Seyran Ohanyan bizdən şikayət edir

post-img

Məğlub ordunun qorxaq, fərari generalı gündəmə gəlmək üçün yeni yol tapıb

Dünya ermənilərinin Azərbaycanın Qarabağ iqtisadi rayonunun Rusiya sülhməramlı kontingentinin mü­vəqqəti məsuliyyəti altında olan hissəsində yaşayan haylarla bağlı başladıqları haray-həşir kampaniyası davam edir. 

Onlar dünən ABŞ-ın Los-Anceles şəhərindəki Azərbaycan baş konsullu­ğu qarşısında Laçın yolunun açılması (?) və “humanitar blokadaya son qoyul­ması” tələbi ilə etiraz aksiyası keçirib­lər. Aksiya iştirakçıları özləri ilə Qara­bağdakı qondarma rejimin bayraqları adlanan əski parçalarını da gətirib və müxtəlif şüarlar səsləndiriblər. Hayla­rın budəfəki kampaniyasının spektri genişdir. Oraya Ermənistanın hökumət və qeyri-hökumət qurumları, deputatla­rı, siyasi partiyaları, media subyektləri, ayrı-ayrı ictimai şəxsləri də daxildir.

Belələrindən biri də parlamentdəki müxalifətçi “Ermənistan” fraksiyasının rəhbəri Seyran Ohanyandır. O, bugünlər­də fraksiya adından bir sıra beynəlxalq strukturlara məktublar göndərərək, onları Azərbaycana təzyiq göstərməyə çağırıb. Həmin beynəlxalq strukturlara Avropa Şurası Parlament Assambleyasının, Av­ropa Parlamentinin, NATO Parlament Assambleyasının, ATƏT Parlament As­sambleyasının, MDB Parlamentlərarası Assambleyasının sədrləri, Parlamentlər-arası İttifaqın və Avronestin həmsədrləri daxildir.

S.Ohanyan Beynəlxalq Cinayət Məh­kəməsinin sabiq baş prokuroru Luis Mo­reno Okamponun Laçın yolu ilə bağlı yaranmış vəziyyəti qərəzli şəkildə soyqı­rımı kimi təqdim edən “ekspert rəyi”ni də təqdim edib. Okampoya isə “obyektiv qənaətinə” görə ayrıca təşəkkür məktu­bu ünvanlayıb. Ohanyan “blokada” nə­ticəsində yaranmış vəziyyətlə bağlı bir qədər də irəli gedərək ona yeni yalançı çalarlar əlavə edib. Qeyd edib ki, guya, insanlar çörək növbələrində huşunu itirir, qadınların hamiləliyinin vaxtından əvvəl sonlandırılması halları isə kəskin ar­tıb. Ohanyan bunu qida çatışmazlığı ilə əlaqələndirib.

***

S.Ohanyanın Azərbaycana və azər­baycanlılara son dərəcə barışmaz mü­nasibət bəslədiyi, qisas hissi ilə alışıb yandığı, revanşizmin “görkəmli nü­mayəndəsi” olduğu onun yazdığı hər sətirdən, seçib işlətdiyi sözlərdən bir daha bəlli olur. Halbuki, bu adam Birinci Qarabağ müharibəsi başlananadək azər­baycanlıların arasında yaşayıb. Belə ki, Ohanyan 1962-ci ildə Azərbaycanda – Qarabağın tacı Şuşada dünyaya gəlib. Onun atası Azərbaycan SSR-in erməni kənd məktəblərində dərs deyən goruslu müəllim olub. Anası isə Şuşa rayonu­nun Daşaltı kəndindəndir. Seyran doğu­landan sonra ailə Azərbaycan SSR-in Şamxor (indiki Şəmkir–S.H.) rayonunun Atabəy kəndinə köçüb. Ohanyan hazır­da Ermənistan ordusunun ehtiyatda olan general-polkovniki rütbəsindədir. Onun hərbçi karyerasına gedən yol isə yenə də Azərbaycandan başlayıb. Seyran (hətta onun adı da azərbaycanlı adıdır–S.H.) hərb sənətinin sirlərini 1979-1983-cü il­lərdə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbində öyrənib. Sonra Almaniya­da sovet qoşunlarının tərkibində xidmət edib. Cəmi 5 il sonra isə naxələf çıxaraq, çörəyini yeyib, suyunu içdiyi Azərbaycan əleyhinə fəaliyyətə başlayıb. O, 1988-ci ilin iyun ayından Xankəndidə dislokasiya olunmuş 366-cı motoatıcı alayın bölük komandiri kimi burada xidmətini davam etdirməyə başlayıb. 1989-cu ilin avqus­tundan alayın tabor (batalyon) komandi­rinin müavini, 1990-cı ilin sentyabrından isə 2-ci taborun komandiri olub. Ohanyan məhz 366-cı alayın mayor rütbəli tabor komandiri kimi Xocalı soyqırımının törə­dilməsində bilavasitə iştirak edib. Onun əli dinc, günahsız azərbaycanlıların qa­nına batıb.

