Belə yerdə deyirlər: Adımı sənə qoyum...

post-img

Paşinyanın amerikalı “manıs” dostu Azərbaycan, Bakı, eləcə də Qarabağla bağlı yeni “kəşflər” edib 

Erməni mediasının “məşhur və dahi” kimi qələmə verdiyi Livan əsilli hay vokalçı, rok-müğənni, ABŞ-ın “System Of A Down” rok qrupunun solisti, 56 yaşlı Serj Tankian Nikol Paşinyanın köhnə dostu və onun baş nazir seçkilərində ən fəal dəstəkçilərindən olub. 

İndi bu rok-vokalçı özünün X mikrob­loqunda yazıb paylaşdığı mətndə ulu əc­dadları kimi, bir sıra tarixi yenilikləri “üzə çıxarıb”. Birinci yeniliyi odur ki, indiki Er­mənistan ərazisinin keçmişdə Azərbay­cana məxsus olduğunu deyən bizlər “qatı faşistlərik“. Çünki biz tarixi faktları təhrif edirik, paytaxt Bakının qədim Ermənistan torpağı olduğunu danırıq. O, bunları sa­dəcə yazmır, iddialarını “tarixi sənədlərlə “sübuta yetirir”: “1918-ci ilə qədər Azər­baycan adında ölkə olmayıb. Heç 1992-ci ilin yanvarına qədər də onu dövlət ola­raq dünyada tanımayıblar. Amma “Arsax” SSRİ-dən ayrılaraq müstəqil olduğunu 1991-ci ildə bəyan edib. Beləliklə, hüquqi nöqteyi-nəzərdən “Arsax” heç vaxt Azər­baycanın tərkib hissəsi olmayıb”. 

Bütün bunları musiqiçi-tarixçi-vokalçı fəhmi ilə “bəstələyən” Tankian açıqlama­sını hüquqi məsələlərlə də “zənginləşdi­rir”: “Arsaxın dövlət hüququ məsələsi həll olunan zaman bunun fövqəladə əhəmiy­yəti var. Ora heç vaxt Azərbaycanın se­paratçı bölgəsi olmayıb, ola da bilməzdi. “Arsax” Rusiyanın hegemonluğu altında olmuş muxtar vilayət statusunu daşıyıb. Qəddar Stalin onu Azərbaycan SSR-ə verənə qədər belə olub”. 

Rok-musiqiçinin xoruz səsi eşit­məyən bu tarixi açıqlamasından sonra ona “tutarlı faktlarla” cavab verməyə çətinlik çəkdiyimizdən, “məzən olsun”, yaxud “serji dəli, merji dəli, qırılmışın ha­mısı dəli” yazmaqdan özümüzü saxlaya bilmədik. 

İ.HƏSƏNQALA, “Xalq qəzeti”

Siyasət