İcma “Human Rights Watch” və “Amnesty International”dan dəstək gözləyir

post-img

Qərbi Azərbaycan İcması “Human Rights Watch” və “Amnesty International” təşkilatlarına məktublar göndərərək, Ermənistanın etnik təmizləmə aparması və qovduğu azərbaycanlıların öz evlərinə qayıtmalarının qarşısını alması nəticəsində azərbaycanlıların pozulmuş hüquqlarının bərpasında iştirak etmələrini xahiş edib. Müraciətdə bildirilir:

– Azərbaycanlı əhalinin Ermənistan­dan zorla qovulması insan ləyaqəti və bərabərlik prinsiplərinə xələl gətirməklə, beynəlxalq konvensiya və müqavilələrə zidd olmaqla, insan hüquqlarının çox­saylı və kobud pozuntulara səbəb olub. Ermənistan orada yaşamış azərbay­canlılara qarşı qırğın, terror, hədə-qorxu törətməklə, əmlaklarını qanunsuz ələ keçirməklə, onları təhlükə və ya az dəyərli varlıqlar kimi qələmə verən sis­temli təbliğat və insanlıqdan məhrumet­mə kampaniyası aparmaqla, onların hərəkət azadlığını və resurslara çıxışı­nı məhdudlaşdırmaqla etnik təmizləmə aparıb. 

Ermənistan hakimiyyət orqanları, həmçinin azərbaycanlıların qəbiris­tanlıqlarını, dini ocaqlarını, mədəni və tarixi abidələrini dağıdıb. Ermənistan hökuməti bunları törədərək azərbay­canlıları fiziki olaraq didərgin salmaqla kifayətlənməyib, həm də onların bir et­nos kimi izlərini o torpaqlardan silməyə cəhd edib. 1987–1991-ci illərdə Ermə­nistanın azərbaycanlılara qarşı apardığı etnik təmizləmə nəticəsində bu gün hə­min ölkədə bir nəfər də olsun azərbay­canlı qalmayıb. 

Məktubun davamında qeyd edilir ki, Ermənistan qovduğu yüz minlərlə azər­baycanlının geri qayıtmaq hüququnu təmin etməkdən imtina etməklə, onların iztirablarını daha da artırır: “Ermənistan dəfələrlə etdiyimiz çağırışlara baxma­yaraq, bizimlə insan hüquqlarımız möv­zusunda dialoqa başlamaqdan belə qəti şəkildə imtina edir. Biz geri qayıtmaq hüququmuza dair tələbimizin Ermənis­tanın ərazi bütövlüyünə xələl gətirməsi kimi qələmə verilməməli olduğunu ay­dın şəkildə bəyan etsək də, Ermənistan destruktiv yanaşmasını davam etdirir”.

Azərbaycan İcması sonda “Human Rights Watch” və “Amnesty Internatio­nal” təşkilatlarını “Sənədləşmə, möv­cudluq, monitorinq, hesabat, maarif­ləndirmə, ictimai kampaniyalar, vəkillik, təzyiq, hüquqi tədbirlər və qurbanları dəstəkləmək” kimi aksiyalarda fəal iş­tiraka çağırır: “Biz təşkilatınızın nü­mayəndələrini daha ədalətli gələcəyə doğru birgə işləməyə imkan yaradacaq əməkdaşlığa başlamaq imkanlarını araşdırmağa dəvət edirik. Sizin mü­daxilənizin Ermənistandan qovulmuş azərbaycanlıların məruz qaldıqları bö­yük haqsızlıqların aradan qaldırılma­sında və onların pozulmuş hüquqlarının bərpasında mühüm rol oynayacağına inanırıq”.

“Xalq qəzeti”

Siyasət