Azərbaycanlıların əhatəsində böyü­yən, karyerasında yüksəliş əldə edən S.Ohanyanın heç bir şəxsi səbəb, inciklik olmadan sonradan bizə qənim kəsilməsi hayların hansı xislətdə olduqlarının bariz nümunəsidir. Ermənilərin azərbaycanlı­lara qarşı nifrətinin bu dərəcədə olması hamıda sual doğurur. Prezident İlham Əliyev 2021-ci il yanvarın 5-də Anar Kərimovu mədəniyyət naziri təyin olun­ması ilə əlaqədar videoformatda qəbul edərkən bu haqda deyib: “Şuşada Vaqif poeziya günləri bərpa edilməlidir. Vaqif poeziya günləri ənənəvi olaraq keçirilir­di. Yadımdadır, mən də atamla birlikdə Vaqif poeziya günlərində olmuşam. Vaqi­fin məqbərəsinin açılışında olmuşam, o qarlı-şaxtalı havada. İndi Vaqifin məq­bərəsini görəndə adamın ürəyi ağrıyır. Nə qədər vəhşilik ola bilər? Nə qədər qəddarlıq ola bilər? Özü də Azərbaycan xalqı axı, sizə nə edib? Sizə çörək verib. Azərbaycan xalqı sizə nə edib ki, ürəyi­nizdə bu qədər nifrət olsun? Şəhərləri dağıdırsınız, insanları didərgin salırsınız, tarixi abidələri sökürsünüz, nə məqsəd güdürsünüz? Elə hesab edirlər ki, bizim yaddaşımızdan silinəcək bu vəhşilik?”

***

S.Ohanyan 1992-ci ilin martında 366-cı alay Qarabağdan çıxarıldıqdan sonra separatçı rejimin “özünümüdafiə qüv­vələri”nə qoşulub. Həmin ilin mayında Şuşaya 4 istiqamətdən hücuma keçən dəstələrdən birinin komandiri olub. Onun fəaliyyəti Birinci Qarabağ müharibəsi bo­yunca davam edib. 1992-ci ilin sentyabr ayında Kəlbəcər rayonunun Çıldıran kən­di yaxınlığında ağır yaralanıb və ayağını itirib. Sonra karyerasını Ermənistanda davam etdirən Ohanyan 2008-2016-cı illərdə ölkənin müdafiə naziri olub.

Azərbaycan Ordusunun Vətən müha­ribəsindəki şanlı Zəfərinin müjdəçisi və hərb tariximizin parlaq səhifəsi olan Ap­rel döyüşləri zamanı S.Ohanyan müda­fiə naziri idi. Onun nazir olduğu ordunun ön xətdə qurub yaratdığı müdafiə xəttini Azərbaycan Ordusu bir neçə saatda ya­rıb keçdi. Beləliklə, Ohanyan hələ vəzifə­də ikən Azərbaycan Ordusunun gücünü görüb. Aprel döyüşlərindəki məğlubiyyət onun vəzifəsi ilə vidalaşmasına gətirib çıxarıb.

