Bu il 125 yaşını qeyd etdiyimiz Azərbaycan kinosu milli mədəniyyətimizin əsas özəklərindən biri olaraq qalır. Kinematoqrafiyamızın qarşısında duran vəzifələrin müəyyənləşdirilməsi bu sahə üçün daim aktualdır. Bir neçə ay öncə Bakıda ilk dəfə keçirilən Kino forumu da həmin məramla təşkil olunmuşdu.
“Xalq TV”-nin studiyasında Azərbaycan kinematoqrafiyasında öz dəst-xətti ilə xüsusi yer tutan görkəmli rejissor, ssenarist, “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif olunmuş Xalq artisti, Dövlət mükafatı laureatı, Avropa Kino Akademiyasının üzvü, Prezidentin fərdi təqaüdçüsü, professor Vaqif Mustafayevlə söhbətimiz çağdaş kinomuzun hazırkı durumu və perspektivləri, rejissorluq və kinematoqrafiya sənətinin özəllikləri haqqındadır. Biz həmçinin 70 yaşı tamam olan Vaqif müəllimin ömür tarixçəsini sərf-nəzər etdik, onun həyat yoluna və yaradıcılığının bəzi məqamlarına işıq saldıq.
– Vaqif müəllim, bu zirvədən dünyanı necə görürsünüz, hansı hissləri keçirirsiniz?
– Ən əsas hissim minnətdarlıqdır. Mən özüm də, nəslim-köküm də həmişə bu hisslə yaşayıb. Kim balaca bir yaxşılıq edibsə, körpüdən keçəndə yol veribsə, onu unutmamışıq. Məndə bir xüsusiyyət var: 1-ci sinif müəllimimə o vaxt necə münasibət bəsləyirdimsə, indi də elədir. Onu yenə görsəm, uşaqlığımdakı həyəcan və hörmətlə qarşılayacam. Dediyim odur ki, həyatım boyu mənim formalaşmağımda rolu olan hər bir şəxsə minnətdaram. Çünki uğurlarımı onların sayəsində qazanmışam.
Necə unuda bilərəm ki, Ulu öndər Heydər Əliyev 2003-cü ildə Klivlend xəstəxanasında olduğu vaxt mənə “Şöhrət” ordeni verilməsi ilə bağlı sərəncam imzalayıb və deyib ki, biz burdayıq, birdən orda Vaqifi yada salan olmaz. İndi təsəvvür edin ki, Ulu öndər – o miqyasda mötəbər bir şəxsiyyət elə çətin vəziyyətində adi bir rejissoru yada salır və onu həvəsləndirmək üçün mükafatlandırır. Bax, budur dahilik.
O ki qaldı sənətimə, həyatın elə bir dövründəyəm ki, hərdən yaradıcılığımın yekunu kimi bir iş ortaya qoymaq istəyirəm. Xoşbəxtlikdən, mənə özüm haqqımda avtobioqrafik kitab yazmaq tapşırığı verilib. Həyatımda olub-keçənləri xatırlayıb, bir yerə yığmaq, ipə-sapa düzmək üçün xəyallara dalıram. Lakın tez də xəyal aləmindən ayrılıb, real həyata qayıdıram. Yəni ki, hər şeyi daha dərindən, ətraflı düşünmək gərəkdir.
– Həyat doğrudanmı gözəldir? “Hər şey yaxşılığa doğru”mu gedir?
– Həyat tam gözəl ola bilməz. Heç 100 faizlik xoşbəxtlik də yoxdur.
– Hələlik sonuncu olan filminiz belə adlanır: “Həyat, deyəsən, gözəldir”...
– Hə, “deyəsən” ola bilər. Hərdən nəsə baş verir, insan baxır və deyir ki, həyat, deyəsən, gözəldir. Amma həyatın hər anında xoşbəxtlik ola bilməz, çünki çətinliklər də olur, gözəl günlər də olur.
– Vaqif müəllim, sizin “Milli bomba”larınız “Yaramaz”lara. “Nakəs”lərə, “Fransız”lara necə təsir edir?
