“Donos”un güdazına getmiş abidə

post-img

Gəncənin girəcəyində əlində piyalə tutan qız heykəli bir gecədə necə yoxa çıxdı?

 

Yaşlı və orta nəslin nümayəndələrinin yaxşı yadındadır. Gəncənin girəcəyində iki əli ilə tutduğu piyaləni, sanki, şəhərə daxil olan qonağa uzadan bir qız heykəli var idi. Əzəmətli bir abidə idi. Xalis alüminiumdan tökülmüşdü, çəkisi 8 tondan artıq idi. Lap uzaqdan diqqəti cəlb edir, hər yerdən görünürdü. Cavanlar yanında şəkil çəkdirir, yeni ailə quranlar, əsgərliyə yola düşənlər burada ayaq saxlayırdılar.

Amma 90-cı illərin əvvəllərində necə oldusa şəhərdə pıça-pıç düşdü və dedilər ki, abidəni götürmək istəyirlər. Biri dedi ki, bu qız erməniyə oxşayır. Bir başqası haray saldı ki, yuxarıdan baxanda xaçı xatırladır. Üçüncüsü də dodaq büzdü ki, əllərini qabağa uzadıb, sanki, dilənir...

Beləcə günlərin bir günü abidə yoxa çıxdı. Sökdülər, tonlarla alüminiumu da satıb üstündən su içdilər. Yerində bir müddət hündür postament qaldı.

Abidənin müəllifi, əslən Gəncədən olan Qorxmaz Sücəddinov o zaman şəhərə tez-tez gələrdi. Burada onun heykəl kompozisiyaları çox idi. Nizami Gəncəvinin mavzoleyi önündəki “Xəm­sə” kompleksi, “Qatır Məmməd” (heykəl sökülsə də indinin özündə də gəncəlilər həmin məkanı “Qatır Məmmədin yanı” adlandırırlar) və digər abidələr gəncəlilə­rin yaddaşına köçüb.

Bir dəfə təsadüfən rastlaşdım, hal-əhval tutdum. Soruşdum ki, “Qorx­maz müəllim, şəhərin girəcəyində olan piyaləli qız abidəsini niyə götürdülər?” Həmin an sifəti ciddiləşdi və bir qədər də sərt şəkildə “bəs bilmədiniz, atam kimi o da “donos”un qurbanı oldu”, – deyib uzaqlaşmaq istədi. Əl çəkmədim. And-aman elədi ki, abidəni necə götürüblər, heç kimin xəbəri olmayıb. Mən də sizin kimi sonradan eşitdim ki, “piyaləli qız” ara söhbətlərinin – donosun qurbanı olub. Sonra da izah etdi ki, atası Kənd Təsərrüfatı İnstitutunun torpaqşünaslıq kafedrasının professoru Tağı Əsgərbəyli 1937-ci ildə donos əsasında repressi­yaya uğramış və Sibirdə vəfat etmişdir. Yalnız Stalin öldükdən sonra ona bəraət verilmişdir. Dedi ki, nənəm “vətən xaini oğlu” damğası vurulacağından qorxaraq öz soyadını – “Sücəddinov”u mənə ver­miş və Bakıya gətirmişdir…

Gəncədə saysız-hesabsız heykə­lin müəllifi, Əməkdar rəssam, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Şərif Şərifovla söhbət edirəm. Deyir ki, “hər bir əsər heykəltə­raşın balasıdır. Onu qırmaq, uçurmaq, başqa yerə aparmaq cinayətdir, oğurluq­dur, varvarlıqdır. Bütün hallarda əsərin müəllifinə məlumat verilməli, vəziyyət izah edilməli, əsaslandırılmalıdır. Əslin­də, mənim də bir-iki əsərim zaman-za­man, necə deyərlər, repressiyanın, dedi-qodunun qurbanı olub. Gəncədə taksiyə əyləşirsən, deyirsən “sür əllərin dairəsinə”. Dairə durur, müəllifi olduğum “Fəhlə əlləri” abidəsini isə çoxdan söküb­lər. Niyə, nədən ötrü, bilən yoxdur”.

Tanınmış heykəltəraş düz deyir. İn­sanların sevdiyi, gözü öyrəşdiyi, yad­daşlarına köçdüyü hər bir sənət əsəri sökülməzdən əvvəl onun izahı verilməl­dir. Yoxsa “deyirlər ki...” ilə məsələ bitmir. Hər bir abidə, heykəl, büst, kompozisiya yaradıcılıq məhsuludur. Sən bir gecədə söküb-dağıtmaqla təkcə müəllifə deyil, öyrəşənlərə, hər gün oradan keçənlərə də hörmətsizlik edirsən. Bu, işin hələ mənəvi tərəfidir. Bəs maddi? Bəzən yüz min manatlarla, hətta daha çox vəsait xərclənir. 

“Qız əlində piyalə” abidəsi gözəl sənət nümunəsi idi. Azərbaycan xalqı­nın, Gəncənin qonaqpərvərliyinə, qadın gözəlliyinə bir işarə idi. Xalq rəssamı, 2010-cu ildə dünyasını dəyişmiş, Tür­kiyədə də adı hörmətlə çəkilən görkəmli heykəltəraş Qorxmaz Sücəddinovun do­ğulduğu şəhərə bir yadigarı idi. Nə yaxşı ki, gəncəli heykəltəraşın digər əsərləri bu gün şəhərdə var və onu sevə-sevə ziyarət edirlər...

Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri



Sosial həyat