Buna baxmayaraq, o, İkinci Qarabağ müharibəsində əvvəlcə bilavasitə orduda könüllü, sonra isə “dqr başçısının mü­şaviri” kimi hərbi əməliyyatlarda iştirak edib. 2020-ci ilin noyabrında Şuşa uğ­runda gedən döyüşlərdə “dqr ordusu”nun komandirlərindən biri olub. Zənnimizcə, bu məqamda Prezident İlham Əliyevin 2021-ci il avqustun 16-da Kəlbəcər şəhə­rində dövlət bayrağımızı ucaltdıqdan sonra etdiyi çıxışdan iqtibas gətimək ye­rinə düşər: “Növbəti mif onların “sərkər­dələri” ilə bağlı idi. Guya, Ermənistanda elə görkəmli generallar, sərkərdələr var ki, onlar istənilən hərbi vəzifəni yerinə yetirə bilərlər. Biz gördük ki, onların ge­neralları oğrudurlar, “tuşenka” satandır­lar. Onların sərkərdələri də qorxaqdırlar, fəraridirlər. Xocalı cəlladları Köçaryan, Sarkisyan, Ohanyan müharibə zamanı Qarabağa soxulmuşdular, orada idilər. Amma görəndə ki, müzəffər Azərbaycan Ordusu öz torpaqlarını qəhrəmancasına azad edir, qaçdılar gizləndilər. Soruşmaq lazımdır onlardan, oradan nəyə görə çıxdılar? Onlar Xankəndidə idilər, üçü də. Niyə qaçmısınız? Niyə gizlənmisi­niz? Mən demişəm, bir daha deyirəm, o dəmir-dümürləri çıxarın, onları atın zibil yeşiyinə. Siz fərarisiniz, qorxaqsınız. Biz sizi məhv etmişik. Xocalı soyqırımında ən fəal rollardan birini oynayan keçmiş müdafiə naziri Şuşadan güclə canını qur­tardı, son anda canını qurtardı. Dovşan kimi qaçmışdılar. Biz onları məhv etmi­şik. Onların “qəhrəmanlarını”, “Artsax”, olmayan “Artsax” qəhrəmanlarını məhv etmişik. Onlar bu damğa ilə əbədi yaşa­yacaqlar. Fərarilər, satqınlar, cəlladlar, qorxaqlar – onlar ancaq əliyalın əhali ilə müharibə apara bilərlər. Necə ki, vaxtilə Xocalını işğal edəndə burada, demək olar ki, onlara müqavimət göstərən qüvvə yox idi, mülki vətəndaşlar idi...”

***

Ohanyanın adı ilə bağlı bir mif də “Ohanyan xətti” adlanan müdafiə xətti idi. Bu xətt 1994–2020-ci illərdə onun birba­şa rəhbərliyi altında qurulan və sonrakı dövrlərdə gücləndirilən müdafiə qurğuları sistemini özündə ehtiva edirdi. Qeyd etdi­yimiz kimi, Aprel döyüşləri zamanı bu xətt bir neçə istiqamətdən yarıldı. Vətən mü­haribəsi zamanı isə möhkəm fortifikasiya qurğuları darmadağın edildi. İndi həmin qurğuların bir hissəsi Bakıdakı Hərbi Qə­nimətlər Parkında nümayiş etdirilir.

İndi belə birisinin – fərarinin və qorxa­ğın Azərbaycanla bağlı hədyan danış­ması, hansısa ünvanlara danos yazması heç nəyi dəyişə bilməz. Azərbaycan qar­şıya qoyduğu məqsədlərinə doğru ad­dım-addım irəliləyir. Rəsmi Bakı Qarabağ ermənilərinin yenidən inteqrasiyasında qərarlıdır. Ohanyanın ordusunu diz çök­dürməyi bacaran Azərbaycan bu hədəfə də gec-tez mütləq nail olacaq.

Şair RAMALDANOV,
ehtiyatda olan polkovnik

– Ohanyan gündəmdə qalmaq, hansısa aktivlik fonu yaratmaq üçün vaxtaşırı müəyyən fikirlər söyləyir. Orada Nikol Paşinyan var və hər şeyi onun üstünə atmaq istəyirlər. Onlar indi özlərini məsuliyyətdən kə­narda hiss edirlər. Ancaq Ermənis­tan cəmiyyəti Ohanyanın vaxtında orduda hansı proseslərin getdiyini, korrupsiyanın nə dərəcədə, nazirin özünün nə işlərlə məşğul olduğunu yaxşı bilir. “Ohanyan xətti” adlanan müdafiə xəttinin yaradılması zama­nı külli miqdarda yeyinti hallarının olması barədə erməni mətbuatında dəfələrlə yazılıb. Bu, sistemli korrup­siya idi. Biz onların müdafiəsinin nə dərəcədə dayanıqlı olduğunu Vətən müharibəsi zamanı gördük.

Ohanyan hazırda “Ermənistan” fraksiyasının rəhbəri olaraq, siyasi oyunlara qatılıb. Yenə də Ermənis­tan xalqı, o cümlədən əsgəri qıraqda qalıb. Onlar bilməlidirlər ki, bu xalqın rifahı Azərbaycanla sülh müqavilə­sinin imzalanmasından sonra müm­kündür. Yalnız bundan sonra sosial problemlər içində boğulan erməni cəmiyyəti belə deyək, rahat nəfəs ala bilər. Biz görürük ki, Ohanyan kimilər yenə də xalqı deyil, öz po­pulyarlıqlarını, kürsülərini düşünür, populizmlə məşğul olur, cəmiyyə­ti yanlış istiqamətə yönəldirlər. Bu gün erməni anaları qorxu içindədir. Ermənistanın faciəsi 44 günlük mü­haribədən sonra da bitmir. Faciənin bitməməsi də belə şəxslərin ortada olmasının nəticəsidir.

Səxavət HƏMİD,
“Xalq qəzeti”



Siyasət