün xoşniyyətli, sülhmə­ramlı əlini uzadır. Amma görünən odur ki, düşmən məkrli niyyətindən hələ də əl çəkmək fikrində deyil. Elə mina ter­roru ilə mülki əhaliyə – dinc azərbay­canlılara qarşı davam etdirdiyi “yeraltı müharibə” onların vaz keçmədiyi vəh­şiliklərlərin əyani və dəqiq sübutudur.

İ.HƏSƏNQALA, “Xalq qəzeti”

Siyasət