– “Milli bomba” və “Fransız”dan əvvəl “Bəyin oğurlanması”ndan başlayım. Mən Moskvada Ali Rejissorluq və Ssenaristlik kursunu (Eldar Ryazanovun emalatxanası) bitirib Vətənə dönəndə “Yaramaz” filminin ideyası ilə gəlmişdim. Lakin kinostudiyadan mənə bildirildi ki, planda olan film “Bəyin oğurlanması”dır. Rejissor filmi çəkməkdən imtina edib. Plan isə mütləq icra olunmalıdır. Əvvəl istəmədim, mənə dedilər ki, əgər bu işi görməsən, kinostudiyanın qapıları birdəfəlik üzünə bağlanacaq. Film dramatik opera janrında idi, mən isə komediya filmləri rejissorluğu ixtisasını bitirmişdim. Ona görə də mənə sərbəstlik verərək dedilər ki, ssenariyə istədiyin dəyişikliyi edə bilərsən. Düz 10 gün ssenarinin üzərində işlədim və filmi komediya janrına çevirdim. Daha sonra aktyor heyətini yığdıq. Demək olar, dövrün bütün usta aktyorları o filmdə rol alıb. İşimiz çox uğurlu alındı. Bu gün “Bəyin oğurlanması” Azərbaycan kinosunun incisidir. O ki qaldı sonrakı yaradıcılıq dövrümə, uşaqlıqdan güclü müşahidəçi olmuşam. “Yaramaz”, “Nakəs”, “Fransız” və s. filmlərimdə həyatda müşahidə etdiyim qüsurları öz üslubumda təqdim etməyə çalışmışam. Əgər kimsə bundan nəticə çıxarıbsa, bu da mənim üçün bir uğurdur.
– “Mozalan” satirik jurnalı üçün də 50-dən çox sənədli film çəkmisiniz. Həmin dövrlərin sizin yaradıcılığınıza nə kimi təsiri olub?
– “Mozalan” mədəniyyət aləmində çox böyük bir hadisə idi. Onun da banisi Heydər Əliyevdir. O istəyirdi ki, belə bir kinojurnal olsun və ordan baş verən neqativ hadisələri görsün. “Mozalan” da saat kimi işləyirdi. Bəxtim gətirdi ki, mən də ora düşdüm. Orda çox gözəl təşkil edilmiş redaksiya və yaradıcı heyətlə tanış oldum. Bir dəfə mənə bir süjet verildi. Bu, ilk işlərimdən biri idi. “Aynur” məişət evi haqqında sujet hazırlamalıydıq. Orda əhaliyə müxtəlif xidmətlər göstərilirdi: bərbər işi, saat təmiri, qısası, məişətə aid nə işin varsa, həll edə bilərdin. Baş redaktor Eyvaz Borçalı həmin məişət evindəki bəzi neqativ hallardan danışıb, bu baradə süjet hazırlamalı olduğumuzu dedi. Mən süjeti hazırladım və çox bəyənildi. Mənim üçün ən əsas olan isə bir neçə ay sonra Heydər Əliyevin Bakı şəhər konfransında bu süjetlə bağlı səsləndirdiyi fikirlər oldu. Dahi şəxsiyyət çıxışı zamanı bir çox mövzuya toxundu, sonra birdən “Mozalan” haqqında danışanda mən mat qaldım. Dedi ki, yoldaşlar çox maraqlı bədii üslubda “Aynur” məişət evində baş verən biabırçılığı göstəriblər. Afərin o, yoldaşlara. Elə bilirəm ki, məhz bu süjet mənim üçün sanki həyata vəsiqə oldu. Buna görə də “Mozalan”ın mənim yaradıcılığımda mühüm yer tutduğunu düşünürəm.
– Yeri gəlmişkən, Ulu öndər haqqında çox dəyərli sənədli filmlərin rejissoru və ssenaristisiniz. Bir qədər də bu barədə danışaq.
– Heydər Əliyev haqqında çəkdiyim filmlər yaradıcılığımda əsas yer tutur. Hərdən düşünürəm ki, bəlkə bu sənətə gəlməyəydim, bəlkə rejissor olmayaydım bəlkə, bəlkə… Elə ki Ulu öndərimiz haqqında çəkdiyim filmlər yadıma düşür, bütün o bəlkələrin üzərindən xətt çəkirəm, yaxşı ki rejissor olmuşam, yaxşı ki, bu sənət əsərlərini yaratmışam, – deyirəm. Ümummilli lider haqqında 12 sənədli filmim var və onların əksəriyyəti müxtəlif beynəlxalq festivallarda mükafatlara layiq görülüb. “Dövlət” 3 hissəli filmimdə dahi siyasətçi tərəfindən dövlətçiliyimizin qurulmasından bəhs edir. “Əsl məhəbət haqqında” filminin çəkilməsi isə Ulu öndərin öz təşəbbüsü idi. Mənə zəng edərək: – Gəl, həyatımı sənə danışım, film çək, – demişdi. Bu təklifin məni necə ruhlandırdığını sözlə ifadə edə bilmərəm. Heydər Əliyevin mənə bu qədər etimad göstərməsi, etibar etməsi, sənətimi qiymətləndirməsi qazandığım bütün uğurların ən əhəmiyyətlisidir.
– Vaqif müəllim, bir çox mükafatlar qazanmısınız. Maraqlıdır, evinizdə onları saxlamaq üçün xüsusi bir guşə varmı?
– Yox, hərəsi bir yerdədir. Çünki birlikdə saxlanmayacaq qədər çoxdur. Elə mükafatlarım var ki, onlar haqqında heç məlumat da yaymamışam, daha mühüm olanlarını sadalamışam. Yəni layiq görüldüyüm mükafatların sayı sizə məlum olanlardan daha çoxdur. Gürcüstan, Türkiyə, Amerika, Fransa, İtaliya, Serbiya və s. ölkələrdə müxtəlif mükafatlar qazanmışam. Amma mənim üçün ən əsas mükafat Ümummilli liderin 2003-cü ildə Klivlenddən – indi dərk edirik ki, necə çətin bir vəziyyətdə – yada salıb qiymətləndirməsidir. Ondan sonra Gürcüstanın da bir nömrəli dövlət təltifinə – “Şərəf” ordeninə layiq görüldüm. Mənim üçün dəyərli olan digər mükafat isə “Qorqud Ata” festivalında türk dünyasının ən yaxşı rejissoru adına layiq görülməyimdir. Mən orda dedim ki, burda baş verənlər mənə həyata keçmiş böyük bir arzumu xatırladır. Baxın, hər kəs öz dilində danışır, amma hamı bir-birini başa düşür.
– “Qorqud Ata” dediniz. Ürəyimdən keçdi, deyim ki, sizin böyük qayğıkeşiniz olmuş Ulu öndər elə xalqımızın Qorqud Atası olub, Dədə Qorqudumuz olub.
– Mən nə Ulu öndəri, nə də onun layiqli davamçısı İlham Əliyevi heç kiminlə müqayisə etmək istəmirəm. Çünki onlar misilsiz, bənzərsiz şəxsiyyətlərdir. Dədə Qorqud bədii obrazdır, Heydər Əliyev isə konkret xidmətləri olan real tarixi şəxsiyyət. Ya da 44 günlük Vətən müharibəsini götürək. Buna qədər Azərbaycan nə vaxt qələbə görmüşdü? Xatırlaya bilmirəm.
– Demək olar ki, olmayıb. Xüsusilə də, son 200 ildə ilk dəfə torpaq vermədik, aldıq.
– Elədir. Bu Böyük Zəfərlə torpaqlarımız qayıtdı. Öz iradəsi, dühası, qəhrəmanlığı ilə Azərbaycan tarixinin gedişini dəyişən Ali Baş Komandan bənzərsiz, böyük sərkərdədir. Bunu heç kim təkzib edə bilməz. Torpaqlarımız işğal altında idi, hər il hamı deyirdi ki, mənim ən böyük arzum gedib orda gəzməkdir, nə bilim, oxumaqdır, o torpağı öpməkdir. Hətta eləsi də vardı ki, deyirdi, təki gedib Qarabağı görüm, sonra ölüm. İndi artıq bu imkan yarandı, get, arzuladığın Qarabağı gör, amma ölmə.
Azərbaycanın bəxti onda gətirdi ki, hakimiyyətə Heydər Əliyev gəldi və İlham Əliyev onun davamçısı oldu. Ümummilli lider dilimizi, dinimizi, qürurumuzu bizə qaytardı. İlham Əliyev isə torpaqlarımızı işğaldan azad etdi. İndi bütün dünyada qalib xalq sayılırıq, başımızı dik tutub gəzirik.
Mən hesab edirəm ki, müasir Azərbaycanın tarixi Ulu öndərdən başlayır və cənab Prezident onu layiqincə davam etdirir.
Baxın, dahi liderdən öncə bizim ölkə tragikomik bir vəziyyətdə idi. Ulu öndər gəldi və hər şeyi kökündən dəyişdi. Dövlət qurulmağa başladı. Müharibəni dayandırdı, ordu qurdu. Əgər atəşkəs rejimi olmasaydı, hər şey tam başqa cür ola bilərdi. Atəşkəs dövründə Ulu öndərin formalaşdırdığı həmin o ordu tədricən müasirləşdirildi, modernləşdirildi və beynəlxalq aləmdə siyasi zəmin yaradılandan sonra cəmi 44 gündə düşmənimizin belini qırdı. İlham Əliyev Ulu öndərin bütün arzularını və xalqa verdiyi vədləri yerinə yetirdi.
– Müharibədən söz düşmüşkən, bir müddət öncə həmkarlarımdan birinə verdiyiniz müsahibədə dediniz ki, sizin “Fəryad” və “Hər şey yaxşılığa doğru” filmləriniz qələbə ümidi ilə bitir. İndi isə ümid artıq inama dönüb, inam isə konkret əməli həllini tapıb...
– “Fəryad”dan başlayaq. Bu filmin qəhrəmanı əsirdir, əlverişsiz bir şəraitdə yerləşdirilib. Amma unudulmaz aktyorumuz Ceyhun Mirzəyevin oynadığı qəhrəman mənəvi cəhətdən ermənilərdən yüksəkdir. Filmin sonunda ağ atlı oğlan gəlir və düşmənin başını qılıncla vurur. Ümid bu idi və belə də oldu. “Hər şey yaxşılığa doğru” filmində bütün film boyu qəhrəmanlar erməni əsgərinin tabutunu daşıyırlar və Yaşar Nurinin personajı deyir ki, qələbə bizimlədir. Bu cümlə 1997-ci ildə deyilmişdi və 2020-ci ildə həyata keçdi. Bu, mənim həm ümidim, bir rejissor kimi həm də əminliyim idi.
– Sizin “Hər şey yaxşılığa doğru” filminiz Texasda dünyanın ən yaxşı filmləri kataloquna daxil edilib. Bu barədə nə deyə bilərsiniz? Ümumiyyətlə, sizdən başqa heç bir azərbaycanlının filmi o kataloqa salınmayıb.
– Mənim filmim Almaniyanın “A” sinif festivalında 4 mükafata layiq görüldükdən sonra film digər festivallara göndərilib. Sankt-Peterburqdaki nümayişdə dahi italyan ssenaristi Tonino Querra filmi görüb və çox bəyənib. Məhz onun təşəbbüsü ilə “Hər şey yaxşılığa doğru” Texasda dünyanın ən yaxşı filmləri kataloquna salınıb.
– Siz indiyə qədər 5 prezidentin imzası ilə yüksək dövlət mükafatlarına layiq görülmüsünüz...
– Bəli. Təbii ki, mənim üçün ən qiymətli olan mükafatlar, bayaq dediyim kimi, Ulu öndərin verdiyi “Şöhrət” ordeni və möhtərəm Prezidentimizin verdiyi “Şərəf” ordenidir. Sonra Rusiyanın “Dostluq”, Gürcüstanın “Şərəf”, Serbiyanın “Qızıl bayraq” ordenləri gəlir.
– Bildiyimə görə, siz Xalq Təsərrüfatı İnstitutunu bitirmisiniz. Necə oldu ki, incəsənətə meyilləndiniz?
– Məktəbi bitirdikdən sonra sənədlərimi Sergey Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutuna göndərmişdim. Qəbul edilmişdi, mənə məktub gəlmişdi ki, imtahana gələ bilərsiniz. Lakin mən getmədim. Düşündüm ki, bu sahədə təcrübəm yoxdur. 5 il təhsil alsam da, yenə təcrübəsiz qalacağam. Ona görə də institutlar barədə məlumat kitabçasını açıb orda ən qısa müddətli təhsil verən müəssisəni axtardım. Gördüm ki, Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda iqtisadiyyat və xalq təsərüfatının planlaşdırılması fakültəsində təhsil 3 il 8 aydır. Oranı da seçdim. Təhsil müddətində böyük həyat təcrübəsi qazandım. Tələbəlik dövründə əldə etdiyim həmin təcrübə sonra “Mozalan”da köməyimə çatdı.
– Bir halda ki söz təhsildən düşdü, oxuculara xatırladaq ki, Vaqif Mustafayev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində kino rejissorluğundan dərs deyir. Növbəti sualım da elə bu barədədir. Vaqif müəllim, zəngin həyat və sənət təcrübənizi öyrətdiyiniz, “master klass” keçdiyiniz tələbələrə nə tövsiyə edərdiniz?
– Əvvəllər müəllimlik etmək istəmirdim, çünki daim hərəkətdə olan bir rejissoram, vaxtım az olur. Amma o vaxtkı rektor Fərəh xanım Əliyeva məni inandırdı ki, mütləq dərs deməli, peşə təcrübəmi gənclərə aşılamalıyam. Razılaşdım və o vaxtdan müəllimlik də edirəm. Artıq 3-cü seçim qrupa dərs deyirəm. Tələbələrimin yaxşı nəticələri var. Gözəl filmlər çəkiblər. İnana bilmirəm ki, bir vaxtlar “Sovetski” məhəlləsində tramvaydan sallaşan, “samokat” sürən mən indi professor olmuşam.
– Həm də bir çox beynəlxalq mükafatlara layiq görülməklə yanaşı, özünüz festivalların mötəbər münsiflər heyətlərində təmsil olunursunuz.
– Həm heyət üzvü, həm də sədr olmuşam. Rusiyada, Bolqarıstanda, Gürcüstanda müsabiqələrə rəhbərlik etmişəm. Qeyri-təvazökar çıxmasın, Moskvadakı Kino Evində, dolu zalda ilk azərbaycanlı kimi, vyetnamlı, çinli, bolqar tələbələrə “master klass”lar da vermişəm. Yəni insan gərək biliyini, təcrübəsini paylaşsın, əlindən gələni əsirgəməsin. Bu da bir borcdur: cəmiyyət qarşısında vətəndaşlıq borcu...
– Daha bir sual. Azərbaycan mədəniyyətinin sabahını necə görürsünüz?
– Bu sualı mənə çox verirlər. Cavabım nikbin olur. Çünki görürəm ki, bu sahədə böyük canlanma yaranıb, çoxlu faydalı tədbirlər keçirilir. Yeni heyət, qətiyyətlidir, konkret iş görməyi sevir. Nazirimiz vəzifə səlahiyyətlərinin icrasına bir missiya kimi baxır. Mən əvvələr heç bir məmur haqqında belə sözlər deməmişəm, ancaq indi bunu özümə borc bilirəm. Görürəm ki, Adil müəllim mədəniyyəti, kinonu qaldırmaqda, sənətkarlara, istedadlara diqqət göstərməkdə qərarlıdır. Deməli, mədəniyyətimizin sabahı daha gözəl olacaq.
– Maraqlı söhbətə görə çox sağ olun. Sizinlə fəxr edirik, qürur duyuruq. 100 yaşayasınız!
– Təşəkkür edirəm. Sonda yenə də minnətdarlıq hissinə qayıdıram. “Heydər Əliyev İli”ndə milli kinomuzun 125, kinostudiyamızın 100 yaşının, mənim də 70 yaşımın tamam olması, güman ki, tale işidir. Yada salan, sevən, izləyən hər kəsə minnətdaram.
Müsahibəni aldı:
Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”